ELDAR MAHMUDOVUN HƏBSİNƏ HAZIRLIQ GEDİR! – Sabiq nazir özünə vəkil tutdu!

0
590

Eldar Mahmudovun nazir olduğu Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyətinə daxil olan bir qrup şəxs həbs edilsə də, sabiq nazirin özünün indiyədək azadlıqda qalması cəmiyyətdə birmənalı qarşılanmır.

Ancaq sabiq nazirin azadlıqda qalması isə deyəsən, uzun sürməyəcək. Belə ki, artıq həbsin bir addımlığına yaxınlaşan Eldar Mahmudov prosesual hüquqlarının müdafiəsi üçün özünə vəkil də tutub. Bu barədə məlumatı gununsesi.info saytı yayıb. Məlumata görə, Eldar Mahmudovun vəkili Ceyhun Yusifovdur. Məlumatda bildirilir ki, artıq vəkil istintaq prosesinə qoşulub.

Ceyhun Yusifov isə məlumatı nə təsdiq, nə də təkzib edib. Vəkil bu barədə ona sual verilməməsini xahiş edərək telefonu qapadıb.

Eldar Mahmudovun özünə vəkil tutması artıq keçmiş nazirin də həbsilə bağlı qərarın olduğunu deməyə əsas verir. “Azadlıq” hələ ötən saylarında məlumat vermişdi ki, istintaqda Eldar Mahmudovun əleyhinə ifadələr var. Bu ifadələrdə ictimaiyyətə məlum olmayan dəhşətli faktlar yer alır. Bu da Eldar Mahmudovun məsuliyyətdən kənarda qalmasını mümkünsüz edir. Görünür, artıq hakimiyyət də bunun fərqindədir.

Eldar Mahmudovun indiyə qədər həbs edilməməsinin səbəbləri ilə bağlı çoxsaylı mülahizələr var. Bu sırada Eldar Mahmudovun əlində ciddi kompramatların olması ilk yeri tutur. Bəzi ekspertlər hesab edir ki, keçmiş nazir hakimiyyəti əlindəki kompramatlarla şantaj edir. Təsadüfi deyil ki, bir müddət əvvəl Eldar Mahmudovun əlində ölkənin tanınmış şəxsləri və məmurlar barəsində 2800 ədəd intim videonun olması barədə məlumat yayıldı. Ekspertlər bunun Eldar Mahmudovun şantajı kimi qiymətləndirdi. Hətta iddia olundu ki, bu videolardan bəziləri yayıla bilər. Bu məlumatdan sonra isə Eldar Mahmudovun ölüm xəbəri yayıldı. Bu isə qarşı tərəfin dövriyyəyə buraxıdığı məlumat kimi dəyərləndirildi. Rəsmi qurumların məlumata heç bir reaksiya verməməsi bu ehtimalı bir qədər də gücləndirdi. Ekspertlər hesab edirdi ki, hakimiyyət bu məlumatı dövriyyəyə buraxmaqla Eldar Mahmudovun “minalarının” yerini müəyyənləşdirməyə çalışır. Bundan başqa “Azadlıq” məlumat yaymışdı ki, Eldar Mahmudovun şantaj hədəsinə cavab olaraq ona qarşı vətənə xəyanət ittihamı irəli sürülməsi barədə plan var. Bütün bunlar onu göstərirdi ki, hakimiyyət narahat olsa da, Eldar Mahmudovun qarşısında geri çəkilmək niyyətində deyil. Görünür, artıq Eldar Mahmudov da bunun fərqindədir. O, istənilən halda həbs olunacağını başa düşür və ona görə də artıq müdafiə olunmaq üçün vəkil tutub.

BIR CAVAB BURAXIN