“Ehsan və səs-küylü dəfn istəmirəm” – Ömrünü yoxsulluqla başa vuran Şıxlinskinin VƏSİYYƏTİ  

0
596
1943-cü ilin isti avqustu… Bir zamanlar bütün Qafqazın, Çar Rusiyasının, hətta az qala, dünyanın yarısının tanıdığı əfsanəvi general son nəfəslərini yaşamaqdadır. Həyat yoldaşı Nigar xanımdan sonra onsuz da yaşamaq istəmirdi. Lakin yarıcan halda 12 il yaşayır və dünya tarixinin bəlkə də, ən ağır ilində – müharibənin tüğyan etdiyi 1943-cü ildə Bakı kənarındakı kiçik bir evdə vəfat edir. Övladı olmamışdı. Sevimli arvadına da “xəyanət” edib, başqası ilə evlənməmişdi. Odur ki, ölümündən bir neçə il əvvəl yazdığı vəsiyyətnamədə olan “əmlak”ını cəmi iki nəfərə vəsiyyət edir: onu müalicə edən həkiminə və onun xanımına…

Bu vəsiyyəti (əslində, bir neçə cümləlik sözləri) bir neçə dəfə yazdı. Hər dəfə də çoxdan gözlədiyi ölümünə yaxınlaşdığını hiss etdi. Amma son dayanacaq 1943-cü il idi….

Əfsanəvi general, dünyanın ən güclü artilerriya mütəxəssislərindən olan general Əliağa Şıxlinskinin vəsiyyətində şərəfli zabitin ömür yolunu və ömrünün acı sonun var…

 

“Mənim ölümümdən sonra, əmlakımdan nə qalarsa: mebel, qab-qacaq, geyim şeyləri və başqa əşyalar, eləcə də qalmış nəğd pul məbləğini – həyatımın kimsəsiz illərində mənə qayğı göstərmiş həkim Bahadır Qayıbova və onun arvadı Qayıbovaya vəsiyyət edirəm”.

 

“Yazılanları öz şəxsi imzamla təsdiq edirəm. 30 oktyabr 1933-cü il”.  

 

“Əziz Bahadır və Varya! Əgər tale mənim bu sevincsiz həyatımı uzun müddət davam etdirərsə, onda mənim “əmlakım” mənim dəfn olunma və ən sadə qəbr daşı qoyulma xərclərinə belə, bəs etməz, bu halda mənim vəsiyyətim gülünc hal almış olar. Lakin, ona əvəz olaraq, unudulmaz həyat yoldaşım Nigar xanımın vəfatından sonra, siz məni hərtərəfli qayğı ilə əhatə edərək, onsuz yaşadığım günləri mənim üçün mümkün və dözümlü etdiyinizə görə, mənim Sizə qarşı olan minnətdarlığımın həddi-hüdudu yoxdur. Bu qəni minnətdarlığı mən özümlə qəbr evinə aparacağam. Sizin mənə qarşı mərhəmətinizə görə Allah Sizdən razı olsun”.

“Sizi sevən Əliağa Şıxlinski. Bakı, 3 yanvar 1938-ci il”.

 

“Vəsiyyətnamə yazılarkən, mənim bəzi qiymətli şeylərim var idi ki, onlar Bahadır və Varyanın mənə göstərdikləri qayğı və mənəvi köməklikdən əlavə, maddi yardımlarını qismən ödəyə bilərdi. Lakin mən gözlənildiyindən də artıq yaşadım, satmalı nə vardısa, satıb xərclədim və bununla da vəsiyyətnamə öz mənasını itirmiş oldu. Əgər evdə qalmış əşyaların dəyəri dəfn mərasiminə və sadə qəbr daşına kifayət edərsə, ona da şükür. Heç bir ehsan və elan lazım deyil. Qohumlara telefon vasitəsilə, telefon yoxsa, məktubla xəbər vermək olar.

Qəbir daşı yalnız onun üçündür ki, mənim adım unudulmaz həyat yoldaşım Nigar xanımın adı ilə yanaşı yazılsın”.

 


“Son ricam…”

“1. Əgər mən yataqda qalası xəstə olsam, məni xəstəxanaya göndərin;

2. Əgər xəstəxanada ölsəm, nəşimi evə yox, xəstəxanadan qəbiristanlığa aparın;

3. Qəzetdə elan verməyin;

4. Dəfnetmə xərclərinin az olmasına çalışın. Yorğan ağına bükülmüş cəsədi rənglənməmiş, üstünə ağkilim salınmış tabuta qoyun;

5. Heç bir ehsan verməyin, bunu etmək həmişə gərəksizdir, müasir çətinlikləri nəzərə alsaq isə qəbahətdir.

6. Mənə əziz olan Nigar xanımın qəbri ilə yanaşı qəbri yastı tava daşı ilə örtüb, üstünə yazarsınız: Əliağa Şıxlinski – heç bir tarix lazım deyil.

7. Nə tabutun içinə, nə də tabutun üstünə bir dənə də olsun gül qoyulmasın”.

 

 

Əliağa Şıxlinski 1943-cü il avqustun 18-də indiki Musa Nağıyev adına xəstəxanada kardiosklerozdan vəfat etdi. Amma ömrünün sonundakı nigarançılığı əbəs idi. Çünki onun dəfnini tanınmış alim, sonradan intihar edən filosof Heydər Hüseynov öz üzərinə götürdü və generalı son iztirabdan bu cür xilas etdi….Elmin Nuri.modern.az

Qeyd: Yazıda hərb tarixçisi Şəmistan Nəzirlinin Əliağa Şıxlinskiyə həsr etdiyi monoqrafiyadan istifadə olunub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eleven + seven =