Rusiyada deputatlığa namizəd olan azərbaycanlı qadın danışdı

0
555

O, Rusiyadakı Azərbaycan diasporu üzvləri arasında ilk qadın deputatlığa namizəddir. Seçkilərdə qalib gəlsə, Azərbaycan diasporu tarixində ilk qadın deputat olacaq Səadət Qarayeva. Neçə ildir Krasnoyarskda yaşayır. Xəzər Universitetini bitirib, ixtisasca hüquqşünasdır. Ailə həyatı qurandan sonra Sibirə köçüb. Həyat yoldaşı Ələkbər Krasnoyarskda tanınmış vəkildir. Elə özü də hazırda bu şəhərdə hüquqşünas kimi fəaliyyət göstərir.

Lent.az-a danışan Səadət xanımın dediyinə görə, namizədliyini Ümumrusiya Qadın Dialoqu Partiyasından verib. Partiyanın sədri Yelena Serebryakova da onun namizədliyini dəstəkləyib.

– Yelena xanım mənim namizədliyimi dəstəklədi və görüşmək üçün Krasnoyarska da gəldi. Artıq bu siyasi partiya və onunla müttəfiq olan siyasi qurumlar mənim namizədliyimi dəstəkləmək üçün bir araya gəlib. Ümid edirəm ki, bu seçki marafonundan qalib çıxacam.

Əslində, bunun üçün bütün şanslar var. Sizə bir məqamı deyim. Krasnoyarskdakı Azərbaycan icmasını Rusiyanın digər regionlarından fərqləndirən əsas cəhət diasporada heç bir parçalanmanın, qarşıdurmanın, umu-küsünün olmamasıdır. Bu məsələdə Azərbaycan Milli Mədəni Muxtariyyatının sədri Taleh Mahmudovun rolunu da xüsusi qeyd etmək istərdim.

Hazırda Krasnoyarskda 60 mindən çox azərbaycanlı yaşayır. Onların, habelə digər diaspora qurumlarının dəstəyinə ümidliyəm.

Nəyə görə bu qənaətdə olduğumu da deyim. Seçkilərə namizədliyimlə bağlı razılıq verdikdən sonra Krasnoyarsk şəhərinin əksər yerlərində şəklim olan bannerlər yerləşdirildi. İnanın, hər gün elektron ünvanıma 300-400 məktub gəlir. Hamı öz köməyini təklif edir. Hətta tanımadığım insanlar belə yaxınlaşır və dəstək olduqlarını bildirirlər. Əksər türkdilli diaspor qurumları, habelə Tacikistan, Dağıstan və s. diasporların da rəhbərləri, nümayəndələri öz köməklərini təklif edir, sonacan dəstəkləyəcəklərini bildirilər. Təbii ki, namizədliyimi irəli sürən Qadın Dialoqu Partiyasının rolunu da xüsusi qeyd etməliyəm.

Seçkiqabığı platformasından danışan Səadət xanım deyir ki, bu sırada regionda olan bir sıra problemlərin həllinə çalışacaq: “Krasnoyarskın ekoloji durumu, səhiyyə və sosial sferalarda çoxlu çatışmazlıqlar, aztəminatlı ailələrlə bağlı problemləri xüsusi qeyd edərdim. Həm bir ana, həm ictimai fəal, həm də Qadın Dialoqu Partiyasının nümayəndəsi olaraq bugünkü mövcud olan problemləri hiss edirəm və bununla mübarizə aparmaq niyyətindəyəm”.

Deputatlığa namizədin dediyinə görə, Krasnoyarsk şəhərində keçirilən əksər tədbirlərdə Azərbaycanı ən yüksək səviyyədə təmsil edilir: “”Bizim “Odlar yurdu” rəqs ansamblına dövlət xalq ansamblı statusu verilib. Azərbaycan məktəbləri açmışıq, “Neftçi” futbol komandamız var. “KVN” yarışmalarında liderik. Bir sözlə, Krasnoyarskda elə bir mədəni, kütləvi tədbir yoxdu ki, orada iştirak etməyək. Düzünü desəm, hazırda Krasnoyarskda iştirak etdiyimiz bütün sahələrdə – elmi, mədəni, idman fərq etməz – ancaq birincilik üçün çalışırıq. Bunu şəhər rəhbərliyi də bilir, Krasnoyarsk diyarının qubernatorluğu da”.

Səadət Qarayevanın dediyinə görə, seçkiqabağı təbliğat iki-üç ay olur: “Əgər buna qədər cəmiyyətdə etimad qazanmamısansa, sonrası gecdir. Həm həyat yoldaşım, həm də özüm ictimai, xeyriyyə işləri ilə aktiv məşğuluq. Yerli hakimiyyət tərəfindən fəxri fərman, diplomlara layiq görülmüşük. Güman edirəm ki, bir ictimai fəal kimi seçicilərin etimadını doğruldacağam”.

BIR CAVAB BURAXIN