Duşan Popov – ikiqat casus

0
676

 

Tarixboyu elə casuslar olub ki, onlar həyatlarını risq altında qoyaraq hər iki tərəfə işləyiblər. Onların bəziləri bunu pul, bəziləri isə vətənə olan sevgilərindən ediblər. Qədimlərdən başlamış günümzə kimi ikili casuslar müəyyən sirlərin əldə edilməsində və qarşı tərəfin çaş-baş salınmasında önəmli rol oynayıblar. Xüsusi ilə I və II Dünya, həmçinin soyuq müharibələr dövründə ikili agentlərin düşmən üzərində qələbədə özlərinə məxsus rolu olub. Günümüzdə isə ikili casuslardan müxtəlif ölkələrin xüsusi xidmət orqanları terrorçu təşkilatların idarə edilməsində, onların nəzarət altında saxlanılmasında və müəyyən hədəflərə yönəldilməsində istifadə edirlər. Təbii ki, bu olduqca risqli iş olsa da müəyyən məqsədlər naminə bununla bağlı bütün təhlükələri göz altına alaraq hər an ölümə getməyə hazır olanlar tapılır. İkili casusların təhlükəli və macəra dolu həyatları bir çox yazıçıların qəhrəmanları üçün real prototiplər olublar. Onlardan biri də məşhur agent Ceyms Bondun (“Casus 007” prototipi olan ikili casus Duşan Popovdur. 1912-ci ildə o vaxtkı Avstriya- Macarıstan imperiyasına daxil olan Serbiyada varlı ailədə anadan olan Duşan Popov uşaqlıqdan almanlara nifrət ruhunda böyümüşdü. Amma o bunu hər vəchlə gizlədir və almanlara olan nifrətini biruzə vermirdi. Alman dilində sərbəst danışan Duşan Popovun ailəsi Dubrovnikə köçdükdən sonra o, orta təhsilini tamamladı. Sonra istedadlı gənc Almaniyadakı Frayburq universitetində ali təhsil aldı. Hənin dövrdə Almaniyada nasizm çiçəklənməkdə idi. Təbii ki, nasistlərin irqçi hərəkətləri Duşanın xoşuna gəlmirdi. Bununla belə onun nasistlər arasında çoxlu dostları vardı. Onlardan biri, tələbə dostu İoqann Cebsen Duşana Almaniya gizli kəşfiyyatına işləməyi təklif etdi. O fikirləşmədən Cebsenin bu təklifini qəbul etdi. Çünki almanlara nifrət Duşanı onların sirrini öyrənməyə və bundan onlara qarşı istifadə etməyə sövq edirdi. Duşan bu barədə yubanmadan Belqraddakı Böyük Britaniya səfirliyinə məlumat verdi. Dərhal onu Böyük Britaniyanın Mİ-6 kəşfiyyatının əməkdaşları ilə görüşdürdülər. Amma ingilis kəşfiyyatı uzun müddət Duşan Popovun belə asanlıqla almanları satmasına inammaq istəmir və bunun qarşı tərəfin təxribatı ola biləcəyini düşünürdülər. Nəhayət uzun yoxlamalardan sonra Duşan Popovun yalan danışmadığı üzə çıxdı. Dərhal da Mİ-6 Popovdan ikili casus kimi istifadə etmək qərarına gəldi. Bu məqsədlə Popov üçün neytral ölkə kimi Portuqaliyanı seçdilər. Həmin vaxt da Popov MI-6-nın əməkdaşı Fleminqlə tanış oldu. Onların bu tanışlığı isə sonralar məhz Fleminq tərəfindən “Agent 007”-nin yazılmasına və Popovun simasında Ceyms Bondu məşhurlaşdırmasına gətirib çıxardı. Həmin dövrdə Portuqaliyanın paytaxtı Lissabon sözün əsl mənasında müxtəlif ölkələrin kəşfiyyatçıları üçün qızıl mərkəzə çevrilmişdi. Lissabonda məşhur casus Karstov Popova gizli əlaqələrdən necə istifadə etməyi öyrətdi və onu gizli kameralarla işləməyi, o cümlədən katibəsinə kazino qadınları vasitəsi ilə kəşfiyyat məlumatlarını ötürməyi öyrətdi. Buna da səbəb Popovun qadın düşkünü olması idi. Karstov məhz bu amildən bacarıqla yararlanmağı Duşana tövsiyə etmişdi. Eyni zamanda Popov həmin dövrdə Abverə də işləyir və Böyük Britaniyanın hərbi gücü, texnikası barədə öncədən hazırlanan saxta məlumatlar ötürürdü. Alman kəşfiyyatının bu məlumatların doğru olub-olmadığını yoxlayacağını bilən Mİ-6 saxta məlumatlar əsasında “gizli” hərbi obyektlər”in yeri, orada xidmət edən əsgər və zabitlər barədə təsəvvir formalaşdırırdı.

Popov həmin dövrdə Mİ-6-da SSRİ-yə işləyən məşhur casus Kim Filbiyə tabe idi. Filbi ona “Tricycle” ləqəbi vermişdi. İstənilən kəşfiyyat tapşırığını asanlıqla yerinə yetirməyi bacaran Popov həm də kazino aludəçisi idi. Almanlardan aldığı 50 min dolları pulu Popovun kazinoda necə gəldi xərcləməsinin şahidi olan Fleminq heyrətə düşmüşdü. Məşhur yazıçı “Kazino Royal” romanını da məhz Popovun Portuqaliyadakı kazinolardakı həyatından yazmışdı. Həmin vaxt almanlar Popovu ABŞ-a göndərmək istəyirdilər və bu məqsədlə ona 80 min dollar (indiki pulla 700 min dollar) vermişdilər. Fleminqin onu daim nəzarəti altında saxladığını bilən Popov izləyicisini əsəbiləşdirmək üçün bu pulları kazinoda qumarda qoydu. Fleminqin bundan əsəbiləşməsinə və rənginin bir andaca hirsindən göyərməsinə baxmayaraq Popov birdən-birə 50 min dolları oyun masasına atmışdı. O uduzacağını və qarşısındakının kazinonun muzdlu oyunçusu, soyğunçusu olduğunu bildiyi halda buna fikir vermədi. Qəfildən o: “Sənin bu günə kimi kim olduğunu yaxşı bilirəm”,- deyərək ortada olan 100 min dolları götürdü. Sonra da ondan bu barədə şefinə məlumat verməsini tələb etdi. Bir sözlə o vəziyyətdən məharətlə çıxış yolu tapdı. 1941-ci ildə Abverin tapşırığı əsasında Amerikaya gələn Popov dərhal Federal Təhlükəsilik Xidmətinin əməkdaşları ilə əlaqə saxladı və özünün kim olduğu barədə onlara məlumat verdi. Həmin dövrdə Yaponiya ABŞ-ın Sakit okeandakı Perl- Harbor bazazına hücum etməyə hazırlaşırdı. Popov bu barədə Federal Təhqiqat Xidmətinə məlumat verdi və faktları onların qabağına qoydu. Amma hansısa səbəblərdən Federal Təhqiqat Xidmətinin rəhbəri bu məlumatı öz rəhbərinə çatdırmadı. İş orasındadır ki, Quver Popova inanmırdı və onun dediklərinə şübhə ilə yanaşırdı. Popov ona Mİ-6-nın casusu olduğunu söylədi və dərhal ingilis kəşfiyyatı ilə əlaqə yaradıldı. Onlar da Popoıvun dediklərini təkrar etdilər. Amma bütün hallarda Quver Popova inanmırdı. Nyu-Yorkda Popov yenə də kazino oyunlarını davam etdirdi. O Abverin pulu hesabına özünə kabriolet aldı, 12 min dollar kirayə ilə dəbədəbəli villada yaşamağa başladı. Eyni zamanda o alman kəşfiyyatına yalan məlumatlar ötürməkdə davam edirdi. 1944-cü ildə Almaniya kəşfiyyatı Popovdan şübhələnərək onun yaxın dostu, eyni zamanda ikili casus olan İoqan Cebseni həbs etdi. Mİ-6 işgəncələrə dözməyərək Cebsenin dərhal Popovu ələ verəcəyindən ehtiyat edərək bir müddət sonuncunun fəaiyyətinə qadağa qoydu. Bununla belə sonralar da Mİ-6 Duşan Popovdan ikili casus kimi ikili oyunlarda istifadə etdi. Amerikada ikili casus kimi çalışdığı dövrlərdə bu ölkə Popovun çox xoşuna gəlmişdi. Ona görə də Popov soyuq müharibə dövründə Amerikada qalaraq orada yaşamağa üstünlük verdi. İkili casus kimi kifayət qədər yaxşı qazanan Duşan Popov Amerikada da da dəbdəbəli həyat tərzindən əl çəkmədi. O həmin dövrdə məşhur fransız aktrisası Simona Saymonla uzun müddət mülki nikahda yaşadı. 1974-cü ildə Popov casusluq fəaliyyəti ilə bağlı memuarlarını dərc etdirdi. Vaxtı ilə Mİ-6-nın tapşırığı ilə Popovu daim nəzarət altında saxlayan Yan Fleminq bu memuarlardan da istifadə etməklə məşhur kəşfiyyatçı Ceyms Bond obrazını yaratdı. Fleminq dəfələrlə yazmışdı ki, Bond elə Popovun özüdür. Hətta 26- 007 də Popovun doğma evindəki telefonudur. Onu da deyək ki, Popovun rəsmi nikahdan 3 övladı olub. Bir vaxtlar Almaniyanı barmağına dolayaraq ikili casus rolunu məharətlə oynayan Popov 1981-ci ildə 69 yaşında ikən ABŞ-da dünyasını dəyişdi. Amma bu günə kimi də o dünyanın ən məşhur ikili casuslarından biri olaraq qalmaqda davam edir.

 

Əziz Mustafa

BIR CAVAB BURAXIN