Dünyanın sevdiyi bu rübai əslində kimindir?

0
666

Ədəbiyyatdakı rolu, xidməti, yeri, ədəbi təsiri ilə müasirlərinə və xələflərinə istinad nöqtəsi olmuş Mövlana Cəlaləddin Rumi təkcə Şərq aləminin deyil, eyni zamanda, Qərb dünyasının güclü nüfuza malik mütəfəkkirlərindəndir. Başqa sözlə, ümumbəşəri düşünürlərdən olan Mövlananın heç bir reklama ehtiyacı yoxdur. Bu yazımızda kiminsə yanlışlığı ucbatından Mövlananın adına çıxılan bir rübai və onun əsl müəllifi haqqında fikir bilmək istəyirik. Hər yerdə, hətta Konyada, “Yaşıl türbə”nin giriş qapısında da bu dördlük Mövlananın imiş kimi təqdim olunur:

Gel, gel, ne olursan ol yine gel,
İster kafir, ister mecusi, ister puta tapan ol, yine gel.
Bizim dergahımız, ümitsizlik dergahı değildir,
Yüz kere tövbeni bozmuş olsan da yine gel…

Əslində isə bu rübai 967— 1049-cu illərdə yaşamış məşhur sufi şair türk əsilli şeyx Əbu Səid Fəzlullah ibn Əbülxeyr Əhməd bin Məhəmmədə aiddir. Türkmənistanın paytaxtı Aşqabaddan təqribən 150 km uzaqlıqda yerləşən Mihnə kəndində dünyaya gələn, elə orada da əbədiyyətə qovuşan şeyx Əbu Səid erkən yaşlarından oxuma-yazma öyrənmiş, məqsədyönlü və ardıcıl şəkildə öz dövrünün məşhurlarının əsərlərini tam ciddiyyəti ilə mənimsəməyə başlamışdır. Dünya nemətlərindən qaçan, ancaq ölməmək üçün qidalanan, əyləncəni özünə haram bilən Əbu Səidin ali məqsədi “Fəna fi’l-Lah” mərtəbəsinə yüksəlmək idi. Ürəyi gecə- gündüz “Onda yox olmaq” dərəcəsinə çatmaq həsrəti ilə çırpınmışdır. 1207- 1273-cü illərdə ömür sürmüş Mövlana da daxil olmaqla çox şairə rahnüma olmuş Əbu Səid İranda bəzən Rudəki (940- 981) ilə Ömər Xəyyamı (1048- 1131) birləşdirən bir körpü olaraq da dəyərləndirilir. Əbu Səid Əbulxeyrin Mövlanaya aid edilən rubaisinin əsli bələdir:

بازآ بازآ هر آنچه هستی بازآ Baz a, baz a, hər ançe həsti, baz a (Dön gəl, dön gəl, hər nə olsan da dön gəl)
گر كافرو گبروبت پرستی بازآ Gər kafər o gəbr o botpərəsti baz a- (Gər kafir, atəşpərəst və bütpərəstsənsə də, dön gəl)
این درگه ما درگه نومیدی نیست İn dərgəh-e ma dərgəh- e noomidi nist (Bizim bu dərgah ümidsizlik dərgahı deyil)
صد بار اگر توبه شكستی باز آ Səd bar əgər tobe şekəsti baz a- (Yüz dəfə tövbəni pozsan da dön gəl)

Əruz vəzninin müzare bəhrində ( məf’ulu failatu məf’ailu failin ölçüsündə ) olan bu rübaini Əbu Səid Əbulxeyr Qurani- kərimin “Zümər” surəsinin 54-cü ayəsindəki “ وَأَنِيبُوا إِلَى رَبِّكُمْ وَأَسْلِمُوا لَهُ“ -Və ənibu ilə Rəbbikum və əslimu ləhu- Rəbbinizə dönün və Ona təslim olun- hökmündən təsirlənərək yazmışdır. Müfəssirlərin düşüncəsinə görə, “biz bütə sitayiş etmiş, günahsız adamları öldürmüş, halal-haram bilməmişik, ALLAHa qarşı çıxmışıq; bizə nicat yox” düşüncəsində olan müşriklərlə danışan Rəsulillaha Haqdan bu ayə nazil olmuşdur. Fars dilində olan “باز آ”- Baz a- باز آمدن -Baz amədən- feilinin əmr şəklidir. “Baz amədən” sözünün yayğın mənası “geri gəlmək, qayıtmaq”dır. Lakin arxaik zamanda “baz amədən” sözü həm də “peşman olmaq”, “tövbə etmək”, “yanlış hərəkətdən uzaqlaşmaq” mənaları da ifadə etmişdir. Fars dilində çox mühüm qaynaq sayılan Dehxoda lüğətində həmin söz bu şəkildə də açıqlanmışdır:

بازآمدن – || پشیمان شدن . (ناظم الاطباء). بمعنی توبه کردن مجاز است . (آنندراج ) (ارمغان آصفی ). انابت کردن . ندامت . عود. بازآمدن از مذهبی ، یا طریقه ای . ارتداد. ترک گفتن

Göründüyü kimi, Əbu Səid Əbulxeyrin rübaisi tərcümə edilərkən iki yanlışlığa yol verilmişdir. “Baz a” sözünü “yenə gəl” kimi çevirmək doğru deyil. Əbu Səid “yanlış əməllərindən əl çək, zəlalətdən dön gəl, zındıqlıqdan, fasiqlikdən qurtul gəl, Haqqa dön gəl” mənasında “Baz a” buyurmuşdur. “Yenə gəl” dedikdə isə o məna hiss olunmur; əksinə, “öz əməllərindən əl çəkməsən də, gəbr, kafir, moltanı olsan da, fisqü fücu işlərini davam etdirsən də yenə gəl” mənası anlaşılır. Digər yanlışlıq isə, mənası təhrif olunaraq Mövlananın adına çıxılan dörtlük, birbaşa Mevləvilik konsepsiyasını təkzib edir. Məşhur alman şərqşünası K. H. Ettenin fikrinə görə, Əbu Səid “İbn Sinanın ( 980— 1037) bildiklərini görmüş şəxsiyyət”dir. Şeyx Əbu Səidin təsəvvüfi görüşləri vəfatından sonra nəvəsi Muhəmməd bin Munəvvər tərəfindən “Əsrari- tohid” adı ilə nəşr olunmuşdur. Öz fəlsəfi fikirlərini, lazım gəldikdə, rübai biçimində qısa və lakonik şəkildə poetikləşdirməyi ustalıqla bacaran şeyx Əbu Səidin düşüncəsinə ilahi eşq hakim kəsilmişdir. Onun yaradıcılığının məğzini cəbərrut aləminin tək, şəriksiz, məkansız, zamansız ilahi qüdrət sahibinə olan sonsuz sayqı və sevgi təşkil edir:

من بی تو دمی قرار نتوانم کرد
احسان ترا شمار نتوانم کرد
گر برسر من زبان شود هر مویی
یک شکر تو از هزار نتوانم کرد

(Sənsiz əsla qərar tuta bilmərəm, Nemətini sayıb sona çata bilmərəm. Başımdakı tüklər dil olsa əgər, mində birinin şükrünü yetirə bilmərəm.). Ümumiyyətlə, bütün təsəvvüf şairlərində olduğu kimi, şeyx Əbu Səid Əbulxeyrdə də “hər şey Onda ( ALLAHda) və külli-aləm- Cəbərrut, Lahut, Mələkut, Nasut- cəmadat, nəbatat və heyvanat- Ondandır. On səkkiz min aləm toplamda Onun zərrəsidir. Əbədiyyətə qovuşa bilmək üçün Onda yox olub Onda qalmağı bacarmaq lazımdır. Bunun iki yolu var: eşq və irfan. Eşq -aşiqlərin, irfan-ariflərin yoludur. İlahi varlığa eşqlə qovuşmaq daha gerçək yoldur. Elm yolu ilə gedənlərin əksəriyyəti sonda hər işdə bir məntiq axtardıqlarından, mümkün olanı mümkünsüz sayıb imansızlıqdan İblisin yardımçılarına çevrilir. İnsanın insana olan eşqi də bir olan ALLAHa olan eşqin təzahürüdür. “Hub” kökündən gələn “eşq” suyun qaynaması zamanı yaranan “hubab”- qabarcıq- kimidir. Eşq- insan qəlbinin coşub qaynaması, “təbəxxür edib”-buxarlanıb- fəzaya yüksəlməsi üçün bir vasitədir. Eşq-məqsəd deyildir. Əbu Səid eşqdən yanıb kül ola bilənləri, küldən ehya olub yenidən canlanan əfsanəvi Səməndərə bənzədir.

دیشب که دلم ز تاب هجران می‌سوخت
اشکم همه در دیدهٔ گریان می‌سوخت
می‌سوختم آن چنان‌که غیر از دل تو
بر من دل کافر و مسلمان می‌سوخت.

(Dünən gecə qəlbim sənin hicranın atəşindən yandı. Göz yaşlarım bəbəklərimdə tamam qurudu. O qədər tutuşdum ki, bütün kafirlərin və müsəlmanların ürəyi, sənin ürəyin xaric, mənim halıma yandı.)
Təəssüf ki, Qərb dünyasında Şərqin Sokratı kimi məşhur olan şeyx Əbu Səid Əbulxeyri Azərbaycanda çox az adam tanıyır.

Professor Ramazan Siracoğlu

Modern.az

 

BIR CAVAB BURAXIN