Dünya Çempionatının azərbaycanlı oğlanı

0
611
SAINT PETERSBURG, RUSSIA - JUNE 15: Karim Ansarifard of Iran celebrates victory after the 2018 FIFA World Cup Russia Group B match between Morocco and Iran at Saint Petersburg Stadium on June 15, 2018 in Saint Petersburg, Russia. (Photo by Simon Stacpoole/Offside/Getty Images)

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatında İran milli komandasının ilk turdakı qələbəsi qonşu ölkədə böyük coşqu yaradıb.

B qrupunda Mərakeş üzərindəki 1:0 hesablı qələbə İranı dörd komandanın liderinə çevirib. Çünki bu qrupda Portuqaliya – İspaniya qarşılaşması 3:3 hesabı ilə başa çatıb.

Yazıda İran milli komandasından söz açmağımız təsadüf deyil. Çünki bu ölkənin yığmasında bir Azərbaycan əsilli futbolçu da var – Kərim Ənsarifərd.

Doğrudur Rusiya millisinin heyətində də Aleksandr Səmədov kimi Azərbaycan əsilli futbolçu var, amma onunla müqayisədə İran yığması ilə Dünya Çempionatına gedən Kərim Ənsarifərd haqqında çox şey bilmirik.

Məlumdur ki, İranda 30 milyondan çox azərbaycanlı yaşayır. Zaman-zaman Azərbaycan türkləri arasından çıxmış məşhur futbolçular İranın futbol tarixində silinməz izlər qoyublar. Elə təkcə İran futbol tarixinin yaxın illərdəki əfsanəsi – azərbaycanlı Əli Daei, eləcə də Kərim Bagiri  unudulmayıb.

Bu gün İran millisində Əli Daeinin yolunu davam etdirən Kərim Ənsarifərd də onun kimi əslən Güney Azərbaycanın Ərdəbil şəhərindəndir. Elə İranda da onu Əli Daeninin davamçısı adlandırırlar.

Modern.az-ın məlumatına görə, Kərim Ənsarifərd 1990-cı il aprelin 3-də Ərdəbildə, azərbaycanlı ailəsində dünyaya gəlib. Kərim lap kiçik yaşlarından İranda futbol məktəbinə yazılıb. 5 il bu məktəbdə futbolun sirlərinə yiyələnən soydaşımız 2005-ci ildə doğma Ərdəbil şəhərinin “Zob Ahan” klubunun heyətinə götürülüb. Bir ildən sonra – 2006-cı ildə o, məşhur Əli Daeinin çalışdırdığı “Saypa” komandasına alınıb. Belə ki, Əli Daei həmin il Ərdəbilə gələrək, doğma şəhərində gənc futbolçular arasından seçim etmək istəyərkən Kərim Ənsarifərd diqqətini cəlb edir. Nəticədə Kərimin “Saypa” klubuna keçidi gerçəkləşir.

Burada komandasının əsas oyunçusuna çevrilən Kərim daha sonra – 2012-ci ildə İranın ən köklü komandalarından olan “Persepolis”ə keçir. 2013-cü ildə isə Kərim Ənsarifərd Güney Azərbaycan paytaxtı Təbrizin məşhur “Traktorsazi” klubuna keçir. Məhz onun çıxış etdiyi ildə Təbriz klubu İran kubokunu qazanıb.


2014-cü ildə Kərim Avropa klublarının diqqət mərkəzinə düşür və o, İspaniyanın “Osasuna” klubuna transfer edilir. Ardından Yunanıstana yollanan Kərim “Panionios” klubunda oynamağa başlayır. Burda çıxış etdiyi il yarım ərzində 51 oyuna 15 qol vurur. Nəhayət Yunanıstanın ən məşhur klubu olan “Olimpiakos” Kərim Ənsarifərdin keçidində maraqlı olur və soydaşımız bu komanda ilə müqavilə bağlayır.

Beləliklə, Kərim 2017-ci ilin yanvarından ta indiyədək “Olimpiakos”da oynayır. Onun klubla müqavilə müddəti 2020-ci ilin yayında bitəcək.

28 yaşlı hücumçu ötən mövsüm 17 qolla Yunanıstan çempionatının ikinci bombardiri olub.

Kərim İran millisində çox erkən, cəmi 19 yaşında debüt edib. 2009-cu ilin noyabrında İslandiya ilə Tehranda keçirilən yoldaşlıq görüşündə əsas yığmada debüt edən Kərim Ənsarifərd bunu qolla qeyd edib. Və İranın milli futbol yığmasının tarixində qol vuran ən gənc oyunçu olub…

2014-cü ildə İran yığmanın baş məşqçisi portuqaliyalı Karluş Keyruşun etimadını qazanan Kərim əsas komandada yer alır və Braziliyada keçirilən Dünya Çempionatına aparılıb.

Bu dəfə isə baş məşqçi 28 yaşlı azərbaycanlı futbolçunu Rusiyaya gətirib.

Bu Dünya Çempionatınadək azərbaycanlı hücumçu Kərim Ənsarifərd İran yığmasında keçirdiyi 61 oyunda 16 qol vurmuşdu.

İran yığması Rusiyada artıq bir oyunu geridə qoyaraq, qeyd etdiyimiz kimi Mərakeş üzərində 1:0 hesablı qələbə qazanıb. Qələbədə Kərim Ənsarifərdin də payı var. Belə ki, o, Mərakeşlə oyunda meydana çıxan əsas oyunçulardan olub.

Kərim Ənsarifərdin bu çempionatda işləri necə gedəcək, soydaşımız adından bəhs etdirə biləcəkmi? Bunu önümüzdəki oyunlar və İran yığmasının necə çıxış edəcəyi göstərəcək…

BIR CAVAB BURAXIN