Dublyonka, mahnı və.

0
964

Yəqin ki, Ceyhun Mirzəyev və Vaqif Mustafayevin çəkdikləri “Bəyin oğurlanması” filminə baxmısınız. O filmdə çox maraqlı bir epizod var: kənd qızları mağaza müdirindən dükana monqol dublyonkalarının gəlib-gəlmədiyini soruşurlar. Satıcı da onlara: “Gəlmişdi, monqol turistlər alıb apardılar!” – cavabını verir. Həmin qızlar eşitdikləri bu qəribə cavabın üzərində baş sındırmalı olurlar: “Axı monqol turistlər dublyonkanı Monqolustandan almaq əvəzinə, niyə gəlib Azərbaycandan alıb aparırlar?” Doğrudan da, niyə?

Sən demə, o vaxtlar SSRİ özünə dost olan sosialist ölkələrinə onların ehtiyaclarını ödəyəcək hər şey verir, əvəzində də onlardan mümkün olanları alırdı. Belə ölkələrdən biri əhalisi əsasən heyvandarlıqla məşğul olan Monqolustan idi ki, o da SSRİ-yə əvəz olaraq təbii dəridən hazırlanmış dublyonkalar ixrac edirdi. Yəni Monqolustan öz əhalisini bu məhsula həsrət qoyaraq, hazırladıqları dəri əşyaların çoxunu SSRİ-yə göndərməyə məhkum olunmuşdu. Elə bu səbəbdən Sovet İttifaqına gələn monqol turistlər özlərinə, hər şeydən əvvəl, milli dublyonka almağı üstün tuturdular. Yəqin deyəcəksiniz, bu yaz günlərində bu nə dublyonka söhbətidir?

Bəli, bu günlərdə növbəti beynəlxalq musiqi yarışmasına – “Avroviziya”ya start verilib. Hərçənd bəzi ölkələrin nümayəndələri, məsələn, Ermənistan bunu əndam yarışmasına çevirib. Odur ki, hətta səhnəyə, Xalq artisti Mübariz Tağıyevın sözü olmasın, lütlənib çıxırlar. Amma anlamırlar ki, indi avropalını əndamla təəccübləndirmək olmur. İnsafən, bizim nümayəndələr onlardan fərqli olaraq, öz səslərini nümayiş etdirirlər. Amma bir əmmamız var. Nədir o əmma.

Nədənsə biz bu yarışmada öz mədəniyyətimizi istənilən səviyyədə təbliğ edə bilmirik. Elə bil ki, nədənsə çəkinirik. Odur ki, təqdim olunan musiqinin içində güclə eşidilən tar, yaxud kaman səsi, bəzən də kiçik bir muğam parçası eşidəndə elə bil dünyaları bizə verirlər, yəni müəyyən mənada təsəlli tapmağa çalışırıq. Bəs niyə biz bu yarış vasitəsilə Avropaya öz mədəniyyətimizi nümayiş etdirə bilmirik? Məncə, bunun başlıca səbəbi bizim bu yarışlara özgə musiqilərlə, əcnəbilərin bəstələri ilə qatılmağımızdır (Yeri gəlmişkən, bu yarışda ölkəmizi təmsil edən Səmra Rəhimli İsveç bəstəkarlarının – Amir Ali, Jeyk Erikson, Henrik Vikstromun müəllifi olduqları “Miracle” mahnısını ifa edir). Halbuki bəzi ölkələrin nümayəndələri özlərinin bəstəkarlarının əsərləri ilə səhnəyə çıxırlar. Hətta öz dillərində oxuyurlar. Odur ki, bu yerdə yekə bir sual ortaya çıxır. Ölkəmizdə kifayət qədər istedadlı bəstəkar olduğu halda, niyə bu tədbirlə bağlı mahnı hazırlamağı əcnəbilərə həvalə edirik? Axı biz niyə istəmirik ki, özümüzünkülərin potensialını bu beynəlxalq yarışda da nümayiş etdirək? Artıq 8 ildir ki, bu yarışmadayıq. Amma hələ də bu mahnı müsabiqəsində öz mentalitetimizi lazımi səviyyədə təbliğ edə bilmirik. Halbuki həmin yarışda bu kimi nəsnələrə müəyyən qadağalar belə yoxdur. Amma biz… Bəli, biz…

Yəqin niyə həmin dublyonkanı xatırladığımı başa düşdünüz? Bəli, biz də monqol turistlər kimi hərəkət edirik. Amma mənə elə gəlir ki, biz monqol turistlər kimi dublyonka almaq məcburiyyətində deyilik. Yəni onların özlərinin bəstələdikləri, orasını-burasını bəzədikləri “malı” alıb yenidən Avropaya üz tutmağı heç cür başa düşə bilmirəm. Axı bizim ölkəmizdə bayaq ərz etdiyim kimi, kifayət qədər bəstəkar var. Elə bu kimi yarışlara onların bəstələri ilə də qatılmaq olmazmı? Mən isə hələ də bir şeyin marağındayam: görəsən, öz bəstəmiz, öz sözümüz ilə bu mahnı yarışmasına qatılsaq, necə olar? Allah, mənim bu arzumu ürəyimdə qoyma.

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN