Diktatorların arvadlarını niyə sevmirlər?

0
836
Hazırda Grace Mugabe-yə Zimbabvedə nifrət o qədər böyükdür ki, o bəlkə ərindən daha böyük təhlükədədir 

Despota ərə gedən qadınlar üçün iki şey təmin edilib: Dəbdəbəli həyat tərzi və kövrək reputasiya.

İctimaiyyətin gözündə bu qadınların çoxu qazandıqları nifrətə layiqdirlər. Öz qəribə davranışları bir yana qalsın, onlar üstəlik də demokratiyanı rədd etmiş, ölkələrinin iqtisadiyyatını qara günə qoymuş, siyasi opponentlərini öldürtmüş və ya sürgün etmiş kişilərin yanında dayanmağa məcburdurlar.

Bu qədər incidilmiş insanları belə dövlət başçılarına nifrət etdiklərinə görə kim qınaya bilər?

Amma belə bir ədalətli sual vermək olardı: Bəs niyə onların xanımları daha böyük qınaq və tənqidə məruz qalırlar? Qadın olduqlarına görəmi?

“Kişini o xarab eləyib!”

Zimbabvedə yenicə devrilmiş birinci ledi Grace Mugabe Afrikada yəqin ki, ən çox nifrət edilən qadındır.

Onun əri 37 il avtoritar hakimiyyətin kefini çəkib, amma sonunda arvadını hakimiyyət varisi etmək istəyəndə devirilib. Belə bir şey ölkənin qüdrətli ordusu tərəfindən qəbul edilə bilməzdi.

Bir çox zimbabvelilər Robert Mugabe-nin əlindən boğaza yığılmışdılar, amma ona müstəqillik mübarizəsindəki roluna görə hörmət göstərirdilər. Buna görə də Robert Mugabe-nin “korlanmasında” onun arvadı Grace-i ittiham edirlər.

Robert Mugabe-nin birinci arvadı sakitləşdirici fiqur sayılırdısa, onun ikinci arvadı daha çox alışdırıcı fiqur idiFotonun müəllifiHULTON ARCHIVE/GETTY IMAGES/REUTERS
Robert Mugabe-nin birinci arvadı sakitləşdirici fiqur sayılırdısa, onun ikinci arvadı daha çox alışdırıcı fiqur idi

Londondakı King’s College Universitetinin Beynəlxalq İnkişaf fakültəsinin mühazirəçisi professor Alice Evans bildirir ki, burada bir qərəz də var. Adamlar inamlarında qalmaq üçün dəlil axtarırlar.

“Burada söhbət ideologiyaların qorunub saxlanmasından gedir, – Evans deyir, – Əgər biz Mugabe-yə bir qəhrəman kimi baxırıqsa, qalan bütün informasiyanın bu obraza uyğun gəlməsinə çalışırıq. Buna görə də Mugabe haqqında bir yeni, amma mənfi informasiya alanda, bunun təqsirini bir başqasında axtarmaq istəyirik…”

Grace Mugabe bölücü şəxsdir. O, prezidentin birinci arvadı Sally Hayfron hələ ölümcül xəstəlik yatağında ikən onun ərinə məşuqəlik etməyə başlayıb. Bundan başqa o vəzifəli rəsmiləri aşağılayıb, Honq Konqda və Cənubi Koreyada adamlara fiziki hücum etməkdə günahlandırılıb.

Lakin Zimbabve 1980-ci ildə müstəqillik qazananda onun cəmi 15 yaşı vardı. Bu vaxt Mugabe artıq baş nazir olmuşdu. 1983-cü ildə Mugabenin təhlükəsizlik kampaniyası zamanı ordu iddia edildiyinə görə Matabeleland-dəki insanları zorlayanda və qətlə yetirəndə Grace seçici olmaq yaşına təzəcə qədəm qoymuşdu.

Amma xanım Mugabe-yə qarşı irəli sürülən iddiaları Fil Sümüyü Sahilinin birinci ledisi Simone Gbagbo-ya qarşı yürüdülən ittihamlarla müqayisə etmək olmaz. Onu 2010-cu ildə əri seçki məğlubiyyətini qəbul etmək istəməyəndə, ölüm vzvodlarını şəxsən silahlandırmaqda ittiham edirdilər.

Xəz paltolar və dizayner ayaqqabıları

Grace Mugabe-nin “Gucci Grace” ləqəbi başqa bir həqiqətdən – onun özü üçün sonsuz bədxərcliyindən xəbər verir.

Bu, birinci ledilərin xarakterik cəhəti sayılır. Ən kədərlisi isə budur ki, belə qadınların bədxərcliyi onlara pul verən kişilərin qəddarlığından daha çox yadda qalır.

Biz eşitmişik ki, 20 il Filippinin birinci ledisi olmuş İmelda Markosun min cüt ayaqqabısı olub. Bu, xüsusilə yadda qalan epizoddur, çünki Ferdinand Markos 1986-cı ildə xalq üsyanı nəticəsində devriləndə bir çox filippinli sözün əsl mənasında ayaqyalın yaşayırdı.

İmelda Markos 2014-cü ildə. O indi Filippin parlamentində millət vəkildirFotonun müəllifiTED ALJIBE/AFP/GETTY
 Markos 2014-cü ildə. O, indi Filippin parlamentində millət vəkildir

Rumıniyaya 1965-ci ildən 1989-cu ilədək dəmir əllə rəhbərlik etmiş Nikolae Çauşeskunun arvadı Elena Çauşesku daha çox özünün xəz paltoları və bahalı ayaqqabıları ilə yadda qalıb. Tülkü, bəbir, zebr, qaplan və pələng dərisindən kürkləri ilə…

1989-cu ildə ər-arvad helikopterlə ölkədən qaçmağa cəhd göstərəndə bu bahalı paltaların sərgisi nümayhiş etdirilmişdi.

Görəsən nəyə görə qadın qarderoblarına bu qədər efir vaxtı verilir. Ona görə ki, burada mənəvi uyğunsuzluq daha tez nəzərə çarpır. Xəz paltarlar və stiletto ayaqqablılar – ac və yalavac ölkələrdə daha böyük ziddiyyət yaradır. Demək lazımdır ki, partiya siyasətçilərinin və ya gizli polisin bağlı qapılar arxasında aşırdığı maxinasiyalar bu şəkildə nəzərə çarpmır.

Karikatura caniləri

Ənənəvi olaraq sevilməyən siyasətçi arvadları karikatura təsvirinə məruz qalırlar. Şütun yazarları və telekanllar “pis birinci ledilərin” əcdadı Ledi Maqbet kimi bənzətmələrə əl atırlar.

Keniyada keçmiş birinci ledi Lucy Kibakiyə bir qadının serialı kimi baxırdılar. Buna səbəb onun 2005-ci ildə özünün iddiasına görə ona lazımi ehtiram göstərməyən diplomat və jurnalistlərə hiddət yağdırması olmuşdu.

Məşhur hadisələrdən biri zamanı birinci ledi öz qonşusu, Dünya Bankının o vaxtkı direktoru Maxtar Diopun şəxsi ziyafətinə idman paltarında soxulmuş və musiqinin dayandırılmasını tələb etmişdi. Bu hadisədən sonra opponentləri öz arvadını yığışdıra bilməyən prezident Mwai Kibakinin ölkəni necə idarə etdiyini sual altına almışdılar.

Keniyanın keçmiş birincin ledisi Lucy Kibaki 2005-ci ilin mayında keçirilən mətbuat konfransında jurnalistlərə qəzet göstərirFotonun müəllifiSTR/AFP/GETTY IMAGES
Keniyanın keçmiş birincin ledisi Lucy Kibaki 2005-ci ilin mayında keçirilən mətbuat konfransında jurnalistlərə qəzet göstərir

“Bu cadugərlər, pis qadınlar, küpəgirən qarılar haqqında yaranmış asan stereotiplərə rahatca uyğun gəlıir, – London İqtisad Məktəbinin Gender Araşdırmaları fakültəsinin professoru Mary Evans deyir, -Onlar bir növ karikatura kimidirlər. Belələri üçün sanki hazır formalar var. Ora istənilən adı yazmaq olar”.

Grace Mugabe-ni həm də “Taxtlar Oyunu” televiziya şousundakı mənəviyyatsız cani qadın Cersei Lannister-ə bənzədirlər.

Lakin Afrika müşahidəçiləri deyirlər ki, xanım Mugabe onun ambisiyalarına təhlükə yaradan istənilən adamla açıq qarşıdurmaya girərərək özünü şəxsiyyət kimi göstərirdi. Onu ən azı karikaturaya bənzətmək olmazdı.

“Zimbabvedə Grace Mugabe-ni həmişə bir şəxs kimi mühakimə ediblər və indi də edirlər” -İohannesburq Universiteti Kommunikasiyalar Məktəbinin professoru Selina Mudavanhu deyir.

Alim bildirir ki, dünyanın müxtəlif nöqtələrində olan zimbabvelilər xanım Mugabe-ni elə onun qüdrətli vaxtlarında da sosial mediada vergiödəyənin hesabına bahalı sövqlərinə görə lağa qoyurdular.

“Millət anası”

Yaxşı, bəs bizim despotların arvadlarına nifrətimizin arxasında duran nədir? Görünür, səbəb onların riyakarlığı, bizimsə özümüzü xəyanət olunmuş kimi hiss etməyimizdir.

“Mən siyasətə qarışmıram. Mən adamların qadınıyam” -keçmiş Tunis prezidentinin arvadı Leyla Ben Ali deyirdi. Onu qiyabi olaraq mənimsəmə ittihamı ilə 35 illik həbsxana cəzasına məhkum ediblər. Xanım Ben Ali “Mənim həqiqətim” kitabının müəllifidir.

Xanım Çauşeskunu “Rumıniyanın ən yaxşı anası” titulu ilə şərəfləndirərdilər. Amma belə şayiələr də dolaşırdı ki, “bütün rumınların anası” “övladları” haqqında deyirmiş: “Bu qurdları nə qədər yedizdirirsən yedizdir, heç vaxt qarınları doymur”.

Çauşeskular cütlüyü 1989-cu ilin Milad günündə tələm-tələsikkeçirilmiş tribunalın ardınca edam edilmişdi. Şahidlər deyirlər ki, güllələnərkən Nikolae “Beynəlmiləl” mahnısını oxuyur, arvadı isə söyüş yağdırırmış.

Çauşesku rejiminin hakimiyyəti dövründə Rumıniyada kontraseptivlər qadağan olunmuşdu, ölkənin Fotonun müəllifiKEYSTONE/GETTY IMAGES
Çauşesku rejiminin hakimiyyəti dövründə Rumıniyada kontraseptivlər qadağan olunmuşdu, ölkənin “ən yaxşı anası” isə Elena Çauşesku idi

Exeter Universitetindən sosial psixologiya professoru Thekla Morgenroth deyir ki, qırğın və qətliamlar qadınlarla bağlı olanda bizi daha çox riqqətə gətirir:

“Burda söhbət daha zərif olmaqdan getmir. Araşdırmanın nəticələri göstərir ki, biz qadınların daha mənəviyyatlı, daha yaxşı olmasını gözləyirik”.

2012-ci ildə Suriya prezidenti Bəşər əl-Əsədin Britaniyada doğulmuş arvadı Əsma Əsəd BMT-dəki Almaniya və Britaniya səfirlərinin arvadlarına təsirli bir YouTube müraciəti etmişdi. Bu videoda Suriyanın birinci ledisi səfir arvadlarına ölkəsindəki qanlı qırğınların dayandırılması üçün yalvarış edirdi.

Videoda yaralı və ölü uşaqların tükürpədən görüntüləri vardı və belə sözlər səslənirdi: “bunlar sizin uşaqlarınız da ola bilərdilər”.

Lakin BMT-dəkli səfir xanımlarına müraciətdən bircə ay əvvəl sızdırılmış e-mail-lərdən görünürdü ki, xanım Əsəd hökumət qoşunlarının Homs şəhərini mühasirəyə aldığı bir vaxtda internetdə özü üçün 5 min dollarlıq dizayner ayaqqabıları axtarırmış.

Katolik dini ənənəsində İsanın anası Məryəm Allahla bəşəriyyət arasında vasitəçi rolunda çıxış edir. Möminlər inanırlar ki, Məryəmin müdaxiləsi onların ruhlarını xilas edəcək.

Avtokratların xanımlarından da biz nəsə buna bənzər bir şey gözləyirik. Bunu ala bilməyəndə isə ulu yaradanı yox, ortalıqdakı qadını günahlandırırıq. BBC.com-azeri

BIR CAVAB BURAXIN