‘Dayaqları məftillərlə sarımışıq ki, körpü aşmasın’

0
750

Qəzalı körpü

Qəzalı körpü

«Kənd əhalisinin sayı 6 min nəfəri ötüb. Ancaq bu qədər insan sosial problemlər məngənəsində boğulmaqdadır. Əsasən də, yollar bizi cana yığıb. Maşınlarımız tez-tez sıradan çıxır, bu da işsiz-gücsüz kəndliyə əlavə xərcdir. Sağlam adam bu yolu bir dəfə o baş – bu başa gedib gəlsə, şikəst olar».

Göyçayın Bığır kəndinin sakinləri AzadlıqRadiosuna problemlərindən söz açırlar. Danışdıqca tükənməyən problemlərindən ən başlıcası isə, deyəsən, kənd yollarıdır.

«PALÇIQ TOPUQDAN OLUR»

Kənd sakini Məzahir Səfərov deyir, avtobus kənddən 4 kilometr aralıdan keçir. Bu boyda məsafəni qışda palçığın, yayda toz-tozanağın içində qət etməli olurlar: «Uşaqları məktəbə ayaqlarına sellofan bağlayıb göndərirəm. Palçıq topuqdan olur. Çox vaxt məcbur olub evdə saxlayıram. Həm kəndiçi, həm də mərkəzə və qonşu kəndlərə gedən yollar bərbaddır».

Kənd sakini Səmayə Aslanova eşidəndə ki, regionların iqtisadi sosial inkişafı ilə bağlı prezidentin imzaladığı Dövlət Proqramında yolların abadlaşdırılması da daxildir, sevinib. Hətta bir ara xəbər yayılıb ki, tezliklə kəndə «şüşə kimi» yol çəkiləcək: «Sonra o söhbət də yaddan çıxdı… İcra hakimiyyətinə, bələdiyyəyə üz tutduq, dedilər, pul nə gəzir… Onu da deyim ki, rayon mərkəzindən Bığıra bir neçə kilometr qalmış asfalt döşənmiş yol başa çatır, sovet vaxtı qır tökülmüş, indi o qırdan da əsər-əlamət qalmayan toz-torpaqlı, palçıqlı yol başlayır, ta kəndin içinə qədər gəlib çıxır. Kəndə bir kilometr çatmış görərsiz ki, təxminən bir kilometr məsafədə asfalt çəkilib, yolun ortasında yamaq kimi qalıb. Onun da öz tarixçəsi var. Axırıncı bələdiyyə seçkilərində başladılar çəkməyə, seçki oldu, seçilən seçildi, o asfaltlama işi də yarımçıq qaldı».

Bığır kəndinin yolları.

Bığır kəndinin yolları.

«İNDİ AŞAR, BU SAAT AŞAR»

Kənddə kiçik bir körpü var. Rayon mərkəzinə getmək istəyənlər maşınla mütləq bu körpüdən keçməlidirlər. Bu körpüyə bığırlıların «qıl körpüsü» də demək olar. Çünki körpünü, özləri demiş, kim keçər, kim keçməz. Keçən də faciədən qurtulduğuna görə Allahına min dəfə dua edər. Kənd sakini deyir, körpünün aşmaması üçün özləri yığışıb dayaqlarını məftillə bərkidiblər.

Rayon mərkəzinə getmək üçün hər gün bu körpüdən keçən sürücü Fərman Quliyev: «Elə sürücü var ki, körpüdən gözünü yumub keçir, baxmağa qorxur. Elə bil indi aşar, bu saat aşar… Qəzalıdır da… Körpünün altındakı dirəklər aşmasın deyə, kənardan məftillərlə bərkitmişik. O ağırlıqda maşınlar bərkitdiyimiz məftillərə bənddir. Deməyim odur ki, o körpüdən keçən insanlar həyatlarını təhlükəyə atmış olur».

VİLLALARA GEDƏN YOL

Göyçay rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, «Baba yolu» və ya «Aşağı yol» kimi tanınan, Bığırı Göyçay-Ucar şosesinə bağlayan, çay daşı döşənmiş ikinci yol yüksək keyfiyyətlə təmir edilib, asfaltlanıb. Yaxın vaxtlarda qəzalı körpüylə digər yol da təmir olunacaq.

Kəndlilərsə deyirlər, həmin yol kəndin aşağı hissəsində tikilmiş villalara gedən yoldur. Yolu elə villa sahibləri düzəltdirib. Acınacaqlı haldır ki, əsas şosedən kəndə girən hər iki yol asfaltlansa da, bu iki yolu birləşdirəcək və kəndin əsas əhalisinin yaşadığı, hətta məktəb binasının, məscidin həyətinin yerləşdiyi yola sahib çıxan yoxdur.

BIR CAVAB BURAXIN