Dağlıq Qarabağ münaqişəsinin həllinə vurulan Rusiya düyününü açmaq olacaqmı?

0
582

 

2016-cı ilin başa çatmasına az vaxt qalmaqdadır və bu, Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsinin həllinin də növbəti ilə keçirilməsi anlamına gəlir. Hər halda Qarabağ münaqişəsinin həllinin hər il olduğu kimi nöbbəti ilə keçirilməsi Azərbaycan üçün xoşagəlməz bir ənənəyə çevrilib. Halbuki bu ilin aprel ayında cəbhə xəttində həyata keçirilən uğurlu hərbi əməliyatlardan sonra münaqişənin həllinə böyük ümidlər əmələ gəlmişdi. Lakin cəbhə xəttində döyüşlərin dayandırılmasına nail olan və bununla özünün strateji müttəfiqi olan Ermənistanı daha ağır məğlubiyyətdən xilas edən Rusiya bununla da problemin həllinə daha bir düyün vurmuş oldu. Aprel döyüşlərindən sonra Rusiya münaqişənin həllinin nail olacağı barədə vəd versə də buna əməl etmədi. Əksinə Rusiya Ermənistana ən müasir silahlar verməklə mövcud status-kvonun qorunub saxlanılmasında maraqlı olduğunu bir daha nümayiş etdirdi. Rusiyanın Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla MDB məkanındakı digər etnik münaqişələrin, o cümlədən Abxaziya, Cənubi Osetiya və Dnestryanı problemlərinin saxlanılmasında maraqlı olduğunu və bundan imperiyanın yeni müstəvidə bərpa etmək üçün istifadə etmək məqsədlərini güddüyünü nüfuzlu gürcü analitiki və jurnalisti, Dövlət İlya Universitetinin professoru Oleq Panfilovun dedikləri də sübut etməkdədir. Bununla bağlı Panfilov Ukrayna mətbuatına verdiyi müsahibəsində bildirib ki, postsovet məkanındakı bütün münaqişələr məhz imperiyanın bərpası niyyətlərinə və onları Moskvanın təsiri altında saxlamağa xidmət edir. Bu müstəvidə də Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına diqqəti cəlb edən tanınmış politoloq problemin həllinə mane olan əsas gücün Rusiya olduğunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, münaqişənin həlli Rusiyanın bu problemi həll etmək istəyib-istəməməsindən asılı olacaq. Panfilov hazırda Rusiyanın Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını və daha çox status- kvonun qorunub saxlanılmasına çalışdığını söyləyib.

Əlbəttə, Qarabağ və MDB məkanındakı digər analoji etnik münaqişələrin ssenarilərinin SSRİ dağılan ərəfədə DTK kabinetlərində hazırlandığı çoxdan məlum idi. O vaxt SSRİ rəhbərliyi məhz etnik münaqişələr vasitəsi ilə imperiyanın dağılmasının qarşısını ala, xalqlar həbsxanasını qoruyub saxlaya bilmədi. Buna baxmayaraq hadisələrin gedişi göstərir ki, Moskva SSRİ-nin dağılmasından 25 ildən artıq vaxt keçməsinə baxmayaraq yenə də məhz günümüzə kimi qoruyub saxlamağa nail olduğu etnik münaqişələr vasitəsi ilə imperiyanı bərpa etmək cəhdlərini davam etdirməkdədir. Bunu Rusiyanın Krımı işğal edərək Donbas və Luqansk kimi qondarma qurumlar yaradaraq onlara hərbi yardım göstərməsi və faktiki olaraq Ukraynaya qarşı elan olunmamış müharibə aparması da sübut edir. Yəni faktiki olaraq bu gün Rusiya xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyəti MDB məkanındakı bütün etnik münaqişələr zonasında özünü hiss etdirməkdədir. Təsadüfi deyil ki, məsələnin bu tərəfinə diqqəti cəlb edən politoloq Oleq Panfilov: “Qarabağda rus qoşunları yoxdur. Ancaq Qarabağ müharibəsi təzə başlayanda bu, muzdluların müharibəsi idi. Ukraynalı və rus təyyarəçilər Azərbaycan aerportlarından qalxıb Stepanakerti (Xankəndi) bombalamağa uçurdu, orada isə onlara yerdən rus zenitçilər atəş açırdı. İndi situasiya başqadır. Lakin Qarabağa son hesabda Federal Təhlükəsizlik Xidməti tərəfindən nəzarət olunur. Rusiya nə vaxt oradan çıxsa Qarabağ da onda sakitləşəcək”-deyib.

Təbii ki Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını nümayiş etdirməsi və təcavüzkar dövləti silahlandırmaq yolu ilə mövcud status-kvonun qorunub saxlanılmasında maraqlı olmasını artıq aydın şəkildə biruzə verməsi Azərbaycanda da birmənalı qarşılanmır. Bunu bir müddət əvvəl keçirilən Milli Məclisin iclaslarından birində millət vəkillərinin Ermənistanı silahlandırmaqda davam etdirməsinə görə Rusiya ilə münasibətlərə yenidən baxılmasını müzakirə hədəfinə çevirmələri də göstərməkdədir. Məsələn, son illərdə dəfələrlə Rusiya ilə münasibətlərin daha da inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edən millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, son günlər Rusiyanın Ermənistana “Iskander” raket kompleksləri verməsi, prezident Sarkisianın Moskvaya dəvət olunması və oradan Azərbaycanı hədələməsi artıq Bakının ciddi mövqe ortaya qoymasını tələb ed. O deyib ki, Qarabağ münaqişəsinin həllində Rusiya vasitəçi olduğu kimi, işğalçı ölkənin də arxasında dayanan elə Rusiyadır: “Artıq buna göz yummaq olmaz. Rusiyaya açıq müraciət edərək münasibətlərə aydınlıq gətirməliyik”.

Deputatın fikrincə, əgər Rusiya Azərbaycanla münasibətlərini həqiqətən strateji tərəfdaşlıq səviyyəsində qurmaq istəyirsə, onda Qarabağ münaqişəsində obyektiv və bitərəf mövqe nümayiş etdirməlidir”

Bu müstəvidə də çıxış edən digər millət vəkilləri, o cümlədən Fazil Mustafa da Ermənistanı silahlandıraraq Qarabağ münaqişəsinin həllinə mane olan Rusiya ilə münasibətlərə yenidən baxılmasının vacibliyini vurğulayıblar.

Bütün bunlar da Dağlıq Qarabağ münaqişəsinn həllinə münasibətdə Rusiyanın yeritdiyi siyasətdən Azərbaycanda narazılığın artmaqda olduğunu göstərir. Amma bu yolla münaqişənin həllinə vurlan Rusiya düyününü açmaq mümkün olacaqmı? Bu suala birmənalı cavab vermək çətindir. Ancaq o da aydındır ki, münaqişənin həllinin uzanması Rusiya da daxil olmaqla tərəflərin heç birinə yaxşı heç nə vəd etmir…

Əziz Mustafa

BIR CAVAB BURAXIN