“Rus torpağında yaşayırsan, haqq ver!”

0
560
Silahlıların Allahyar Məmmədovun evinə basqını: - “Rus torpağında yaşayırsan, haqq ver!”
Rusiyanın Amur vilayətində, Beloqorsk rayonunun Tomiçi kəndində azərbaycanlı Allahyar Məmmədovun evinə silahlı hücum edilib və ondan “rus torpağında yaşadığı üçün” aylıq haqq tələb olunub. Virtualaz.org xəbər verir ki, bu əhvalat haqda “TVS-Media” yazır.

48 yaşlı Allahyar Məmmədov Qarabağdandır, 1987-ci ildə Amurda hərbi xidmət keçib. 2006-cı ildə ora qayıdaraq ticarətlə məşğul olmağı qərara alıb. Antonina adlı qadınla evlənib, qızı Nərminənin 5, oğlu Məmmədin 8 yaşı var.

Hadisə 2016-cı ilin mayında baş verib. Həmin vaxt Allahyar, onun qaynı və Qorxmaz adlı başqa azərbaycanlı həyətdə imiş. “Bir müddət sonra, təxminən saat 11 radələrində qırmızı rəngli maşında Anatoli və Pavel adlı (adlar dəyişdirilib) iki qardaş yaxınlaşdı. Maşında Anatolinin yeniyetmə oğlu və daha iki gənc də var idi. Qardaşlar maşından düşəndə gördüm ki, onlar bərk sərxoşdur. Qapıya tərəf gedib onların qarşısını kəsdim. Qardaşlardan biri əlində araq butulkası tutmuşdu. Dedi ki, kabab yeməyə gəliblər. Sonra isə dedilər ki, bəs siz qafqazlısınız, bizim torpaqda yaşayırsınız və buna görə də ayda 100 min rubl vermlisiniz”-Allahyar xatırlayır.

Bu zaman ruslarla azərbaycanlılar arasında mübahisə, itələşmə başlayır, evə basqın edən qardaşlardan biri Allahyarı hədələyir: “Sənin ailən burada olmayacaq, evini partladacam”.

Çağrılmamış qonaqlar gediblər və bir az sonra həmin qırmızı avtomobildə yenidən qayıdıblar. “Sükan arxasında tanımadığım biri oturmuşdu, Anatoli yanında, Pavel arxada idi. Onların əllərində tüfəng gördüm, arvadıma qışqırdım ki, tez evdə gizlənsin. Tonya qızımı götürüb evə qaçdı. Oğlum qorxudan yerində donub qaldı. Mən onu itələdim, birlikdə yerə yıxıldıq. Bu vaxt Pavel hasarın o tərəfindən atəş açdı, güllə ayağımdan dəydi. Oğlumu yerdən qaldırdım və evin qapısına tərəf itələdim. Sonra hasar boyu bostandan keçib qaçdım, daha bir neçə güllə səsi və çiynimdə yanğı hiss etdim”-Allahyar danışır.
Silahlıların Allahyar Məmmədovun evinə basqını: - “Rus torpağında yaşayırsan, haqq ver!”
O, bostandan keçib qonşu həyətə daxil olur və ev sahibindən polis çağırmağı xahiş edir. Qan içində olan Allahyar qonşunun evində gizlənir, Antoninanın qardaşı isə yaxınlıqdakı ağaclığa sığınır. Antonina isə uşaqları evdə paltaryuyanın arxasında gizlədərək qapını bağlayır.

“Qorxudan əsirdim, güllə səsləri gəlirdi, uşaqlar qışqırıb ağlayırdı, isterikada idi. Məmməd əlimdən tutub dedi ki, indi dayım gəlib onların hamısını öldürəcək. Bu vaxt pəncərənin şüşəsinin sındırıldığını eşitdim, dönüb baxdım ki, Pavel pəncərədən evə girir. Onun əlində silah var idi. Silahı bizə tuşlayıb pul və ət tələb etməyə başladı. Sonra evi axtardı”-qadın bildirir.

Antonina xatırlayır ki, evə daxil olan silahlının gözlərindən vəhşilik yağırdı, küçədən isə onun qardaşı qışqırırdı ki, qadını çölə çıxarıb güllələsin. Bu vaxt 8 yaşlı Məmməd Paveldən soruşur: “Dayıcan, bizi öldürməyəcəksiniz, eləmi?” Və o cavab verir ki, xeyr.

“Biz dəhlizə çıxdıq. Qapı sındırılmışdı, həyətdə Pavelin qardaşı və onları gətirən oğlan dayanmışdı. Ağlayaraq sonuncudan xahiş etdim ki, Anatolinin əlindən silahı alsın, yoxsa o bizi öldürəcək. O, silahı aldı və dedi ki, getmək lazımdır. Bu vaxt Anatoli mənə yaxınlaşıb gödəkçəmdən yapışdı, dedi ərimə xəbər verim ki, axşam saat 5-ə qədər pulu çatdırmasa bu dəfə “Kalaşnikov” avtomatları ilə gələcəklər və hamımızı qıracaqlar. Dedi ki, hər ay yüz min rubl vermliyik. Soruşdum ki, nəyə görə ərim sizə pul verməlidir? Anatoli cavab verdi: “Çünki o qafqazlıdır və rus torpağında yaşayır”.

Bu vaxt hadisəni eşidən kənd sakinləri evə tərəf qaçmağa başlayıblar, ardınca təcili yardım və polis naryadı gəlib. Hücum edən qardaşları bir müddət sonra yaşadıqları Kustanayevkada saxlayıblar. Anatoli saxlanılarkən müqavimət göstərib, polisə silah çəkib. Amma əl-qolunu qandallayıblar. Pavel isə qaçmağa çalışıb.

Bu iş üzrə istintaq səkkiz ay davam edib. Saxlanılan qardaşlar bundan əvvəl də analoji cinayətə görə mühakimə olunmuşdular. İstintaq İdarəsinin müstəntiqi Anton Bryaxin deyir ki, qardaşların əməlindən peşiman olmasını gözləmir. Onlar istintaqda özlərini müdafiə etməyə çalışaraq əslində Allahyarın hücumuna məruz qaldıqlarını iddia ediblər. Deyiblər ki, Allahyar onlara “Kalaşnikov”la hücum edib və müdafiə olunmağa məcbur olublar.

“Əgər həmin vaxt məndə silah olsaydı onların heç biri sağ qayıtmazdı”-Allahyar bu iddiaya belə cavab verir.

Silahlı hücuma görə məhkəmə iki qardaşa bu ilin iyul ayında hökm çıxarıb. Anatoli 9 il yarım, qardaşı isə 6 il müddətində azadlıqdan məhrum edilib. Lakin onlar hökmlə razılaşmayıb apellyasiya veriblər. Nəticədə məhkəmə prosesi hələ yekunlaşmayıb. Zərərçəkən ailəyə gəldikdə isə Antonina deyir ki, uşaqları həmin vaxtdan bəri qırmızı maşın görəndə qorxur, gecələri pis yatır və tez-tez diksinir…

BIR CAVAB BURAXIN