Çinli alverçilər Azərbaycandan hara yoxa çıxdılar…

0
611

Hazırda əksər vətəndaşlarımız “hara baxıramsa, ərəblər var” fikrini səsləndirib şikayət edir. Bir zamanlar ərəbləri çinlilər əvəz edirdi. Onların gəliş məqsədi eyni deyildi, kəmiyyət etibarilə isə çox idilər. Adətən kiçik ticarətlə məşğul olan çinliləri demək olar ki, Bakının hər yerində görə bilirdik. Onlar Çin mallarının səyyar satışı ilə məşğul idilər. Həmin mallar ucuz olduğundan, xeyli sayda azərbaycanlı alıcını da özünə cəlb etmişdi.

Daha sonralar çinlilər rayonlarımıza da ayaq açmağa başladılar. Hətta rayonlara gedib çıxan çinlilərin bəziləri özlərinə həyat yoldaşı belə, tapmağı bacardılar – evləndilər…

Amma xeyli vaxtdır əlində 3-5 manatlıq mallarla gəzən həmin çinliləri səyyari ticarətdə görə bilmirik. Maraqlıdır, onların aqibəti necə oldu? Çinlilər hara yoxa çıxdılar?
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Modern.az-a açıqlamasında bildirib ki, nəzarətin gücləndirilməsi və yerli əhalinin keyfiyyətsiz Çin mallarına tələbatının azalması ölkəmizə gələn çinlilərin sayının kəskin şəkildə minimuma endirdi:
“Çinlilərin Azərbaycana axını hardasa 2007-2008-ci illərə təsadüf etdi. Həmin ərəfədə Rusiya böyük səviyyədə  dövlət siyasəti həyata keçirməyə başladı. Bunun nəticəsində çinlilər Moskva və digər iri şəhərlərdən sıxışdırıldı. Belədə böyük Çin miqrant ordusu qonşu ölkələrə, o cümlədən Azərbaycana üz tutmalı oldu. Ölkəmizin ərazisinə miqrant vizası ilə daxil olan çinli burada yalnız bir ay ərzində ola bilərdi. Bu bir ay ərzində, təbii ki, onlar ancaq səyyar ticarətlə məşğul olurdu. Çox az bir faiz isə müxtəlif massaj salonları və digər xidmət sahəsində çalışırdı. Orta hesabla ay ərzində Azərbaycanda haradasa 4000-4500-ə qədər çinlinin olduğu bildirilirdi. Çinlilər turist vizası ilə ölkə ərazisinə daxil olsalar da, burada uzun müddət qalırdılar. Yəni fürsətdən səmərəli istifadə etməyi bacarırdılar.

Qanun bunu onlara qadağan edirdi. Amma müvafiq strukturlar onlar üzərində sərt nəzarət edə bilmirdi. Çünki çinlilər Azərbaycanın müxtəlif bölgələrinə yayılırdı, çox dinamik idilər. Kompakt şəkilli ticarət fəaliyyətilə məşğul olurdular. Bir rayonun ərazisində gözə görünüb, bir neçə saatdan sonra başqa rayona üz tuturdular. Yəni elə bil nəzarətdən kənara çıxmışdılar. Onlar bir müddət ölkəmizdə çox ucuz və aşağı keyfiyyətli məhsullarını satmağa müvəffəq oldular. Əhalinin alıcılıq qabiliyyəti əvvəllər müəyyən mənada həmin malları almağa imkan verirdisə, sonradan insanlar keyfiyyətsiz və lazımsız olduğunu dərk edərək, Çin məhsullarından imtina etməyə başladılar. Belədə səyyar ticarətdəki Çin mallarına tələbat aşağı düşdü və bu işlə məşğul olan çinlilərin Azərbaycanda ticarətdən əldə etdiyi gəlir də azaldı”.
Ekspert qeyd edib ki, bu gün ölkə ərazsində olan çinlilərin sayı ay ərzində 200-300 nəfərdən çox olmur:
“İndi də az olsa da, çinlilərə rast gəlinir. Hardasa ay ərzində 200-300 çinlini görmək olar. Bunlar da həqiqətən turist qismində gəlib, Azərbaycanla tanış olmaq istəyənlərdir. Əvvəllər isə onlar hardasa 5 minə yaxın idilər və böyük ticarət mərkəzlərinin yaxınlığında iri kvartalları icarəyə götürüb, kompakt şəkildə yaşayırdılar. Digər tərəfdən, əminəm ki, vaxtilə Azərbaycanda səyyar ticarətlə məşğul olan çinlilər, bu gün artıq Rusiyada miqrantlara münasibət yaxşılaşdığından, yenidən ora üz tutub. Ticarətin özünün də siması dəyişir. Bu tip səyyar biznes üsulları səhnədən çıxmaq ərəfəsindədir. İnsanlar daha çox oturuşmuş və özü üçün müştəri ordusu toplamış mağazalara üz tutur”.
Müsahibimizin sözlərinə görə, hazırda Azərbaycanda səyyar ticarətlə məşğul olan əcnəbilər daha çox müxtəlif Asiya ölkələrinin vətəndaşlarıdır.

BIR CAVAB BURAXIN