Çavuşoğlu Avropaya ‘qara günlər’ vəd edir

0
756

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib ki, tezliklə Avropanı “din mühharibələri” gözləyir.

Çavuşoğlu bildirib ki, “onlar keçmişdə yüz il bir-biri ilə müharibə etdikdən sonra ibrət dərsi alaraq Avropa İttifaqını yaradıblar, lakin indi onu dağıtmaqla məşğuldurlar”.

Antalyada öz seçiciləri qarşısında çıxış edən Çavuşoğlu deyib ki, “Avropanı qara günlər gözləyir”.

Təhlilçilər qeyd edirlər ki, Türkiyənin xarici işlər nazirini ona Hollandiyada türk icmasının mitinqində çıxış etmək icazəsinin verilməməsi qəzəbləndirib.

Rotterdamda çıxış etməsi planlaşdırılan Çavuşoğlunun təyyarəsinə Hollandiya torpağına enmək qadağan olunmuşdu.

Bu arada Türkiyə prezidenti Recep Tayyip Erdoğan Avropa Məhkəməsinin müsəlman qadınların baş örtüyünə aid qərarını kəskin tənqid edib.

Avropa Ədalət Məhkəməsinin hökmündə Avropa İttifaqındakı şirkətlərə öz işçilərinə dini rəmzləri qadağan etmək icazəsi verilir.

“Ar olsun Avropa! Siz ilk dəfə olaraq xristian xaçı ilə müsəlman ayparasını toqquşdurdunuz” – deyib Erdoğan.

BBC Türk xidmətinin təhlilçisi İrem Köker yazır ki, bu bəyanatların arxasında Türkiyə hökumətinin konstitusiya referendumunda güclü dəstək səfərbər etmək məqsədi dayanır.

Referendumda “hə” nəticəsi prezident Recep Tayyip Erdoğana məhdudiyyətsiz səlahiyyətlər verərdi.

Təhlilçinin fikrincə referendum kampaniyası üç əsas istiqamətdə aparılır.

Birincisi, hökumətin insan haqlarına dair Avropadan səslənən tənqidlərə cavab vermək cəhdidir.

AKP hökuməti bununla bildirmək istəyir ki, demokratiya Avropada da tənəzzül edir. Buna misal kimi Avropada öz islamofobiyası ilə tanınan ifrat sağ partiyaların yüksəlişi göstərilir.

Çavuşoğlu Avropanı “ikiüzlülükdə” ittiham edib. O deyib ki, Türkiyədən demokratiya tələb edən Avropada antimiqrant və antiislam əhval-ruhiyyəsi yüksəlişdədir.

İkinci səbəb budur ki, həm Erdoğan, həm də Çavuşoğlu “Avropa bizə qarşıdır” mövzusunu ictimai diskussiya mövzusuna çevirməklə AKP tərəfdarlarını səfərbər etməyə çalışırlar.

Çavuşoğlu Antalyada etdiyi çıxşında ümumiyyətlə avropalıların “getdikcə güclənən Türkiyədən qorxduqlarını” bəyan edib. Guya avropalılar məhz bu səbəbdən Türkiyə referendumunun, yəni “Türkiyənin güclənməsinin” əleyhinə çıxırlar.

Türkiyə xarici işlər naziri bildirib ki, Avropa hazırda Türkiyə referendumuna qarşı “yox” kampaniyası aparır.

Üçüncüsü, Erdoğan hökuməti ictimaiyyətdə belə bir təsəvvür yaratmağa çalışır ki, Avropanı Türkiyəyə “ehtiram göstərməyə məcbur etmək istəyir”.

Çavuşoğlu belə bir fikri çatdırmağa çalışıb ki, bütün Avropa tənəzzül və xaosun içində olduğu bir vaxtda, Türkiyədə stabillik hakimdir.

Köker yazır ki, əvvəllər belə taktika Erdoğana və onun hökumətinə kütlələri öz ətrafında səfərbər etmək imkanı yaradıb.

Təhlilçinin fikrincə Türkiyədə 16 aprel referendumunun ərəfəsində anti-Avropa və anti-Qərb çağırışlarının daha ucadan səsləndirilməsi də bu taktikaya xidmət edir.

BIR CAVAB BURAXIN