Cəlal Bayar faciəsi

0
618

 

Türkiyə tarixində Cəlal Bayar özünəməxsus iz qoyan prezidentlərdən biri hesab edilir. O həmin dövrdə Türkiyənin ali elitasında və Qərbdə ən demokratik bir lider kimi tanınırdı. Üstəlik o İnönü və digərləri ilə müqayisədə iqtsadiyyatı kifayət qədər dərindən bilirdi . Sonralar Türkiyə tarixinin 30-50-ci illərini araşdıranlar: “Əgər Atatürkdən sonra onun yerinə Cəlal Bayar keçsə idi, Türkiyə iqtisadi yondən daha inkişaf edən bir ölkəyə çevriləcəkdi” qənaətinə gəlmişdilər. Yeri gəlmişkən onu da deyək ki, Bayarın Atatürk dönəmində baş nazir kimi prezident seçilmə şansları İnönündəkindən daha çox idi. Amma o başa düşürdü ki, Türkiyədə hakimiyyətə gəlmək və prezident seçilmək üçün hərbçilərin adamı olmaq lazımdır. Bayar isə hərbçi deyildi və ona görə də səbirlə hadisələrin hansı istiqamətdə inkişaf etməsini gözlədi. İkinci dünya müharibəsi dövründə Bayar İnönünün komandasında ölkənin iqtisadi inkişafı üçün müxtəlif tədbirlərin həyata keçirilməsində iştirak etdi. Lakin bu tədbirlərin çoxusunun mahiyyətini İnönü anlamaqda çətinlik çəkirdi və ona görə də onların çoxusu yarımçıq qaldı. Bu baxımdan Bayara Türkiyənin demokratik inkişafına nail olmaq üçün əlverişli vaxtın yetişməsini gözləmək lazım gəldi. Belə bir imkan isə nəhayət ki, gəlib çatdı.

İkinci Dünya müharibəsindən sonra dünyanın hər yerində olduğu kimi Türkiyədə də yenilik, demokratiya küləkləri əsməyə başladı. BMT-nin qurulmasına səsverən 51 dövlətdən biri kimi Türkiyə sivil dövlət quruculuğunu həyata keçirmək üçün müvafiq addımlar atmalı idi. Bu baxımdan İnönü demokratik inkişaf üçün Qərb təcrübəsindən istifadə edərək çoxpartiyalı sistemi tətbiq etmək zərurəti qarşısında qalmışdı. Amma İnönünün ətrafındakıların əksəriyəti yeni qaydalarla işləmək bacarığında deyildilər və onlar əvvəlki kimi ölkəni 20-30-cu illərin metodları ilə idarə etməkdə davam edirdilər. Bunu nəzərə alan Cümhuriyyət Partiyasından olan 4 millət vəkili (Cəlal Bayar, Adnan Menderes, Fuat Köprülü, Refik Korantan) 1945-ci il iyun ayının 7-də parlament rəhbərliyinə “Dörd Takdir” adlı tələblə müraciət etdilər. Tələbdə ölkədə çoxpartiyalı sistemə keçilməsi fikirləri öz əksini tapmışdı. Lakin parlament bu tələbi rədd etdi. Üstəlik bütün bunlar azmış kimi sənədi imzalayan Menderes, Köprülü və Korantan Cümhuriyyət Partiyasından xaric edildilər. Payızda isə Cəlal Bayar Cümhuriyyət Partiyasını tərk etdi. İnönündən uzaqlaşan 4 silahdaş 1946-cı il yanvar ayının 7-də birgə Demokrat Partiyasının yaradıldığını bildirdilər. Amma Bayar burada da dövlətçilik prinsiplərindən çıxış edərək əvvəlcə İnönünün yanına getdi və ona yeni partiya qurmaq istəyini söylədi. Sonra İnönüyə qurulacaq partiyanın proqramını izah etdi. Aralarında olan qısa sual-cavabdan sonra İnönü yeni partiyanın yaradılmasına icazə verdi. DP 1946-cı ildə keçirilən seçkilərdə cəmisi 66 yer aldı. Buna da səbəb partiyanın kifayət qədər təşkilatlana bilməməsi idi. DP 465 yerə cəmisi 273 namizəd göstərmişdi. Prezidentliyə nanizəd kimi isə Bayar İnönünün qabağına orduda böyük nüfuzu olan marşal Fevzi Çakmakı çıxarmışdı. Amma parlamentdə inönünçülərin çoxluqda olması öz sözünü dedi və İnönü səs çoxluğu ilə yenidən prezidenrt seçildi.1950-ci ildə keçirilən seçkilərdə isə DP 408 yer əldə etdi. İnönünün tərəfdarları isə 69 millət vəkili əldə etmişdilər. Bunun ardınca parlament səs çoxluğu ilə Bayarı prezident seçdi. Bayar dalbadal üç dəfə prezident seçildi. Amma o ordudan gələn təhlükəni aradan qaldırmaq üçün ilk gündən 15 generalı və 150 polkovniki istefaya göndərmişdi. Bayar baş nazir vəzəifəsinə Adnan Menderesi təyin etmişdi. Onun dövründə ölkədə bir sıra islahatlar həyata keçirildi və Türkiyə demokratik inkişaf yoluna qədəm qoydu. Bundan narazı qalan hərbçilər Bayarı devirmək üçün fürsət axtarırdılar. Bunun üçün onlar Bayarla Adnan Menderesin guya dini dövlət qurmaq istədiyi barədə xalq arasında müxtəlif şayiələr yaydılar. Guya Bayar və Menderes ölkəni Cümhuriyyət elan olmasından əvvəlki dövrə qaytarmaq planını hazırlamışdılar. Halbuki Bayar demokrat bir adam olduğu üçün dini ayinlərin qadağan edilməsini nəzərdə tutan bəzi qadağaları aradan qaldırmışdı. O dinlə məşğul olmağı Qərbdəki kimi hamının öz ixtiyarına buraxmışdı. Bütün bunlar isə prezident kürsüsndə öz adamlarını görmək istəyən hərbçilərə Bayar hökuməti barədə xalq arasında yanlış təsəvvürlər formalaşdırmağa imkan verdi. Onlar dinc yollarla keçirilən seçkilərdə xalqın Bayarı dəstəkləyəcəyini nəzərə alaraq 1960-cı ildə dövlət çevrilişinə əl atdılar və Bayarı devirdilər. Hərbçilər sevmədikləri baş nazir Menderesi və onunla birlikdə daha bir neçə naziri edam etdirdilər… Bayar isə həbsə atıldı. Bununla da ölkədə ilk mülki şəxsin prezidentliyi façiəli halda başa çatdı.

Əziz Mustafa

Oxundu: 9

BIR CAVAB BURAXIN