Soğanla kartofu ayıra bilməyənlər efirdə camaata dərs keçir.
Bu sözləri Kult.az-a Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov milli mətbəximizi pis günə qoyan aşpazlar haqda danışarkən deyib. Onun sözlərinə görə, hazırda bir nəfər istisna olmaqla, bütün efirlərin aşpaz aparıcıları avara adamlardır:
“İndi bütün avara adamlar mətbəx verilişi aparır. Peşəkar aşpaz olmaq üçün təhsil vacibdir. Hər küçədən keçəni televiziyaya çıxartmaq olmaz. Onlar camaatı aldadaraq, ağıllarına və ağızlarına gələn reseptləri təqdim edirlər. Adını da qoyurlar “Avropa məxtəbi”, “xarici mətbəx” və s. Halbuki elə bir yemək növü dünyada mövcud deyil. Camaata dərs keçmək üçün gərək mövzu haqda məlumatlı olmalısan. Onlar isə nə danışdıqlarını bilməyən savadsız adamlardır. Nəticədə ermənilər bu cür savadsız aşpazların danışdıqlarını bizə qarşı istifadə edirlər.
Avropalılar Azərbaycana gələndə öz mətbəxlərini görüb şoka düşürlər. Çünki bu adda, bu quruluşda yemək dünyanın heç bir yerində hazırlanmır. Görünən odur ki, bizim aşpazların fantaziyaları yaman güclüdür. Onlar yeməkləri özlərindən kəşf edirlər.
Ölkəmizə gələn turistlər ayrı-ayrı restoranlarda eyni yeməyi min formada görürlər. Halbuki yeməklər hər yerdə standart hazırlanmalıdır. Bu, mətbəximizin lağa qoyulmasına səbəb olur.
Milli Kulinariya Assosiasiyası tərəfindən tanınan yeganə mətbəx verilişi Xəzər TV-də yayımlanan “Nuş olsun”dur. Verilişin aparıcısı Ağakərim ali təhsilli texnoloqdur. Qalan hamısı milli mətbəximizin adına ləkədir.
Aşpazların efirə çıxarılmasına razılıq verilməsi ilə bağlı qayda yoxdur deyə, bu cür hallar davam edir. Biz ən yaxşı halda bəyanatlar verərək rəyimizi bildiririk. Hətta bəzi verilişləri bəyanat verərək bağlatmışıq”.
IV İslam Həmrəyliyi Oyunları əsəfəsində ölkəmizə gələn turistlərin daha da artacağını vurğulayan T.Əmiraslanov aşpazlara gigiyenik qaydalara riayət etməklə milli mətbəximizi düzgün təqdim etməyi tövsiyə edib.