Bosniya piramidalarının sirləri açılacaqmı? FOTOLAR

0
608

 

Son illərdə arxeoloqlar tərəfindən qədimlərdə bizim təsəvvür etdiyimizdən daha böyük elmi tərəqqiyə nail olan sivilizasiyanın mövcudluğunu sübut edən çoxsaylı artefaktlar aşkar edilib. Onlardan bəziləri alimlər arasında çoxsaylı diskussiyalara səbəb olmaqdadır. İş orasındadır ki, aşkar edilən qədim sivilizasiyanın qalıqlarının əksəriyyəti özündə çoxlu sayda sirlər gizlətməkdə və alimləri belə demək mümkünsə çaş-baş salmaqdadır. Buna da səbəb qədim sivilizasiyaya aid edilən maddi mədəniyyət nümunələri o dövrdə elmi -texniki tərəqqinin yüksək səviyyədə inkişaf etdiyini göstərməsi və bu da insanlıq tarixinin daha qədim olduğunu və bəşər tarixinin heç də hazırda qəbul edildiyi kimi 5-8 min il bundan əvvəl başlamadığını göstərməsidir. Ona görə də əksər tarixçilər bəşəriyyətin ən azı 6-7 dəfə yüksək inkişaf dövrünü keçirdiyi qənaətindədirlər. Belə bir fikir vurğulanır ki, yüz min illər ərzində insanlar yüksək inkişaf səviyyəsinə nail olmuş, ancaq sonra hansısa səbəblərdənsə məhv olaraq tarixdən silinmişlər. Nəticədə bəşəriyyət hər dəfə yenidən öz inikişafına daş dövründən başlamalı olub. Hər halda günümüzdə elmi-texniki tərəqqinin izah edə bilmədiyi qədim sivilizasiyaya aid edilən qalıqlar, o cümlədən sirli Atlantida barədə gəlib çatan məlumatlar da bunu deməyə imkan verir.

Bosniya piramidaları

Tarixçiləri heyrətdə saxlayan Misir piramidaları daim diqqət mərkəzində olub və onların özlərində gizlətdikləri sirləri tam şəkildə açmaq hələlik mümkün deyil. Belə vəziyyətdə hər il onların sırasına yeniləri əvəz olunur. Bu müstəvidə də arxeoloqlar tərəfindən vaxtaşırı dünyanın müxtəlif yerlərində analoji piramidalar aşkar edilir. Özü də onların çoxu Misir piramidalarından daha qədimdir. Belə piramidalardan biri 2005-ci ildə Bosniyada aşkar edildi. Piramidanın üzəri min illər boyu torpaq qatı, ağaclarla və otlarla örtülmüşdü. Onu yüz illər boyu təpə hesab etmişdilər. Amma kosmosdan çəkilən şəkillərdə təpənin altında piramidaya bənzər tikili aşkar edildi. Təpə təmizlənən zaman onun altından daş tikintilər üzə çıxdı. Arxeoloji qazıntılar göstərdi ki, bu qədim piramidadır və o Misirdəkilərdən daha əvvəlki dövrlərə aiddir. İlkin araşdırmalar Bosniya piramidasının ən azı 12 min il əvvələ aid olduğunu göstərdi. Bosniya piramidalarını diqqətlə öyrənən alim Semir Osmanaqiç uzun arşadırmalardan sonra bu qərara gəldi ki, əslində Bosniya piramidasının ən azı 12500 il yaşı var. O bununla əlaqədar NTD telekanalına verdiyi müsahibəsində: “Piramidada tapılan Günəş təsviri olan üzvi materialın bioloji analizi göstərdi ki, Bosniya piramidasının ən azı 12500 il yaşı var”,-deyib.

2012-ci ildə İtaliyadan olan iki arxeoloq doktor Rikardo Bret və Nikkolo Biskonti Bosniya piramidasında daha bir üzvi materialdan olan fraqment aşkar etdilər. Bu fraqmentin radiokarbon analizi göstərdi ki, Bosniya piramidasının 20.000 yaşı var. Bu isə o deməkdir ki, Bosniya piramidası Şumer və Babil sivilizasiyasından daha qədimdir. Sarayevodakı Geodeziya İnstitunun alimi Enver Buza piramidanı diqqətlə öyrəndikdən sonra onun şimala istiqamətləndiyini aşkar edib. Bütün bunlar isə alimləri yenə də çətin vəziyyətə salıb. Belə çıxır ki, Yer üzündə daş dövrü başlamazdan min illər öncə bizə məlum olmayan sivilizasiya mövcud olub. Bu sivilizasiyanın izləri isə buzlaşma dövründə yoxa çıxıb. Bununla belə o dövrə aid qalıqların bəziləri günümüzə qədər gəlib çıxıb. Yeni piramidanın aşkar edilməsindən bir müddət sonra ərazinin şəkilləri kosmosdan yenidən çəkildi. Məlum oldu ki, yaxınlıqda daha iki-üç piramida mövcuddur.

Arxeoloji qazıntılar yaxınlıqda daha 2 piramidanın mövcud olduğu barədə kosmosdan çəkilən şəkillərin doğru olduğunu təsdiq etdi. Ona görə də onları bir-birlərindən fərqləndirmək üçün ilk tapılan piramidaya Günəş, o birilərinə isə Əjdaha və Ay adları verildi. Araşdırmalar zamanı piramidaların bir-birləri ilə tunellər vasitəsi ilə birləşdiyi üzə çıxdı. Bundan əlavə məlum oldu ki, 30-40 min il əvvəl burada piramidalar vadisi olub. Piramidalar 2200 metr uzunluğu olan bərabəryanli üçbucaq əmələ gətirir. Tunellər oksigenlə zəngindir və bu da çoxlu sayda suallar ortaya çıxır. Qədim sivilizasiya tunellərin günümüzdə belə heyrət doğuracaq səviyyədə oksigenlə necə təchiz edə biliblər. Sonrakı araşdırmalar daha iki piramidanın üzə çıxmasına yol açdı. Bu piramidalardan ən nəhəngi isə Günəş piramidasıdır və ölçüsünə görə Heops piramidasından daha böyükdür. Son araşdırmalar zamanı əksər tədqiqatçılar belə qənaətə gəliblər ki, piramidalar enerji mənbəyi rolunu oynayıb. Rus tədqiqatçısı, tanınmış geodeziyaçı alim Oleq Xavroşkin isə geoloji analizlər nəticəsində bu qərara gəldi ki, Bosniya piramidalarının altında çoxsaylı labirintlər mövcuddur. Bu labirintlərin insanların daha təhlükəsiz şəkildə yaşaması üçün nəzərdə tutulduğu ehtimal edilir. Lakin yenə də sual çıxır: Belə qabaqcıl texnologiyaya malik olan insanları piramidaların altındakı labirintlərdə yaşamağa, daha dəqiq desək gizlənməyə nə məcbur edib? Piramidaları tədqiq edən Osmanaqiç bunun o dövrdəki sivilizasiyanın radiasiyadan və soquq havadan qorunma məqsədi ilə edilə biləcəyini ehtimal edir.

Tədqiqatçıların əksəriyyəti isə belə hesab edir ki, o dövrdə yəni Yer üzərində buzlaşma dövrünün başlamasından əvvəl müxtəlif inkişaf səviyyəsinə malik olan bir neçə sivilizasiya mövcud olub. Ola bilsin ki, onlar arasında nüvə müharibəsi təhlükəsi olduğundan bu piramidalar gizlənmək və buzlaşma dövrü qorxusuna qarşı inşa edilib. Piramidaların inşasında 40 tonluq daşlardan istifadə edilib. Bu ağırlığında daşların bir-birlərinin üzərinə hansı texnikanın köməyilə olduqca riyazi dəqiqlilklə qoyulmasının sirrini isə alimlər tapa bilmirlər. Ola bilsin ki, müxtəlif xalqların eposlarında əksini tapan “allahların” müharibəsi mif deyil və bu o dövrdə uzaq planetlərə uçub getməyi bacaran sivilizasiyanın mövcud olduğunu müəyyən qədər ehtimal etməyə bir daha imkan verir..

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three × five =