“Boşanmaların 20-30 faizinin səbəbi sosial şəbəkələr olub”

0
771

arxiv

“Hətta bir layk və şərhə görə də boşananlar var”- Bunu APA TV-yə açıqlamasında vəkil Xəyal Bəşirov deyib. Onun sözlərinə görə, son zamanlar əsassız boşanmaların sayı artıb. 2016-cı ildə 13 min ailənin nikahına xitam verilib. Vəkilin sözlərinə görə, boşanmaların 20-30 faizinin səbəbi sosial şəbəkələr olub.

Azərbaycanda ailələr belə zəifləyib yoxsa sosial şəbəkələr çox ciddi ailə dağıdan amildir? Ya Azərbaycan cəmiyyəti müasir texnologiyalar üçün çox konservativdir?

Azərbaycanlı ekspertlərin dediklərinə keçməzdən əvvəl, dünyaya nəzər salaq

Dünyanın Hüquq məsələləri üzrə ixtisaslaşan ən böyük saytlarından olan HG.org bildirir ki, eyni problem digər ölkələrdə də var. Sayt yazır ki, 2012-ci ildə Britaniyada boşanmalar üzrə vəkillər arasında sorğu keçirilib. Sorğunun nəticələrinə görə, hər 3 boşanmadan biri sosial şəbəkədən istifadə üstündə narazılıqla bağlıdır.

ABŞ-da 2010-cu ildə ailə məsələləri ilə məşğul olan vəkillər akademiyasının keçirdiyi sorğuya görə hər 5 boşanma prosesinin 4-də gətirilən dəlillər arasında mütləq sosial şəbəkənin adı çəkilir.

HG.org Kiberpsixologiya, Davranış və Sosial Şəbəkə jurnalında dərc olunmuş araşdırmanın gəldiyi nəticəni də yada salır. Missuri Universitetinin Jurnalizm Məktəbindən Russel Claytonun Havay Universitetindən və San Antoniodakı Müqəddəs Mariya Universitetindən olan həmkarları ilə birgə araşdırmasına görə, sosial şəbəkədən fəal istifadə edənlər özləri-özlərinə münasibətlərin korlanması və boşanma riski yaradırlar.

“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl bildirir ki, sosial şəbəkələrin boşanmalara təsiri olsa da, tək bu amili bəhanə gətirmək doğru deyil. Onun sözlərinə görə bir vaxtlar telekanalllarda yayımlanan xarici teleserialları boşanmalara səbəb kimi gətirirdilərsə, indi bunu sosial şəbəkələrlə əvəzləyiblər.

Ekspert deyir ki, boşanmaların əsas səbələrindən biri əhalidə əyləncə imkanlarının məhdud olmasıdır. Şəhla İsmayılın fikrincə sosial şəbəkələr, telefonlar, seriallar ailədaxili məsələlərə təsiredici amil olsa da məsələnin kökü başqadır. Onun sözlərinə görə məsələnin kökü təhsildə, tədrisdə, elə ailələrin özündə ailə institutuna hazırlığın olmamasındadır.

“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə artıq yeni qurulan ailələrin əksəriyyətində inam və etimadın olmaması adi bir hala çevrilib. Onun sözlərinə görə ailə quranlar “alınmaz, boşanaram” fikri ilə nikaha girirlər.

Ekspert bildirir ki, müəyyən mənada sosial şəbəkələrin boşanmalara təsiri var. Mehriban Zeynalovanın fikrincə ailə münasibətlərində qarşılıqlı hörmət kimi bəzi normalar var ki, onlara əməl olunmalıdır.

“Gənc Vətəndaş Maarifləndirmə” İctimai Birliyinin icraçı direktoru Günel Səfərovanın fikrincə, boşanmaların səbəbini yalnız sosial şəbəkələrin üzərinə yıxmaq doğru deyil. Onun sözlərinə görə səbəblər fərqlidir. Ekspert bildirir ki, bu sahədə müşahidələri göstərir ki, boşanmalara əsas səbəb ailə quranların ailə hazırlığı səviyyəsinin az olmasıdır.

Günel Səfərova bildirir ki, ona edilən müraciətlərdə sosial şəbəkələrdən istifadədən daha çox, ondan hansı məqsədlərlə istifadə edilməsi önəm daşıyır. Yəni sosial şəbəkələrdən daha çox istifadə edənlər bəzən ailəsinə lazım olan qədər vaxt və diqqət ayıra bilmir. Ekspert qeyd edir ki, hazırda ailələrin dağılmaması üçün mexanizmlər yoxdur.

BIR CAVAB BURAXIN