“Biz sənət adamlarının çörəyi xalqımızın xoşbəxt günlərindən çıxır”

0
626

 

Müsahibim sevimli müğənnimiz Elariz Məmmədoğludur. Həmişəki kimi suallarımızı səmimiyyətlə cavablandıran sənətçi ilə bir çox məqamlara toxunduq.

 

Elariz müəllim, yaradıcılıq işləri məhsuldarlığını itirməyib ki?

 

– Hazırda yeni mahnı yazdırıram. Sözləri rus şairinə, bəstəsi özümə aid olan mahnının hələlik adını sürpriz olaraq saxlayıram. Əgər bu mahnı dinləyicilərin xoşuna gələrsə, klip də çəkdirəcəyəm.

 

Filosoflardan biri deyib ki, özün haqda qışqıra-qışqıra danışma. Qoy başqaları sənin barəndə sakitcə danışsınlar. Sizcə indiki zamanda özün danışmasan, kimsə yerinə danışacaq?

 

– Təbii ki, insan özü haqda qışqıra-qışqıra danışmamalıdır. Onun insanlığına, sənətinə, şəxsiyyətinə dəyər verib kimsə danışmalıdır. Amma bu gün əksinədir. 50 il yaşayırsan, sənətində uğurlar qazanırsan, şəxsiyyət kimi özünü təsdiqləyirsən, hər kəs səni yaxşı adam kimi tanıyır, amma heç kim sənin haqqında danışmır. Kimsə uğurlarından söz açmağa sanki xəsislik edir. O üzdən insan bəzən bütün bunlara reaksiya olaraq özü haqqında qışqıra-qışqıra danışmaq məcburiyyətində qalır. Paxıllıq hissi güc gəldiyi üçün insanlar yaxşını deməkdən çəkinirlər.

 

Laqeyd olmağı bacarırsınız?

 

– O baxır məqama. Elə bir məqam olur ki, mən orda laqeyd olmağı üstün tuturam. Amma bəzən elə bir şərait yaranır ki, o yerdə laqeyd qalmaq, Allaha da xoş getməz. Hamınıza məlumdur ki, bu yaxınlarda bir aparıcı ilə müğənni arasında qalmaqal yarandı. Mən orda haqsızlıq gördüyümçün dedim ki, mən məsələni bilirəm, haqqına danışmaq lazımdı. Yəni bu məsələdə laqeyd ola bilmədim.

 

Yoluna qoya bildinizmi o münasibətləri?

 

– Buna çalışırıq.

Ürəyinizə məlhəm olanlar çox olub, ya neştər?

 

– Neştər olanlar çox olub. Təəssüf ki, mərhəmətli insanlar azalıb. Nədənsə həmişə yaxşılar pislərdən az olur.

 

Bəs siz özünüz kiminsə ürəyinə məlhəm ola bilmisiniz?

 

– Vallah, mən elə ömür boyu buna çalışmışam. Etiraf edim ki, haqsızlıq görəndə bəzən etdiyim yaxşılığa görə peşman olmuşam. Həmişə yaxşılıq etmək amalım olub.

 

Əkdiyiniz ağacların bəhrəsi var?

 

– Əkdiyim ağaclar övladlarım, oxuduğum mahnılar, yaradıcılığımdakı uğurlarımdır ki, bəhrəsini görürəm. İnsan düzgün istiqamətdə əziyyət çəkirsə, onun bəhrəsini görür.

 

Mübariz olub qələbə çalmısınız, yoxsa zəfər sizdən tez-tez yan ötüb?

 

– Sənətimdə də, şəxsi həyatda da həmişə mübariz olmuşam. Şükür Allaha, qələbələrim qurduğum ailəm, onların tərbiyəsi, savadı, hər şey göz önündədir.

 

Elariz müəllim, həyat sərt məktəbdir?

 

– Əlbət də, həyat çox sərt məktəbdir. Mən həmişə övladlarıma deyirəm ki, valideyn həmişə övladının yanında ola bilmir. Yəni ata-ananız ömürlük sizinlə yoldaş deyil. Ona görə də siz bizdən sonrakı həyata, biz olmayan həyata hazır olun. Biz çəkən əziyyətləri siz çəkməyin.

 

 

Cavabsız qalan suallarınız çoxdur?

 

– Suallar çoxdur, lakin onların əksəriyyətinin cavabı gec gəlir. Çünki mən o sualları  Allahıma ünvanlayıram. Və Tanrım zamanı gəldikcə suallarımın cavabını göndərir. Əlbət də ki, cavabsız suallarım hələ var.

 

Tez-tez özünüzə hansı sualı verirsiniz?

 

– Tez-tez özümə sual verirəm ki, mən niyə yaşayıram?

 

Cavab tapmısınızmı?

 

– Cavab tapmışam. İnsan ya təmiz adla yaşamalıdır, ya da yaşamamalıdır.

 

Samir Piriyevlə münasibətləriniz nə yerdədir?

 

– Mənim həmişə Samir Piriyevlə münasibətlərim yaxşı olub. Aqil adam kimi fikirləşirəm ki, bu gün də yaxşı olmalıdır. Çünki Samir Piriyev də, Kamran Həsənli də mənim sənət yoldaşlarımdı. Və sənət yoldaşlarımın bir-birinə qarşı belə münasibəti məni qəlbən incidir. Ona görə də bu mövzuda Allah xatirinə, haqqına həll etməyi üstün tuturam.

 

Ümumiyyətlə, sənət aləmində dostunuz var?

 

– Nəinki dostum, dostlarım var. Mən onların xətrini həmişə əziz tuturam. Amma münasibətim yaxşı olduğum insanlar daha çoxdur. Mənim sənət yoldaşlarımdan şikayət etməyə haqqım yoxdur. Övladlarımın toy günlərində sənət dostlarımın necə ürəkdən iştirak etdiklərinin şahidi oldum. Kənardan bunu müşahidə edərkən fərəhlənirdim. Ona görə də sənət dostlarımla daha da mehriban, səmimi olmağa çalışıram. Lakin onlar bir-birləri ilə qalmaqal edəndə, haqqın tərəfində oluram.

 

Sizcə Kamranla Samirin bu münasibətində haqq kimin tərəfindədir?

 

– Haqqın kimin tərəfində olmağı ilə məşğul olan orqan var. Artıq bir tərəf şikayət ərizəsi ilə müraciət edib. Amma mənim mövqeyimə görə, haqqın tərəfindəyəm. Övladlarıma da deyirəm ki, yalandan kiməsə nəsə deyib aldatmaq olur. Amma Allah qarşısında hesab verir insan. Tanrını aldatmaq olmaz.

 

Dost nə üçün lazımdı?

 

– Dosta həm ağır, həm də xoşbəxt günlərində ehtiyac var. Belə günlərdə və yol yoldaşı olanda dostun kim olduğunu daha yaxşı bilirsən.

 

Bu gün demək olar ki, əksər müğənnilərin toy bazarında durğunluq var. Bu nə ilə əlaqədardır?

 

– 2009-cu ildə  Amerikanın prezidenti rəsmi şəkildə maliyyə böhranının başlanmasını söylədi. Və elə o vaxtdan da bu davam edir. Lakin bu ilin ikinci yarısından elə bil ki, bir qədər müsbətə doğru irəliləyiş var. İnşallah ki, bu irəliləyiş daha da sürətlənsin və insanların da yaşantısında canlanma olsun. Əslində müğənnilərə yox, onları sevənlərə pul lazımdı. Xalqın pulu çox olsun ki, biz də onların məclislərində iştirak edib zəhmətimizin bəhrəsini alaq. Təvazökarlıqdan uzaq da olsa, tez-tez işlətdiyim bir kəlamımı demək istəyirəm. “Biz sənət adamlarının çörəyi xalqımızın xoşbəxt günlərindən çıxır”.

 

  1. S: Həyat sərt məktəbdir. Lakin o hər kəsi öz əməllərinə görə qiymətləndirməyi də bacarır. Damla-damla qazandığı xalq sevgisi xərclədiyi illərinin bəhrəsidir. Və geriyə dönərkən təəssüf hissi keçirmirdi. Əksinə, keşməkeşli yolların onu uğura doğru apardığı üçün Tanrıya şükürlər edirdi.

 

Mətanət Şamilqızı

 

BIR CAVAB BURAXIN