“ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Deyr-ez-Zor rayonunda Suriya qoşunlarına məqsədyönlü şəkildə zərbə endirib”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu “Associated Press” agentliyinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd bildirib.
Onun sözlərinə görə, Suriya hərbçilərinin mövqeyinə endirilən aviazərbələr bir saat davam edib: “Bu təsadüf insident deyildi. Suriya əsgərlərinə bir deyil, dörd təyyarə aviazərbə endirib. Bir saatdan çox səhv etmək olmaz”.
Qeyd edək ki, Qərb koalisiyasının sentyabrın 17-də Suriya ordusuna endirdiyi aviazərbə nəticəsində 62 hərbçi ölüb, 100 nəfər yaralanıb. Aviazərbə faktını etiraf edən ABŞ komandanlığı bu barədə Moskvanı əvvəlcədən xəbərdarlıq etdiyini bəyan edib. Rusiya XİN isə ABŞ-ın bu addımını İŞİD terrorçu qruplaşmasına dəstək kimi qiymətləndirib.