Neft ixracatçılarının “orkestri”: hər ağızdan bir avaz gəlir

0
589
 11

OPEC-ə daxil olan və olmayan neft ölkələrinin nümayəndələrinin Vyanada keçirilən ikigünlük texniki məşvərəti gözlənildiyi kimi yekdil mövqe ortaya qoyulmadan başa çatıb. Bəribaşdan qeyd etmək lazımdır ki, bu toplantıya Azərbaycanın energetika naziri Natiq Əliyev sədrlik edirdi. Cənab Əliyevin toplantıya sədrlik etməsi heç də Azərbaycanın neft ehtiyatlarının həcminə və bazarda oynadığı rola görə deyildi. Sadəcə olaraq toplantıya Azərbaycan istisna olmaqla heç kim nazir səviyyəsində qatılmamışdı və bu səbəbdən sədrlik Natiq Əliyevə həvalə olundu.

Toplantıda OPEC-ə daxil olan və olmayan ölkələrin neft hasilatını gündə orta hesabla 400 min barrel azaldaraq 32.5-33 milyon barrel səviyyəsində dondurması müzakirə olunurdu. Lakin yekdil mövqe ortaya qoyulmadı və yeganə nəticə bu oldu ki, növbəti belə görüş noyabrın üçüncü ongünlüyündə-OPEC üzvü olan ölkələrin neft nazirlərinin rəsmi görüşü ərəfəsində keçirilsin.

Vyana məsləhətləşmələrinin birinci günü 11 saat davam edib, bu gün isə iştirakçılar 7 saatlıq müzakirələrlə kifayətləniblər. Təbii ki, arada fasilə də ediblər. Toplantı başa çatdıqdan sonra jurnalistlərə Natiq Əliyev açıqlama verib. Deyib ki, hasilatın dondurulması məsələsi İran və İraqdan asılıdır. Hansı ki, bu ölkələr hasilatın məhdudlaşdırılması ideyasını dəstəkləmirlər və daha çox bazardakı mövqelərini geri qaytarmaq barədə düşünürlər.

Lakin OPEC-ə üzv olmayan ölkələrdən Qazaxıstan da hasilatın məhdudlaşdırılmasına soyuq yanaşır. Toplantının getdiyi saatlarda Qazaxıstanın energetika nazirinin müavini Maqzum Mirzaqaliyev deyib ki, Astana hələ bu haqda qərar qəbul etməyə hazır deyil. “Fikrimcə biz bir daha görüşməliyik. Digər tərəfdən məsələni daxildə müzakirə edib konkret qərar qəbul etməyə ehtiyac var”-o deyib.

Vyana görüşü ilə bir vaxtda digər neft ölkəsi Braziliya isə bildirib ki, hasilatı nəinki dondurmaq fikrində deyil, üstəlik artırmağı düşünür. Doğrudur, Braziliya hasilatı nə qədər artıracağını açıqlamayıb, ancaq bu ölkənin neft rəsmiləri bildirib ki, hasilatın 2017-ci ildə də artırılması planlaşdırılır. Braziliyanı Vyana məsləhətləşmələrində təmsil edən Energetika Nazirliyinin neft-qaz departamentinin rəhbəri Marsiu Feliks isə deyib ki, qəti mövqe bildirmək üçün başqa ölkələrin də mövqelərini eşitmək lazımdır.

Qeyd etmək lazımdır ki, Braziliya parlamentinin spikeri, prezidentin səlahiyyətlərini icra edən Rodriqo Mayya Bakıya rəsmi səfərə gəlir və onun səfəri Azər baycan tərəfinin dəvəti ilə baş tutur. Ehtimal olunur ki, bu səfərdə neftin qiymətinin yüksəlməsinə təkan vermək üçün məsləhətləşmələr aparılacaq. Bundan əvvəl neftin ucuzlaşmasına görə iqtisadiyyatı ağır duruma düşən Venesuelanın prezidenti Nikolas Maduro Bakıda səfərdə olub və hasilatın məhdudlaşdırılması barədə danışıqlar aparıb. Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Bakı birtərəfli qaydada hasilatı artırmamaq barədə qərar verib və başqa hasilatçı ölkələri də buna çağırır.

Beləliklə, hazırda hasilatın məhdudlaşdırılması barədə mövqeyini tam qətiləşdirən bir neçə ölkədən biri Azərbaycandır. Qalanların isə hərəsinin ağzından bir avaz gəlir. Bu isə bazarda hazırda 50 dollar səviyyəsində stabilləşən qiyməti əksinə, aşağı sala bilər…

Virtualaz.org

BIR CAVAB BURAXIN