Bir əsərin tarixçəsi “SƏTTARIN ARZUSU” NECƏ YARANDI?

0
885

Azərbaycan dekorativ-tətbiqi sənətinin son bir qərinəlik inkişafının ən parlaq səhifələrini Xalq rəssamı Eldar Mikayılzadənin yaratdığı xalçalar təşkil edir, desək, yanılmarıq. Hələ tələbəlik illərində yeniləşməyə duyulası dərəcədə çətin olan xalçaçılıqda bu sahənin ən tələbkar xiridarlarını belə heyrətlənməyə məcbur edən gənc rəssam, toxuduğu “Şəbi-hicran” (1981) xalçası ilə çox yüksək sənət zirvəsini fəth etdiyndən, əslində, özünün bundan sonrakı yaradıcılığını yalnız yeniliyə köklənməsini şərtləndirmişdi. Yaxşı haldır ki, o, bunu zamanında duymuş və bu günə kimi ərsəyə gətirdiyi süjetli və ornamentli xalçaları ilə bu sahədə əldə etdiyi birinciliyi qoruyub saxlaya bilmişdir. Onun zamanın axarında yaratdığı “Nağıllar aləmi” (1983), “İslam” (1992), “Təbriz” (1993), “Bürclər” (1994), “Xilaskar” (1995-1997), “Üç din” (1998), “Səttar” (1999), “Bismillahir-rəhmanir-rəhim” (2001), “Üç peyğəmbər” (2003), “Yaranış” (2010) və s. nadir sənət nümunələri də bunun təsdiqidir. Bu xalçaların bir çoxuna rəssamın Brüsseldə təşkil olunan fərdi sərgisində (1996) tamaşa edən Azərbaycan xalqının ümumimilli lideri Heydər Əliyev onların bədii tutumundakı çoxqatlılığı xüsusilə yüksək dəyərləndirmişdi.
Qənaətimizcə, bu günlərdə xalçaçı-rəssamın ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə birbaşa “Azərbaycan Respublikasının Xalq rəssamı” fəxri adına layiq görülməsi də onun milli incəsənətimizin inkişafına verdiyi bənzərsiz töhfələrin rəsmi dəyərləndirilməsi sayıla bilər.
Əgər bu gün 62 yaşlı sənətkarın yaradıcılıq irsini dəyərləndirməli olsaq, onda ilk növbədə yaratdığı xalçaların qeyri-adi dərəcədə naxış və təsvir zənginliyini, eləcə də onların çoxqatlı məna-məzmunla yükləndiyini qeyd etməliyik. Başqa sözlə desək, onun hər bir xalçanın ümumi kompozisiyasının ən müxtəlif elementlərini mənalandırması və bu “təsvirlər məcmusu”nun bədii bütövlüyünə nail ola bilməsi dünya xalçaçılığında bu vaxta qədər rast gəlinməyən haldır. Onun asimmetrik “Şəbi-hicran” (1981, 2006) xalçasında təbiət elementlərindən Füzulinin obrazlı portretini yaratmasından və “dərd şairi”nin bənzərsiz sənət dünyasına “ğzünəmxsus bədii güzgü tutmasından başlanan bu yüksəliş, sonrakı illərdə müxtəlif çeşnili bənzərsiz toxuculuq nümunələrindən keçməklə, sonda özünü daş-qaşlarla ilmələrin qovşağından yaradılan və dünyada bənzəri olmayan “Kəhkəşan” (2012) əsərində növbəti mərhələsinə yetişmişdir. Sənətkarın yaxın-uzaq yaradıcılıq planlarına az-çox bələdçiliyimizin qarşılığında qətiyyətlə deyə bilərik ki, əldə olunan bədii-texniki uğurlar hələ son deyil. Belə ki, hazırda yaradıcılığının çiçəklənmə dövrünü keçirən xalçaçı-rəssam hələ bundan da yüksək zirvələr fəth etmək istəyindədir…
Onun bu vaxta qədər ərsəyə gətirdiyi çoxsaylı xalçaların hər birinin özünəməxsus yaranma tarixçəsi vardır. Amma “Səttarın azusu” (2012) onların arasında bəzi xüsusiyyətlərinə görə seçilir. Elə bu yazıda rəssamın müstəqillik illərində yaratdığı “Səttarın arzusu” xalçası barəsində söz açmağa qərar verməyimizin səbəbsiz olmadığını görəcəksiniz.
Adından da göründüyü kimi əsər məşhur fırça ustası, Xalq rəssamı Səttar Bəhlulzadəyə həsr olunub. Dahi həmyerlisi ilə ilk ünsiyyətindən onu özünün “mənəvi ulduzu” sayan Eldar Mikayılzadə, çoxsaylı görüşləri və söhbətləri zamanı bənzərsiz mənzərə ustasından rənglərlə “danışmağı”, onlarla “ünsiyyət qurmağı” öyrənə bilmişdi. İlmələrin sirrini isə o, xalça elmimizin banisi Lətif Kərimovdan, bu sənətin nəhayətsiz texnoloji bilik və vərdişlərini isə bu sahədə əvəzsiz olan Cəfər Müciridən öyrənmişdi. Odur ki, o, həmişə sənətdə əldə etdiklərinə görə bu üç nəfərə minnətdar olduğunu dilə gətirir.
Eldar Mikayılzadənin Səttar Bəhlulzadə dünyasına müraciətinin kökündə həm də onun Azərbaycan tarixini şərəfləndirən şəxsiyyətlərin obrazlarına davamlı olaraq müraciət etməsi durur, desək, həqiqəti söyləmiş olarıq. Əslində, rəssam bu xalça üzərində çalışmağa başlayanda onun Səttar Bəhlulzadəyə həsr olunmuş bir-neçə əsəri vardı. Amma xalçaçı-rəssamı məhz “Səttarın arzuları” xalçasını yaratmağa başqa bir hadisə məcbur edib…
Bu hadisə onun Ə.Əzimzadə adına rəssamlıq məktəbinin son kursunda oxuduğu 1974-cü ildə – rəssamın dünyasını dəyişməsindən bir müddət əvvəl baş verib. O, heç vaxt unuda biməyəcəyini tez-tez dilə gətirdiyi bu görüşü xatirələrində belə yaşadır: “Axşam dərsdən evə qayıdanda mənə bildirdilər ki, rəssamın qardaşı oğlu bizə gəlmişdi. Səttar xəbər göndərib ki, Eldar nə vaxt evə gəlsə mütləq mənə dəysin. Durmayıb onlara yollandım. Saat 9-10 arası olardı. Qapını açıb içəri girdim. Gördüm ki, elə dəhlizdə döşəyin üstündə uzanıb yatıb. Onu qaldırmağı qıymadım, gözləməyə qərar verdim. Yanında balaca albomu görəndə fikrimdən onun rəsmini çəkmək keçdi. Götürüb karandaşla onun rəsmini çəkdim. Özümü nə qədər sakit aparmağa çalışsam da, elə hənirtiyə ayıldı. Hal-əhval tutandan sonra məni çağırmasının səbəbini dedi. Bildirdi ki, səhər müalicə üçün Moskvaya yola düşür, dünyanın işini bilmək olmaz, bəlkə, bir də görüşmədik. Çağırdım ki, halallaşaq. Beləcə ayrıldıq. İndi o vaxt çəkdiyim rəsm mənə tez-tez həmin günləri, sevimli müəllimim Səttar Bəhlulzadəni xatırladır…”
Bu günlərdə Rəssamıq Akademiyasının sənətşünas-tələbələrilə onun emalatxanasında olarkən xalçaçı-rəssam həmin görüş barəsində yazılmayanları da xatırlatdı. O, bildirdi ki, söhbətimiz zamanı Səttar gələcək yaradıcılıq arzularından da danışdı. Bildirdi ki, Azərbaycan təbiətinin ümumiləşdirlmiş möhtəşəm obrazını yaratmaq niyyətindədir. Əlavə etdi ki, əcəl aman versə, qayıdan kimi bu əsəri işləyəcəyəm. Amma o, geriyə tabutda döndü və arzusu da ürəyində qaldı. Beləcə, düz 38 il mən onun “arzusu”nun təsiri altında yaşadım. Vəziyyətdən çıxış yolunu xalçada “Səttarın arzusu”nu yaratmaqda gördüm və işə başladım. Elə həmin 2012-ci ildə üzərində böyük həvəslə işlədiyim bu əsəri tamamladım…
Dahi mənzərə ustasına həsr olunmuş xalçada o. rəssamın 36 rəngkarlıq əsərinin fraqmentlərini bir araya gətirməklə, Azərbaycan təbiətinin ümumiləşdirilmiş obrazını yaratmağa nail olmuşdur. Burada “Azərbaycan nağılı”, “Kəpəzn göz yaşları”, “Gülüstan”, “Mənim anam”, “Qədim tut ağacı”, “Piti”, “Abşeron natürmortu”, “Gəlin guşəsi”, “Batabat”, “Suraxanının qədim alovları”, “Torpağın arzusu” və s. əsərlərinin ayrı-ayrı fraqmentlərindən incəliklə istifadə olunmuşdur. Kompozisiyada yalnız bir müəllif əlavəsi mövcuddur. Bu da xalçanın yuxarı hissəsində – “Batabat”dakı çəhrayı dağın arxasından u əsrarəngiz Azərbaycan təbiətinə nəzər salan Səttarın gözləridir. Bizcə təbiətlə vəhdətdə verilən bu gözlər bütün görüntüyə gətirilənləri qovuşdura biləcək çox məntiqli bədii tapıntıdır.
İlmələrinin sıxlığı 50×50 olan və ölçüsü 180×270 sm olan xalçanın toxunulmasında rənglərin çoxsaylı çalarlarından istifadə olunmuşdur. Bu da əsərin ümumi koloritinə əlvanlıq gətirməklə böyük mənzərə ustasının ecazkar yaradıcılıq palitrasına uyğundur…
Diqqətçəkən məqam müəllifin xalçanı divarda –sərgi salonunda asılmış rəngkarlıq əsəri kimi təqdim etməsidir. Doğrudan da bəyaz çərçivəyə salınmış rəngkarlıq əsəri, onu əhatələyən məkanın tərtibatı ilə həyatdan götürülmüş real səhnəni xatırladır. Buradakı üzəri fotoaparatlı skamya, etüd çantası, gül çələngi və ona bəxş olunan yaradıcı gücə görə Tanrıya dua edən müəllifin “kölgə”- obrazı da əsərin təbiiliyni şərtləndirir, desək, həqiqəti söyləmiş olarıq
Əslində çoxsaylı əsərlərdən “məcmu”, “qurama” və yaxud “kollaj” yaratmaq elə də çətin bir proses deyil. Ancaq Eldar Mikayılzadə çox fərqli bir bədii vasitədən istifadə etməklə, bu çoxsaylı fraqmentlərdən bütövlüyü danılmaz olan yeni bir mənzərə yaratmışdır. Onun qənaətincə, “Səttarın arzusu” yalnız bu bədii tutumda və bu möhtəşəmlikdə ola bilərdi. Bu əsərin dahi mənzərə ustasının digər tabloları kimi cəlbedici və duyğulandırıcı olması da bizi buna inandırır…
P.S. Yazı “Mədəniyyət” qəzetinin 15 iyun 2018-c il tarixli sayında çap olunub.
Ziyadxan Əliyev
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi,
“Sənətşünaslığın təbliği” ictimai birliyinin sədri

Görüntünün olası içeriği: 1 kişi, gözlük ve yakın çekim
Görüntünün olası içeriği: 4 kişi, ayakta duran insanlar ve iç mekan
Görüntünün olası içeriği: iç mekan
BeğenDaha fazla ifade göster

Yorum Yap

BIR CAVAB BURAXIN