“Bıçaqla oğlumun kürəyindən vurdum…”, “Atamı bağışlayıram”

0
526
Ata məhkəmə zalından azad olundu

Bu gün oğlunu bıçaqlamaqda təqsirləndirilən 1955-ci il təvəllüdlü Rafail Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs qismində dindirilən Rafail Mehdiyev özünü qismən təqsirli bilib. O, bildirib ki, milliyyətcə osetin olan həyat yoldaşı Mehdiyeva Svetlana Urusxan qızı ilə 1981-ci ildə ailə həyatı qurub və bu evlilikdən iki övladı var: “Oğlum Rauf əvvəllər avtomobil yuma məntəqəsində işləyib. Hazırda işsizdir və bizlə yaşayır. Mən uzun müddət tornaçı işləmişəm, amma son illər səhhətimlə əlaqədar ağır iş görə bilmirəm. Günümün yarısı həyətdə, yarısını evdə keçirirdim. Sərxoşluqla məşğul deyildim. Sadəcə ağır və zərərli iş şəraitinə görə mütəmadi olaraq spirtli içki qəbul edirdim, amma heç vaxt spirtli içkini özümü idarə edə bilməyəcək dərəcədə qəbul etmirdim.  Evdə həmişə arvadım da, oğlum da içməyimə qarışıb, etiraz edirdilər”.

 

61 yaşlı kişi hadisə günü barədə də danışıb. O, bildirib ki, bir müddət içkini atıb. Lakin sonra yenidən içməyə başlayıb: “2016-cı ilin təxminən mart ayının əvvəllərindən spirtli içkini faktiki olaraq atmışdım. Təxminən 3 aylıq fasilədən sonra yenə arabir spirtli içki qəbul etməyə başladım. 2016-cı ilin iyun ayının 9-da axşam saat təxminən 18 radələrində həyat yoldaşım evdə olmadığından özümə yemək hazırlayıb yedim. Yemək zamanı da 250 qramlıq araq içdim. Rauf evdəydi. İçdiyimi bilsə də, yanıma gəlmədi. Gecə saat 2-di. Yuxudaydım. Arvadımla oğlum qızğın mübahisə edirdi. Rauf  spirtli içki içməyimə görə əsəbiləşmişdi. Ucadan təhqiramiz ifadələr işlədir, söyüş söyürdü. Arvadım narazılığını bildirirdi. Ona görə də özümü toplayıb ayağa qalxdım. Raufa dedim ki,  “mən evimdə içirəm, heç kimə də narahatçılıq yaratmıram, niyə mənə qadağa qoyursan, niyə söyürsən?”. Bundan sonra Rauf daha da əsəbiləşərək üstümə hücum çəkdi. Gözləmədiyim halda sifətimə sağ və sol tərəfdən iki dəfə yumruqla zərbələr, həm də sillə vurdu. Bir ayağım keyləşmiş vəziyyətdə olduğundan müqavimət göstərə bilmədim.

Həyat yoldaşım yaxınlaşıb dərhal bizi ayırdı, Raufu sakitləşdirdi. Oğlumun ortada ciddi bir səbəb olmadan məni söyərək təhqir etməsindən və vurmasından çox əsəbiləşdim. Divanın yanındakı stolun üstündə olan mətbəx bıçağı gözümə sataşdı. Raufu qorxutmaq məqsədilə bıçağı əlimə götürdüm. Bıçağı sol əlimdə saxlayıb, Raufun dalınca mətbəxə girdim. Mətbəxə çatan kimi oğlumun kürəyindən zərbə vurdum. Əslində heç bir halda oğluma ağır xəsarət yetirmək niyyətim yoxuydu. Oğlumu döymək fikrindən daşındırmaq üçün Raufa toxunub onu qorxutmaq istəyirdim. Dərhal bıçağı geri dartdım, oğlum qışqırmağa başladı. Raufun kürəyindən qan axdığını görüb özümü itirdim, təxminən iki-üç dəqiqə ərzində baş vermiş bu hadisədən donub qaldım. Rauf pis vəziyyətə düşdüyümü gördü və “eybi yox, sən məni bıçaqla vurdun, ancaq səni bağışlayıram” dedi. Həkimi çağırdıq. Sonra bir saatdan sonra polis gəldi. Baş verən faciəni polislərə etiraf etdim. Törətdiyim əməldən çox peşmanam. Oğlumla ilə dərhal barışmışam. Rauf mənim yeganə oğlumdur, ömrü boyu fəhləlik eləyib onu böyütmüşəm. Hadisəyə oğlumun bir ata kimi mənə qarşı etdiyi nalayiq hərəkətlər səbəb oldu. Bununla belə, özümə haqq qazandırmıram”.

 

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Rauf Mehdiyev hazırda təqaüddə olan anası Mehdiyeva Svetlana Urusxan qızı ilə birlikdə yaşadığını və atasından heç bir şikayəti olmadığını deyib: “Bir ailə kimi valideynlərimlə çox mehriban olmuşam. Atam bir qədər spirtli içkiyə meylli olduğu üçün anam arabir atama 250 qramlıq araq alıb verirdi. Atamın araq içməsi bir cavan oğlan kimi bu  xətrinə dəyirdi. Çünki, qonşular, dost-tanışlar görürdü. Sərxoş olduğunu görəndə bundan utanırdım. Buna görə evdə söz-söhbət düşürdü. Onun içməsinə etiraz edirəm. Atam hər dəfə «özüm üçün içirəm, heç kimə mane olmuram, dava salmıram, hörmətsizlik etmirəm» deyə cavab verirdi”.

 

Zərərçəkən Rauf Mehdiyev hadisə gününü bu cür xatırlayır: “ Həmin gün saat 18 radələrində dostum Sahiblə evdə olarkən atam evə gəldi. Həmin vaxt atam bir az içkiliydi. Atamın bu cür vəziyyətdə olduğunu görüb, Sahibi yola saldım.

Atam sora yemək yeməyə başladı, gördüm ki. Yenə içir. Axşam düşdü. Atam yatmışdı. Anama dedim ki, atam günortadan içir. Əsəblərimi cilovlaya bilməyib yüksək səslə narazılığımı ifadə etdim. Dedim ki, bu hərəkətlərinə görə dost-tanışlardan, qonşulardan utanıram. Arağı birdəfəlik atmalı olduğunu tələb etdim. Hətta özümü saxlaya bilməyib bir-iki dənə söyüş söydüm. Səs-küydən atam yuxudan ayıldı. Başladı həmişə kimi deməyi ki, öz evimdə içirəm. Bundan sonra əsəbiləşərək özümdən çıxdım. Ağzıma gələni deyib atama yaxınlaşaraq, sifətinin sağ və sol tərəfindən iki yumruq zərbəsi vurub, onu sinəsindən bərk itələdim. Divana yıxıldı. Anam gəlib bizi ayırdı. Mətbəxə getdim, birdə gördüm ki, kürəyimə nəsə soxdular. Qışqırdım. Geri çönəndə gördüm ki, atam mətbəx bıçağını mənə vurub. Atam donaraq yerində qaldı. Atama çönüb “eybi yox, sən məni bıçaqla vurdun, ancaq səni bağışlayıram” dedim. Bundan sonra ona heç nə demədim. Bacımgilin evindən təcili yardım çağırıldı. Xəstəxanaya apardılar. Atama qarşı heç bir şikayətim, tələbim yoxdur. Hadisədən sonra barışmışıq. Heç bir halda ahıl yaşda və həm də xəstə olan atamın həbs cəzası almasını istəmirəm. Bu hadisənin baş verməsinin səbəbkarı özüməm. Atama qarşı etdiyim hərəkətlərə görə çox peşmanam”.

 

 

 

Keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən  Rafail Mehdiyev 3  il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Ona Cinayət Məcəlləsinin 70-ci(şərti) tədbiq edilib və 2 il sınaq müddəti seçilib. Rafail Mehfiyev məhkəmə zalından azadlığa buraxılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

18 − five =