Diyarşünas, tədqiqatçı Eduard Vartanov (Rusiya), tədqiqatçı, əslən Dağlıq Qarabağdan olan Artur Ağacanov (Ukrayna) və “Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat”ın bir qrup fəalı “avaaz.org” beynəlxalq ictimai müraciətlər saytında “Beynəlxalq təşkilatlara çağırış: Alban Avtokefal Kilsəsinin irsini və türk-xristianlarını xilas edin” adlı müraciət yayıb.
APA-nın məlumatına görə, müraciət Bakıda “Dağlıq Qarabağ münaqişəsi, özəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda beynəlxalq konfransda açıqlanıb. Dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara ünvanlanmış həmin müraciətdə deyilir:
“Əsrlər boyu Don, Krım, Ukrayna və Şərqi Avropada qıpçaq-xristianların (erməni-qıpçaqların) çoxsaylı cəmiyyətləri yaşayıb. Onların öz yaşayış regionlarında mühüm ticari və mədəni-tarixi rolu hamıya məlumdur, lakin onların xaç suyuna salınmasından (xristianlığı qəbul etməsindən) başlayaraq bütün əsrlər boyu Qafqaz Albaniyasının kilsəsinə ruhən bağlılığı indiki zamanda tamam unudulub. Çünki 19-cu əsrin cərəyanı zamanı Eçmiadzindəki erməni kilsəsi, Rusiya imperator sarayına yaxın olan erməni ictimai xadimlərini aldatmaq yolu ilə, onların Eçmiadzinə tabe edilməsi üçün hər şey edərək, onların Qafqaz Albaniyasının kilsəsi ilə ruhi əlaqələrini qırdılar. Donda sovet hakimiyyətinin qurulmasının ilk illəri zamanı Anastas Mikoyanın simasında stalinçi rejim Dondakı intellektual elitanı – “alban xaç suyuna salınmasını” yaddaşda saxlayan türk-qıpçaq ata-babalarını total surətdə məhv etdilər. Lakin Don ermənilərinin müqaviməti tam qırılmayıb. Biz dil sahəsinə həmlələri müqavimətlə qarşılamağa davam edirik və həm bizim türk köklərimiz, eləcə də Alban Avtokefal Kilsəsi ilə ruhi əlaqələrə dair elmi tədqiqatların aparılmasında maraqlıyıq. Demək olar ki, təxminən doqquz əsr bundan qabaq bizim ata-babalarımız – bütpərəstlər Ani və Şirakda məskən salıblar (indiki Ermənistanın ərazisində) və burada Alban Avtokefal Kilsəsi onları xristian mədəniyyətinin tərkibinə qəbul etdi. Həmin illərdə hələ Cənubi Qafqazda heç bir “Eçmiadzin” yox idi. Erməni-qıpçaqlar öz dinlərini, dil və mədəniyyətini özləri ilə birgə Dona da gətirdilər. Eyni halda məcburi erməniləşdirmə prosesi qarabağlı xristianların, o cümlədən bir zamanlar mövcud olan Alban Avtokefal Kilsəsinin üzvləri olan türk-qıpçaqlarının başına gətirildi. Qarabağ albanlarının nəslindən əmələ gəlmiş bir qrup qarabağlı türk-xristianların adından beynəlxalq ictimaiyyətə müraciət edərək albanlarin mənəvi, mədəni, tarixi və memarlıq mirasının qalıqlarının erməniləşmədən xilas etmələrini istəyirik. Bizi axırıncı iki əsr müddətində məcburi olaraq Eçmiadzindəki erməni kilsəsinə tabe edərək, etnik dərketmədən məhrum etdilər, kilsələrimizi əlimizdən aldılar və etnik “erməni” kimi qeydiyyata aldılar. Ancaq əsrlər boyu Qarabağ xristianları 19-cu əsrin əvvəllərində ləğv edilmiş və bütün irsinin Eçmiadzindəki erməni kilsəsinə verilmiş Alban Avtokefal Kilsəsinə tabe idilər. Rusiyanın elmi ictimaiyyətini və eyni zamanda BMT, UNESCO-nu və digər beynəlxalq strukturları Ani-Krım-Don ermənilərinin və həm də indiyədək Alban Kilsəsinin müqəddəs ziyarətgahına sədaqətini saxlayan Qarabağ ermənilərinin mədəni və mənəvi irsinin qorunmasını müdafiə etməyə çağırırıq. Alban Kilsəsinin, onun məbədlərinin və mənəvi irsinin yenidən dirçəlməsi ideyasına öz əməlləri ilə dəstək verən hər bir kəsə öz təşəkkürlərimizi bildiririk”.