Baş nazir fəhlədən 19 dəfə çox maaş alır

0
604

11

Hazırda dövlət büdcəsi hesabına ən yüksək əməkhaqqı ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadəyə verilir. Azərbaycan Prezidentinin 25 sentyabr 2012-ci il tarixli sərəncamına uyğun olaraq ölkəmizin Yaponiyadakı səfiri ay ərzində 645000 yen (5650 dollar) maaş alır. Eyni zamanda bu vəsaitin üzərinə əməkhaqqının 25%-i məbləğində aylıq təmsilçilik xərci də əlavə edilir. Bu isə o deməkdir ki, Yaponiyadakı səfirimizin aylıq əməkhaqqı 7060 dollar səviyyəsindədir. Digər ölkələrdəki səfirlərimizdə ən yüksək maaş alan Azərbaycan vətəndaşları hesab olunurlar. Koreya, Rusiya, Avtraliyada ölkəmizi təmsil edən səfirlərin aylıq əməkhaqqı 6500 dollara bərabərdir. Xaricdəki təmsilçilərimiz arasında ən aşağı əməkhaqqı ölkəmizi Mərakeş Krallığında təmsil edən səfirimiz alır. Mərakeş Krallığındakı səfirimizin aylıq əmməkhaqqı 4000 dollar təşkil edir. Səfirlərimizdən sonra ən yüksək əməkhaqqı alan ölkənin baş nazir Artur Rasi-zadə hesab olunur. Baş nazirin aylıq maaşı (25%-lik əlavə ilə birgə) 2787 manat və ya mövcud məzənnə ilə 1630 dollara bərabərdir. Baş nazirdən sonra ən yüksək əməkhaqqı baş nazirin müavinlərinə, nazirlərə, Komitə sədirlərinə, Dövlət Sərhəd Xidmətinin rəisinə və Neft Fondunun icraçı direktoruna verilir. Baş nazirin birinci müavini ayda 2450 manat (1430 dollar), Baş nazirin müavinləri ayda 2337 manat (1366 dollar), nazirlər, Komitə sədirləri, Dövlət Sərhəd Xidmətinin rəisi və Neft Fondunun icraçı direktoru isə ayda 2187 manat (1280 dollar) əməkhaqqı alırlar. Yüksək əməkhaqqı alanlardan bir də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəridir. Prezident Administrasiyası rəhbərinin aylıq maaşı 2200 manat (1286 dollar) təşkil edir.

Rusiyada baş nazirin maaşı minimum əməkhaqqından 70 dəfə yüksəkdir

Qeyd edək ki, Prezidentin 9 iyul 2008-ci il tarixli fərmanı ilə qəbul edilən “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Sərəncamına görə, dövlət orqanlarında qulluq edən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün – 250 manat, yardımçı vəzifələr üçün – 150 manat müəyyən edilib. Həmin sərəncama uyğun olaraq 150 manat (88 dollar) əməkhaqqı dövlət orqanlarında işləyən və ixtisas dərəcəsi olan fəhləyə verirlər. Rəqəmlərdən də göründüyü kimi, ən yüksək əməkhaqqı alan Baş nazirlə ən aşağı əməkhaqqı alan fəhlənin maaşı arasında təxminən 19 dəfəyə yaxın fərq mövcuddur. Məlumat üçün onu da bildirək ki, hazırda Azərbaycanda minimum əməkhaqqı 105 manat (60 dollar) təşkil edir. Baş nazirin əməkhaqqı minimum əməkhaqqından 27 dəfə çoxdur. Apardığımız araşdırma göstərir ki, təkcə Azərbaycanda deyil bir-çox ölkədə də baş nazirlərin əməkhaqları minimum əməkhaqlarından dəfələrlə yüksək olur. Bəzi ölkələrdə bu fərq çox, bəzilərində isə az olur. Məsələn, bizə yaxın olan qonşu Türkiyədə baş nazirin maaşı minimum əməkhaqqından təxminən 10 dəfə yüksəkdir. Türkiyədə baş nazir ayda 16000 lirə (5000 dollar) əməkhaqqı alır. Bu ölkədə minimum əməkhaqqı isə 1650 lirəyə (515 dollar) bərabərdir. Şimal qonşumuz Rusiyada isə bu fərq 70 dəfəyə yaxındır. Rusiyanın baş naziri ayda 513000 rubl (7890 dollar) əməkhaqqı alır. Halbuki Rusiyada minimum əməkhaqqının məbləği cəmi 7500 rubl (115 dollar) təşkil edir. Ermənistanda bu fərq 18 dəfədən çoxdur. Bu ölkənin baş nazirinin maaşı 1200000 drama (2505 dollar) bərabər olduğu halda, minimum əməkhaqqı 65000 dram (135 dollar) təşkil edir. Ukraynada da bu fərq 18 dəfəyə bərabərdir. Ukraynada baş nazirinin aylıq maaşı 26200 qrivna (1000 dollar), minimum əməkhaqqı isə 1450 qrivna (55 dollar) olub.

Allahverdi Aydın

BIR CAVAB BURAXIN