Berlinin mərkəzində casuslar siyasətçini oğurlayıblar

0
457

Almaniyaya sığınmış vyetnamlı siyasətçinin qaçırılması və məhkəmə qarşısına çıxarılmasında Slovakiya kəşfiyyatı mühüm rol oynayıb.

Bu iddia ilə alman mediası çıxış edib.

Xəbər ortaya çıxdıqdan dərhal sonra Slovakiya Prezidenti Andrej Kiska ölkənin daxili işlər nazirinə ciddi araşdırma aparmaq göstərişi verib.

Vyetnamlı müxalifətçi Almaniyaya mühacir statusu almaq məqsədilə gəlibmiş. Onun bu ölkədən qaçırılması isə 2017-ci ilin iyulunda baş verib.

Vyetnamda bir müddət kommunist partiyasının funksioneri olan və mühüm dövlət vəzifəsində çalışan Xuan Than sonradan siyasi anlaşılmazlıq səbəbindən ölkəsini tərk edib. O, gündüz saatlarında Berlində küçədə gedərkən zorla avtobusa mindirilib və naməlum istiqamətdə aparılıb.

Hadisədən bir neçə gün sonra Xuan Than Vyetnam televiziyasında peyda olaraq ölkəyə öz razılığı ilə qayıtdığını, məhkəmə qarşısına çıxmaq niyyətində olduğunu və barəsində verilən hökmü qəbul edəcəyini bildirib. Çıxışdan az sonra o, korrupsiya ittihamı ilə həbs olunub.

Vyetnam rejiminə müxalif olan siyasətçinin Almaniyadan Vyetnam kəşfiyyatı tərəfindən oğurlandığı iddia olunur. Almaniya isə onun ərazisində baş verən adam qaçırılma hadisəsinə etiraz edib.

Əməliyyatın bütün detalları hələlik bəlli deyil.

“Frankurter Allegemenia Zeitung” qəzeti isə bəyan edib ki, Xuan Thanın Berlindən qaçırılmasından bir neçə gün əvvəl Vyetnam nümayəndə heyəti Slovakiyaya gələrək müzakirələr aparıb. Görüşdə əsasən iqtisadi sahələr müzakirə olunub. Qəzet iddia edir ki, Xuan Thanın məsələsi də bu zaman diqqətdə saxlanıb. Xəbərə görə, bazarlıq nəticəsində Slovakiya kəşfiyyatı Xuan Thanın Berlindən qaçırılması əməliyyatına yardım edəcəyinə razılaşıb.

İddiaya görə, Vyetnam rejiminə müxalifətdə olan siyasətçi Almaniyadan Slovakiya təyyarəsi ilə çıxarılıb. Qəzet bu iddiaları sübut edəcək şahidlərə sahib olduğunu xüsusi vurğulayıb.

Hadisənin bu şəkildə təqdim edilməsinin bir səbəbi də həmin dövrdə Slovakiyada daxili işlər naziri vəzifəsini tutan şəxsin Robert Kalinak olmasıdır. Qəzet xatırladıb ki, sabiq nazir Kalinak jurnalistin öldürülməsindən sonra istefa verib və onun mafiya ilə əlaqələri üzə çıxıb.

Slovakiya mediası isə Vyetnamdan gələn nümayəndə heyətinin tərkibində olan daxili işlər nazirinin slovakiyalı həmkarı ilə görüşüb müzakirə apardığını ortaya çıxarıb.

Slovakiya hökuməti bu iddiaları rədd edir. Hökumətin sözçüsü bildirib ki, vyetnamlı müxalifətçinin qaçırıldığı gün Berlində olan və həmin gün oranı tərk edən Slovakiya hökumət təyyarəsinin göyərtəsindəki hər kəs diplomatik pasporta malik olub.

Bununla belə, Slovakiya Daxili İşlər Nazirliyinin yüksək çinli nümayəndəsi Luçanski bildirib ki, prezidentin tapşırığı üzrə bu istiqamətdə ciddi araşdırmalar başlanıb, yaxın günlərdə Slovakiya və Almaniya polis rəsmiləri arasında görüş keçiriləcək.(teleqraf.com)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four + two =