Vallah, mən çox qorxaq adamam. Amma sizin düşündüyünüz qorxaqlardan deyiləm, yəni nə itdən çəkinirəm, nə atdan ehtiyatlanıram, nə də qaranlıqdan qaçıram. Mən alayı şeydən qorxuram, çəkinirəm. O alayı şey də heç bilirsiniz nədir? Doğru danışmaq, düz söz demək. Bu düz danışmaqdan başım o qədər bəlalar çəkib ki, heç saymaqla qurtarmaz.
(Doğru sözün acı olduğunu kim bilmir ki? Amma nədənsə bəzi insanlar bu məşhur kəlamı bilsələr də, yenə əməllərindən əl çəkmirlər. Odur ki, camaatı “acılamaq”da, onların əhvalını korlamaqda davam edirlər. Görünür, belələrinin tarixboyu düz danışanların həmişə düzdə qaldıqlarından xəbərləri yoxdur. Nə isə… düz danışmaqla bağlı bütün atalar sözlərini başıma yığıb mərəkə açmaqla sizi yormaq istəmirəm). Hə, onu deyirdim axı, elə bu xasiyyətimə görə hər dəfə bir xəlvətə çəkiləndə bu qorxaqlığıma görə özümü o ki var qınayıram. Amma yenə mənə ar olmur ki, olmur. Bu qorxudan qurtula bilmirəm ki, bilmirəm. Hətta özümə yazdırtdığım qorxu duası da nədənsə karıma çatmır. Elə bu səbəbdən də haqq səsimi çıxarmıram.
Bu günlərdə yolum kəndə düşəndə bir məclisə dəvət olundum. Çox “mühüm” məsələlərin analızindən sonra növbə daha bir məsələyə çatdı. Bu məsələ də nə olsa yaxşıdır? Binəqədi rayonu ərazisində – Bakı-Sumqayıt yolunun kənarlarında salınmış süni təpəciklərin sökülməsi ilə bağlı məsələ. Məclis əhlindən biri dedi ki, bəs bir neçə il əvvəl bu təpəciklərin salınmasına dövlət büdcəsindən milyonlar xərclənmişdi, bəs niyə söküldü? O biri dedi ki, halbuki həmin vəsaiti başqa istiqamətə yönəltsəydilər həm camaat xeyir görərdi, həm də onu xərcləyənlərin üzü ağ olardı; tikmişdilərsə, bəs niyə sökülür? O biri dedi ki, bəs bu təpəciklərin ağırlığı (təpəciklərin orada inşa olunması, yolun çiyin hissəsinə əlavə yük olub. Beləliklə, təpəciklərin sulanması ilə bərabər ağırlıq da artıb) sayəsində Bakı-Sumqayıt yolunun beynəlxalq avtovağzalın yaxınlığından keçən hissəsində çatlar yaranıb, elə bu səbəbdən sökülür. Axı elm-texnikanın inkişaf etdiyi bir zəmanədə bunu əvvəldən bilmək olmazdımı, əlbəttə, olardı, amma… O bu sözlərindən sonra bir qədər əsəbiləşdi və üzünü mənə tutub dedi: “Bəs sən niyə dinmirsən? Bəlkə sən bilərsən, niyə tikmişdilər, niyə sökdülər?”
Bir istədim, mən də onlar kimi bu məsələni yozum. Lakin bunu nədənsə özümə sığışdırmadım. Odur ki, sağ əlimlə sol qulağımı qaşıyan adamlar kimi bu suala cavab vermək qərarına gəldim: “Məni yaxşı tanıyırsınız, bilirsiniz ki, qorxağın biriyəm, təbii ki, bu sualınıza da birbaşa cavab verməkdən çəkinirəm. Amma sualınızı cavabsız qoymaq fikrində deyiləm. Deməli, belə: bizim kəndimizdə bir kişi var idi. Günlərin bir günü o özünə ev tikmək qərarına gəlir. Ona deyirlər ki, a kişi, sən bənna-filan deyilsən, bu sahə üzrə heç bir təcrübən də yoxdur, yaxşısı budur, bir bənna çağır, sənə ev tiksin. Lakin kişi daşı ətəyindən tökmür ki, tökmür və başlayır tikinti işinə… Uzun sözün qısası, tikintinin başa çatmasına az qalmış kişi görür ki, tikdiyi bina əyridir, ani bir titrəyişdən uça bilər. Odur ki, başlayır binanı sökməyə. Yoldan keçənlərdən biri soruşur ki, a kişi, min əzab-əziyyətlə tikdiyin evi niyə sökürsən? Bunun bir səbəbi varmı? Kişi də özünü sındırmır və ona belə cavab verir: “Baxırdım görüm, tikəcəyim evin kərpici çatır, ya yox?” Hə, mənə elə gəlir ki, bir zamanlar Bakı-Sumqayıt yolu boyunca süni təpəcikləri də ona görə salıblar ki, baxsınlar görsünlər, o yolun üstündə təpəcik salmaq olar yoxsa olmaz? Sonradan görüblər ki, olmaz; başlayıblar sökməyə də…” Mənim heç kimin bostanına daş atmadan söylədiyim bu açıqlamam hamının ürəyincə oldu. Hər halda onların gülməklərindən belə başa düşdüm.