Banklara bir gündə 300 milyon dollar verildi, satış məhdudiyyəti götürüldü

0
576

Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirdiyi valyuta hərracında tələbat 330-340 mln. ABŞ dolları olub. Bu barədə “Report”a bank dairələrindən bildirilib.

Hərraca çıxarılan valyuta isə bundan bir qədər az – 300 mln. dollar olub. Bunun 100 mln. dollarını AMB, 200 mln. dollarını isə ARDNF təmin edib.

Hərracın yekununda kommersiya banklarının cari tələbatı təxminən 10-13% kəsirlə təmin olunub və satışa çıxarılan valyuta kütləsi tam həcmdə realizə edilib. ABŞ dollarının satış məzənnəsinin yuxarı həddi 1,6444 AZN/USD olub. Qeyd edək ki, əvvəlki hərraclarla müqayisədə kommersiya banklarının dollara tələbatı təxminən iki dəfə azalıb.

Valyuta ehtiyatlarından banklara bir gündə record həcmdə dolların verilməsindən sonra Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları nağd ABŞ dollarını limitsiz satmağa başlayıb.  Söhbət “Bank Respublika” və “Azər-Türk Bank” ASC-lərdən gedir.

Bu banklardan bildirilib ki, müştərilər kassaya yaxınlaşmaqla istədikləri qədər nağd dollar ala bilərlər. “Atabank”dan da limitsiz dollar almaq mümkündür. Lakin bunun üçün ilk növbədə bankın “Qaynar xətti” ilə əlaqə saxlamaq və kassada dolların olduğu filiala getmək lazımdır.

Bəzi banklar isə dolların limitini artırıb. Məsələn, “Azərbaycan Sənaye Bankı”nda hazırda müştərilərə 500 dolları keçməmək şərti ilə nağd valyuta satılır.

BIR CAVAB BURAXIN