Banklar niyə dollar satmır? – Dollar qıtlığının səbəbləri.

0
663

Xəbər verdiyimiz kimi, Bloomberg agentliyi Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici valyuta satışını dayandırması və ya məhdudlaşdırması ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Azərbaycanın iri bankları xarici valyuta satışını ya tamamilə dayandırıblar, ya da adambaşına 100-500 dollara qədər məhdudlaşdırıblar.

Qafqazinfo” olaraq bu məqamda Azərbaycanda dollar qıtlığının səbəblərini öyrənməyə çalışdıq.

Məlumdur ki, Azərbaycan Dövlət Neft Fondu həftədə iki dəfə valyuta hərracı həyata keçirir. Banklar valyuta hərraclarında mütəmadi olaraq iştirak etsə də, bazarda dollar qıtlığı yaşanmaqdadır. Yayılan məlumatlara görə, kommersiya bankları bilərəkdən bazarda dollar qıtlığı yaradırlar. Məlumdur ki, hər gün dolların manata qarşı məzənnəsində artım baş verir. Buna görə də banklar hərraclarda aldıqları dolları qəsdən satmır ki, bir neçə gündən sonra daha baha qiymətə müştərilərə sata bilsin.

Banklar isə sözügedən iddia ilə razılaşmır. “Qafqazinfo”ya bir neçə bankdan bildiriblər ki, məhdudlaşdırılmağa səbəb Neft Fondunun keçirdiyi hərraclarda tələbin təklifi üstələməsidir. Bu gün dollara həddindən artıq təlabat var. Kommersiya bankları mümkün qədər çox xarici valyutaya ehtiyacı var. Ancaq Dövlət Neft Fondu maksimim 50 milyon dollar satışa çıxarır. Buna görə də banklar xarici valyuta satışını dayandırıb və ya adambaşına 100-500 dollar satış həyata keçirirlər.

İqtisadçı ekspert Azər MehtiyevQafqazinfo”ya açıqlamasında bankların dollar satışını qəsdən dayandırması ilə bağlı iddianı ağlabatan hesab etmir: “Yayılan məlumatlardan görünür ki, bankların dollara olan təlabatı artıb. Belə olan halda korporativ müştərilər böyük həcmdə dollar tələb edirlər. Çünki onların xarici ticarət əməliyyatlarını həyata keçirmək üçün böyük həcmdə dollara ehtiyacı olurlar. Belə bir şəraitdə təbii ki banklar əllərində olan dolları ilk növbədə korporativ müştərilərə satmağa maraqlıdırlar. Dollar satma əməliyyatlarında kiçik həcmdə dollar satmağa isə maraqlı olmurlar.

Bu, dollar qıtlığı ilə bağlı olan məsələdir. Banklar özlərinin gəlirlərini nəzərə alaraq bu işi həyata keçirməkdə maraqlı görünürlər.

Heç kəsə sirr deyil ki, ölkəyə xarici valyuta gətirən neft və qaz satışıdır. Dünya bazarında neftin qiymətinin aşağı düşdüyü bir şəraitdə ölkədə neft hasilatının aşağı düşməsi bütün hallarda dollar tələbini ödəməyə imkan vermir. Nəzərə alsaq ki, Bakı Neftayırma zavodu təmirə dayanıb. Qarşıda duran iki ayda neft məhsulları da xaricdən ölkəyə dollarla alınıb gətirilməlidir. Bu da dollara təlabatın artmasına gətirib çıxarır. Dövlət Neft Fondunun və Mərkəzi Bankın tərəfindən hərraclara çıxarılan dollar təklifi isə məhduddur. Belə bir şəraitdə də bazarda dollar qıtlığı yaranıb”.

Rüfət Aslanlı-Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri 

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası da məsələ ilə bağlı mövqeyini açıqlayıb.

Palatadan APA-ya bildirilib ki, qurum yalnız bankların Mərkəzi Bankın müəyyənləşdirdiyi 4%-lik marja koridoruna əməl etmələrinə nəzarət edir: “Yəni, banklar Mərkəzi Bankın müəyyənləşdirdiyi rəsmi məzənnədən 4% ucuz ala və 4% baha sata bilərlər. Banklar bu faiz koridorundan az və ya yüksək qiymət müəyyənləşdirə bilməz. Bu günə qədər bankların bu qaydanı pozması halları qeydə alınmayıb və bu barədə siqnal yoxdur”.

Palatadan hazırda bazarda valyutaya olan tələbatın təklifdən bir neçə dəfə çox olduğunu təsdiqləyiblər. “Biz bunu gözləyirdik, çünki yayın bitməsi və payızın gəlməsi ilə iqtisadi aktivlik artır və bir çox şirkətlərin xaricdəki tərəfdaşlarına ödəmələrin vaxtına təsadüf edir”, – deyə MNBP-dən bildirilib.

BIR CAVAB BURAXIN