Bakı Ağır Cinayətlər Məhkəməsində taxıl kombinatının direktoru Qalib Bağırovu xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunanlar – Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Prosesə hakim Eynulla Vəliyev sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən Ehtiram Həsənov ona elan olunmuş ittihamla özünü təqsirli bilib.
Təqsirləndirilən Mahnurə Hüseynova qətldə iştirak etmədiyini deyib: “Ehtiram mənim ikinci həyat yoldaşımdır. Mənə özünü polkovnik kimi təqdim etmişdi. Mən də inanmışdım. Qalib müəllimin qətlindən xəbərim olmayıb. Ehtiram oğurluq etməyi təklif etmişdi, mən razılaşmamışdım. Onda qızımı kriminal aləmdə olan dostları vasitəsilə oğurladacağı ilə hədələmişdi”.
M.Hüseynova ifadəsində göstərib ki, razılaşmaya əsasən o, Q.Bağırovu çölə çıxarmalı, Ehtiramla Mübariz isə onu qorxudub pullarını almalı imişlər: “Ehtiramgil evə girdilər, mən maşında gözlədim. Mübariz Ehtiramdan Qalib müəllimi niyə öldürdüyünü soruşanda dedi ki, məni tanıdı, ona görə də, öldürdüm”.
Təqsirləndirilən Ehtiram Həsənov ifadəsində qətl hadisəsinin onun tərəfindən törədildiyini göstərib: “Qalib müəllim bizi tanıdı. Dedi ki, sizi kimin göndərdiyini bilirəm”.
Təqsirləndirilən Mübariz Əliyev ifadəsində quldurluq təklifinin Ehtiram Həsənovdan gəldiyini, sonuncunun qızının xəstə olduğu üçün pul lazım olduğuna görə həmin evə girməyə razılıq verdiyini göstərib: “Qalibi öldürməyi əmr etdi. İki bıçaq vurandan sonra dedi ki, sən bacarmırsan. Bıçağı alıb özü vurdu”.
Zərərçəkmiş qismində mərhumun qardaşı Elşən Bağırov ifadə verib. O, ifadəsində qardaşı oğlunun zəng vuraraq onu bağ evinə çağırdığını deyib: “Bağ evinə getdim. Ora çatanda bildim ki, qardaşımı öldürüblər. Qanunvericilikdə güllələnmə ləğv edildiyi üçün qatillərə ən ağır cəzanın verilməsini istəyirəm. Bu adamlar cəmiyyət üçün təhlükəlidirlər”.
Prosesdə mərhum Q.Bağırovun iş yoldaşı Sahib Hüseynov ifadəsində hadisə günü baş verənlərdən danışıb: “Qalib müəllim hər gün səhər tezdən işə gəlirdi. Həmin gün gəlməmişdi. İcraçı direktorla və növbə rəisi ilə onun evinə getdik. Yerdə uzanıqlı vəziyyətdə idi, ev dağınıq idi. Polisə və təcili yardıma xəbər verdik”.
Məhkəmə istintaqı yekunlaşıb. Növbəti proses sentyabrın 16-sı davam edəcək.
Qeyd edək ki, qətl hadisəsi 8 yanvar 2016-cı ildə Hövsan qəsəbəsi, Bağlar massivində baş verib. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Bağırov yaşadığı mənzildə amansızlıqla qətlə yetirilib. Q.Bağırova çoxsaylı bıçaq zərbləri endirən qatillər sonra onu iplə boğublar. Mənzildən 300 manat, 30 avro, 10 dollar, 10.000 Belarus rublu məbləğində pulu, mərhuma məxsus gödəkcə və papağı, mobil telefon və planşeti götürülüb.
İstintaq zamanı qətlin tamah məqsədilə törədildiyi məlum olub. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Mübariz Əliyev və dəfələrlə məhkum olunaraq 20 ilə yaxın cəza çəkmiş Ehtiram Həsənov ilkin ifadələrində 52 yaşlı Qalib Bağırovu tamah məqsədi ilə öldürdüklərini bildiriblər. Təqsirləndirilən şəxslər mənzilə pul və qızıl-zinət əşyaları götürmək məqsədilə girdiklərini etiraf ediblər.
E.Həsənov istintaqa verdiyi ifadəsində Q.Bağırovun evinin yerini birgə yaşadığı qadından öyrəndiyini deyib.
Qətldə əli olan digər şəxs isə Ehtiramın qeyri-rəsmi arvadı Mahnurə Hüseynovanın keçmiş əri, Astara rayon sakini Mübariz Əliyevdir.
M.Hüseynova hazırki sevgilisi ilə keçmiş ərinə imkanlı adam kimi tanıdığı Qalib Bağırovun evini qarət etməyi təklif edib. O, evi göstərdikdən sonra ərazidən uzaqlaşıb. Mübarizlə Ehtiram isə ev sahibinin qapını açması üçün səhər saatlarını gözləyiblər. Sübh vaxtı Qalib Bağırov evindən çıxıb işə getmək istəyən zaman sifətlərini maska ilə bağlayan Ehtiramla Mübariz onu içəri salıblar və bıçaqla xəsarət yetiriblər.
İstintaq zamanı məlum olub ki, saxlanılan şəxslər daha əvvəl də bir neçə mənzildən oğurluq ediblər.
Mərhum Q.Bağırov Taxıl Kombinatının direktoru olub.
Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Virtulaz.org