Bağırovun oğlunun yasında gülən Xalq şairi

0
813

Arazinfo.com kulis.az-a istinadən “Maraqlı adamlar” layihəsindən Xalq şairi Süleyman Rüstəmin əhvalatlarını təqdim edir.

 

İclasların birində Süleyman Rüstəm:

 

– Yazıçılar İttifaqındakı birlik heç Sovet ordusunda yoxdur. Çünki Əli Vəliyevlə Süleyman Rəhimov barışıb.

 

***

 

Məmmədəmin Rəsulzadənin məzarını ziyarət etmək istəyib. İcazə yoxmuş. Bir az söz-söhbətdən sonra nəhayət şairi Rəsulzadənin məzarına aparırlar. Şahidlərdən birinin müşahidəsinə görə, Süleyman Rüstəm uzun müddət yaşarmış gözünü silə-silə lal-dinməz başdaşının yanında oturubmuş.

 

***

 

Günlərin birində Bağırov Süleyman Rüstəmi yanına çağırır. Şairin evində ağlaşma düşür. Süleyman Rüstəmin özü də qorxur ki, birdən onu öldürüb eləyərlər.

 

Bağırovun qabağında dümağ olmuş Süleyman Rüstəmi görüb sözü uzatmadan deyir:

 

– Dəmirçi oğlu, səni təbrik edirəm!

 

– Nəyə görə, yoldaş Bağırov? – Süleyman Rüstəm təəccüblənir.

 

– Sizi Qubadan Azərbaycan SSR Ali Sovetinə deputat vermişəm. Öz vətənimdən. Ona görə də sizi çağırmışam ki, muştuluqlayam.

 

Süleyman Rüstəmin üstündən ağır yük götürülür. Bircə bunu deyə bilir:

 

– Yoldaş Bağırov, evdə elə bilirlər ki, məni həbs etmək üçün çağırmısınız. İndi bizim evdə ağlaşmadır. Xahiş edirəm icazə verin evə zəng vurum.

 

Anasıyla telefonla danışanda Süleyman Rüstəm hıçqırıq səsi eşidir. Bağırov telefonu ondan alır, anası ilə danışır və qadını sakitləşdirir.

 

***

 

Süleyman Rüstəmin bağ evi həmişə qonaq-qaralı olarmış. Hər gün yeyib-içmə, kef məclisi. Qonşusu buna xeyli əsəbləşirmiş. Bir gün həyətində ilan görən qonşu söz atıb şairə:

 

– Süleyman yenə ilanlarını biz tərəfə keçirib.

 

Şair söz altda qalmır:

 

– Qonşu, özüm buraxmışam. Zəhərləri qurtarıb. Sizdən bir az zəhər yığsınlar, geri gələcəklər.

 

***

 

Musiqişünas Firudin Şuşinskiylə rastlaşıb bir dəfə. Sevincək dillənib:

 

– Firudin, Lenin ordeni almışam, mənə gözaydınlığı ver.

 

Süleyman Rüstəm elə bilib ki, musiqişünas onu təbrik edəcək. Amma tam əksi olur. Firudin Şuşinski deyir:

 

– Süleyman müəllim, əsl şairi soyarlar, asarlar, daha ona orden verməzlər.

 

Image result for süleyman rüstəm

 

***

 

Bir gün Yazıçılar İttifaqında Süleyman Rüstəm Səməd Vurğuna deyir:

 

– Ay Səməd, bu xəbərçi kimdir ki, nə danışırıq gedib Bağırova çatdırır? Gəl bunu tapaq.

 

Səməd Vurğun təəccüblənir:

 

– Axı necə tapaq? Lap pıçıltı ilə danışırıq, onu da aparıb Bağırova çatdırırlar.

 

Süleyman Rüstəm:

 

– Mən məclisdə türk ədibi Tofiq Fikrətin bir neçə şeirini qəsdən oxuyacağam. Özüm də deyəcəyəm ki, bundan sonra mən türk ləhcəsində, türk şivəsində şeir yazacağam…

 

Süleyman Rüstəm dediyi kimi edir, məclislərin birində şübhələndiyi adamın yanında hansısa türk şairindən şeir deyir, özü də şeiri elə hala salır ki, elə bilsin, onun şeiridir.

 

Axşam onu Mərkəzi Komitəyə çağırırlar. Mircəfər Bağırov yaman qəzəblənibmiş. Süleyman Rüstəmi görən kimi deyir:

 

– Dəmirçi oğlu, deyəsən sən də pantürkist olmusan! Türkcə şeirlər yazırsan! Belə getsə, gənclərimizin beynini korlayacaqsan!

 

Süleyman Rüstəm tez zarafata salır:

 

– Yoldaş Bağırov, Allah eləməsin ki, pantürkist olam. Biz xəbərçi axtarırdıq. Onu da tapdıq.

 

***

 

Nazim Hikmət Bakıya gələndə Süleyman Rüstəm onu qarşılamaq istəyirmiş. O zaman Sovet hökuməti türkə düşmən olduğundan kommunist Nazim Hikmətdən də qorxurmuş. Süleyman Rüstəm icazə üçün Mərkəzi Komitəyə zəng edir və qəribə bir dialoq əmələ gəlir.

 

– Nazim Hikməti qarşılaya bilərəm?

 

Sükut.

 

– Eşidirsiniz? – şair soruşur.

 

– Bəli!

 

– Nazim Hikməti qarşılamaq istəyirəm.

 

Səs eşidilmir.

 

Süleyman Rüstəm təkrar edir:

 

– Eşidirsiniz?

 

– Bəli! Bəli!

 

– Nazim Hikməti qarşılamaq istəyirəm.

 

Yenə sükut.

 

 

***

 

Süleyman Rüstəmlə Məmməd Səid Ordubadi Mircəfər Bağırovun oğlunun yas məclisindəymiş. Bağırov məclisi aparmağı Ordubadiyə tapşırır. Deyir, sən oğlumu yaxşı tanıyırdın.

 

Məclisdəkilərin əksəriyyəti rusdillilər imiş. Ordubadi gərək rusca danışaymış. O isə rus dilini yaxşı bilmirmiş. Üstəlik bilirmiş ki, rusca danışsa, Süleyman Rüstəm onu lağa qoyub güləcək. Bağırova əyilib pıçıltıyla:

 

– Süleyman izdes. – desə də Bağırov məsələni başa düşmür, ona təkid edir ki, məclisi aparsın.

 

Çarəsiz qalan Ordubadi ayağa durub azərbaycanca maraqlı bir çıxış edir, Bağırov qəzəblənir:

 

– Burda heç kim səni başa düşmür. Rusca danış.

 

– Axı mən sizə dedim, Süleyman izdes… – Ordubadi dilini sürüyür.

 

Bağırov söhbəti başa düşür və deyir, narahat olmasın, Süleyman onun məclisini ələ sala bilməz.

 

Ordubadi məclisi rusca aparmalı olur. Süleyman Rüstəm onun danışığına baxıb gülüşünü birtəhər boğa-boğa duruş gətirir. Axşam evə qayıdanda Ordubadi Bağırovdan ayrıca maşınla getmək istədiyini deyir. Bağırov səbəbini soruşanda deyir:

 

– Süleymanla bir maşında getsək, o məni yolda təhqir edəcək.

 

– Xahiş edirəm sabahdan özünüzü həkimə göstərin. – Bağırov əsəbiləşir.

 

Süleyman Rüstəmin dediyinə görə, bu əhvalatdan sonra Ordubadi onunla düz üç il kəlmə kəsməyib.

 

 

***

 

Şair İslam Səfərli Yazıçılar İttifaqında referant işləyirmiş. Həmişə onun otağı dolu olarmış, yazıçılar ordan-burdan danışıb bir-biriləri ilə zarafatlaşarmışlar.

 

Belə günlərin birində hamı dağılışandan sonra Süleyman Rüstəm İslam Səfərliyə deyir:

 

– Mən səndən sonra çıxacam otaqdan.

 

İslam Səfərli təəccüblə şairə baxır:

 

– Necə? Axı bura mənim otağımdır. Axırıncı mən çıxıram həmişə.

 

Süleyman Rüstəm yalvarışlı səslə:

 

– İslam, qoy axırıncı mən çıxım. Nolar…

 

İslam Səfərli bir də təəccüblənir:

 

– Niyə ki?

 

Süleyman Rüstəm nəhayət qeyri-adi xahişinin səbəbini açıqlayır:

 

– Bayaqdan hamıya bir-bir şəbədə qoşmusan, bircə mən qalmışam. Qorxuram, öz-özünə dalımca danışıb mənə də vedrə bağlayarsan…

 

***

 

Süleyman Rüstəmin 70 illik yubiley tədbiri. Moderator Bəxtiyar Vahbazadədir. Tədbirdə iştirak edən Süleyman Rüstəmin anası əl hərəkəti ilə Bəxtiyar Vahabzadəyə nəyisə izah edirmiş. Amma Bəxtiyar onun nə demək istədiyini anlamır, üstəlik tədbir birbaşa efirə verildiyi üçün səsini qaldırıb qadının dərdini öyrənə bilmirmiş.

 

Axır-axırda qadın əl hərəkətlərindən bezib yaxına gəlir və ucadan deyir:

 

– Ay Bəxtiyar, böyürdəki qapı açıqdır, tapşırıq ver ki, onu örtsünlər. – Süleyman Rüstəmi nəzərdə tutub sözünə davam edir – Uşağa soyuq olar.

 

***

 

Yazıçı Əbülhəsinin hansısa əsərindən bir parça Moskva televiziyasında efirə verilir. Süleyman Rüstəm bundan xəbər tutan kimi gedir SSRİ Dövlət Televiziya Komitəsinə. Deyir, mən Əbülhəsənəm, qonorarımı almağa gəlmişəm. Ondan pasport istəyəndə deyir yadımdan çıxıb gətirməmişəm. Süleyman Rüstəmi sədrin yanına aparırlar. Sədr görür, sinəsi ordenli, tər-təmiz geyimli bir ziyalı qabağında dayanıb, işçilərini danlayır ki, kişiyə niyə əziyyət verirsiniz.

 

Qonorarı götürən kimi Süleyman Rüstəm Əbülhəsənə deyir ki, sənin adına sevindim, buna görə bir qonaqlıq məndən. Axşam əməlli-başlı qonaqlıq olur, hesabı Süleyman Rüstəm verir, hələ yazıçının cibinə pul da basır.

 

Əbülhəsən növbəti gün qonorarını götürməyə gedəndə hər şeyi başa düşür və düz bir il Süleyman Rüstəmdən küsülü qalır.

 

BIR CAVAB BURAXIN