“Azərxalça”nın sədri: “Ermənilər Azərbaycan xalçalarını mənimsəməyə çalışırlar”

0
569

“Ermənilərin toxuduğu xalçaların ilmələri əyri olur

Bakı. 20 iyul. REPORT.AZ/ “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, “Azər-İlmə”nin təsisçisi və rəhbəri, “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının baş redaktoru, professor Vidadi Muradovun “Report”a müsahibəsi

– Azərbaycanda neçə xalça məktəbi var? 

– Əslində, Azərbaycanda bir xalçaçılıq məktəbi var. Onu müxtəlif məktəblərə, bölgələrə bölmək olmaz. Nə qədər ki, Azərbaycan xalçalarından danışanda Arazın bu tayından bəhs edirik, tariximizi kiçildirik. Bunu eləmək olmaz. Dünya etnoqrafları, toponimləri öyrənənlərin hər birinin fikirləri müxtəlifdir. Məsələn, Pazırık xalçasının Ağdam və ya Bərdədə toxunduğunu yazıblar. Əslində, dünyanın bizə gəlib çatmış ən qədim xalça nümunələri Sibirin cənubunda, Dağlıq Altay vilayətində, Pazırık kurqanlarından tapılıb.

1949-cu ildə professor S.İ.Rudenko Rusiya-Monqolustan sərhədi yaxınlığında (Hun hökmdarlarına məxsus) 5 kurqan qəbirdən qadın, kişi, at cəsədləri, keçi və qoyun dəriləri, maral tükü ilə doldurulmuş keçə döşəkçə, yəhər, yüyən, çul və s. ilə yanaşı, biri keçə, digəri xovlu xalça olmaqla yaşı 2 500 ildən çox olan ən qədim nümunələri aşkarlayıb. Bu məmulatların Əhəmənilər dövrünə aid olduğu müəyyən edilib. Yaşının çox olmasına baxmayaraq, bu xalçaların demək olar bütövlüyünü saxlamasının əsas səbəbi onların uzun müddət buz bağlamış torpaq qatının altında qalmasıdır.

Kim istəsə Azərbaycan xalçaları haqqında bütün məlumatları “Azər-İlmə”nin təsisçisi olduğu “Azərbaycan xalçaları” aylıq nəşrindən daha ətraflı öyrənə bilər. Azərbaycanın tarixinin, keçmişinin əks edildiyi xalçaları yaxından tanımaq, öyrənmək və sevmək lazımdır.

– Bu sahədən anlayışı olmayan, ancaq türk üslubundakı xalçanı tanımaq istəyən ilk nəyə diqqət yetirməlidir?

– Təbii ki, xalça onu kitab kimi oxuya bilən üçün daha maraqlı və başadüşüləndir. Əks halda xalçaya evdə işlədilən aksessuar, evin bəzək əşyası kimi baxılacaq. Türkün toxuduğu ilk xalça 5 rəngdə olub. Türk üslublu xalçalar əsasən qırmızı fonda toxunur. Bir də xalçada nə qədər boş yerlər olsa, həmin xalça türkçülüyün rəmzi sayılır. Ən əsası isə türk üslubunda toxunan xalçanın ölçüləri 2 metrdən çox ola bilməz. Bunun səbəbi eldən-elə köç edəndə xalçaların at, araba, ulaqla aparılmasıydı. Yəni daşınması rahat olsun deyə xalçaların ölçüsü kiçik olmalıydı. Ona görə də yüngül və xovsuz xalçaların toxunmasına üstünlük verilirdi. Sizə maraqlı bir hadisə danışım. 1983-cü ildə Kəlbəcərin Zar kəndində bir kaha gördüm. Kahanın enli bacası vardı və bacanın üzərində şüşə qoyulmuşdu. Kahada insanlar yaşayırdı. Deməli, kahanı ortadan pərdə ilə ayırmışdılar. Bir tərəfdə atlar və ulaq var idi, digər tərəfdə isə özləri yaşayırdılar. Yerə ağ rəngli xalça salınmışdı. Kahanın sahibi xalçanı dümağ seçmələrinin səbəbini bacadan işıq düşəndə evin də işıqlanması ilə izah etdi. Həmin xalça da çələbi xalçası idi.

– “Azər-İlmə”də yenə də “Şeyx Səfi” xalçaları toxunurmu?

“Şeyx Səfi” adlı Azərbaycan xalçası vaxtilə və elə bu gün də dünyanın ən gözəl, ən möhtəşəm xalçalarından biri sayılır. Uzun əsrlər boyu Ərdəbil şeyxlərinin sərdabəsinin bəzəyi olan xalçanı 1539-cu ildə Şah İsmayıl Xətainin oğlu I Şah Təhmasib babalarının dəfn olunduğu Şeyx Səfiəddin məqbərəsi üçün toxutdurub. Eni 5.34 m, uzunluğu 10.51 m, ümumi sahəsi isə 56.12 kv.m olan xalça “Ləçək-turunc” kompozisiyası əsasında toxunsa da, dövrünün digər belə kompozisiyalı xalçalarından mürəkkəb strukturu, mükəmməlliyi ilə çox fərqlənir. Xalçanın ara sahəsinin yuxarı hissəsində “Müqəddəs məqbərənin qulu Maqsud Kəşaninin işi – hicri 946” yazısı və XIV əsrin görkəmli şairi Hafiz Şirazinin divanından olan qəzəlin iki sətri verilmiş ağ tonlu kətəbə təsvir olunub. Qəzəlin tərcüməsi “Mənim sənin qapından, bu evindən qeyri sığınacağım yoxdur”

Məqbərənin tavanında və divarlarında olan rəsmlərin xalça üzərində əks olunması həmin sənət əsərinin məhz bu məqbərə üçün toxunduğunu sübut edir. 1891-ci ildə “Şeyx Səfi” xalçası məqbərədən aparılıb.

1892-ci ildə Londonda “Vincent Robinson Co” şirkəti tərəfindən “Şeyx Səfi” (Ərdəbil) xalçasını həmin dövr üçün çox yüksək qiymətlə satışa çıxarılıb. 1893-cü ildə xalça Viktoriya və Albert muzeyi üçün alınıb və bu gün də muzeyin ən qiymətli eksponatlarından biridir. Bu xatırlatmada məqsəd “Şeyx Səfi” xalçası haqqında ümumi məlumatı sizin vasitənizlə oxucularınıza çatdırmaq idi. Məsələnin əsas tərəfi olan “Şeyx Səfi” xalçasının Azərbaycanda toxunulmasına gəldikdə isə “Azər-İlmə”də xalçanın ipəkdən və yundan olan surəti toxunub. Azərbaycanda toxunan “Şeyx Səfi” xalçasının surəti hazırda Azərbaycan Xalça Muzeyində saxlanılır.

– Bəs Azərbaycan London muzeyində saxlanılan məşhur “Şeyx Səfi” xalçasını geri qaytara bilərmi?

Bu sualı çoxları verirlər. Amma bu, hazırkı tarixi şəraitdə mümkün deyil. “Şeyx Səfi” xalçası türkbafdır. Yəni türk üslubunda toxunub. Xalçaya tamaşa edərkən ondan Azərbaycan, türk qoxusu gəldiyini hiss edirsən. Ermənilərin toxuduğu xalçaların ilmələri əyri olur və həmin xalçalardan da erməni qoxusu, pis iy gəlir. Xalça onu oxuya bilən üçün canlı kitabədir. Azərbaycanda xalçaçılığın tarixi çox qədimdir. Bu gün ermənilər Azərbaycan xalçalarını mənimsəməyə çalışırlar. Amma xalçadan, xalçaçılqdan anlayışı olan adam ermənilərin iddia etdikləri əjdahalı Xorasan çeşnisinin bizim olduğunu bilir. Lakin ermənilər əjdaha motivlərini bizdən oğurlayıb toxuyurlar. Ermənilərin əjdaha motivləri ilə əlaqəsi ola bilməz. Bu bizə – türklərə, Azərbaycana aiddir.

BIR CAVAB BURAXIN