Rusiyada daha bir iri biznesmen-oliqarx hüquq-mühafizə orqanlarının caynağına keçib.
Ötən həftənin ortalarında “İnkişaf Korporasiyası” Səhmdar Cəmiyyətinin baş direktoru Sergey Maslov və onun müavini Vladimir Karamanov həbs olunublar. Onlar hazırda ləğvetmə prosesində olan “Narodnıy kredit” bankından 1 milyard rubl (15 milyon dollara yaxın) krediti götürüb mənimsəməkdə ittiham olunurlar.
Maslov və Karamanovu Moskvaətrafındakı və Rostovdakı dəbdəbəli iqamətgahlarında həbs ediblər. Həbs zamanı telekanallar Maslovun “100 milyon dollarlıq malikanədə” necə yaşaması barədə kadrları yayıblar. Kadrlara əsasən divarlar məşhur rəssamların əsərləri ilə doludur, biznesmenin qarajında “Mercedes” limuzinlər və “Maybax”lar yatır. Habelə müstəntiqlər biznesmenin hazırda İspaniya tərsanələrindən birində yığılmaqda olan yaxtasını da aşkar ediblər. Bu kadrların efirə verilməsi təsdiq edir ki, Maslovun “qələmini” lap yuxarıda sındırıblar və onu bəribaşdan qaralayaraq günahkar çıxarmağa hazırlaşırlar. Hansı ki, uzun müddə “Lukoil” və “Transneft” şirkətlərində işləmiş Maslovun özü də pis qazanmırdı və bütün bunları qanuni yolla da əldə edə bilərdi.
Sergey Maslov “Lukoil” və “Transneft” şirkətlərinin törəmə şirkətlərinə rəhbərlik edib. Bakılıdır və keçmiş AZİ-ni, indiki Neft və Sənaye İnstitutunu bitirib. Həmin institutun məzunu olan Vahid Ələkbərovla çox yaxındır. O, ofisi Vyanada yerləşən “Lukoil İnternational” şirkətinin rəhbəri olub, habelə “Transneft”İn törəmə şirkətinin rəhbəri kimi qaz kəmərləri şəbəkəsinin tikintisini həyata keçirib. Onun karyerasının çoxu “Lukoil”la bağlıdır. Maslovu “Transneft”in o vaxtkı prezidenti Semyon Vaynştoka tövsiyə edən də məhz Vahid Ələkbərov idi.
Habelə Maslovun Putinin dostu, milyarder Gennadi Timçenko ilə də biznes tərəfdaşlığı və dostluğu var. O, hazırda Suriyaya hərbi yüklər daşıyan “Sevostopol” və “Novorossiysk” gəmilərinin alınması üçün “Nexus Maritime Services” adlı offşor şirkətə də 12 milyon dollar borc verib. Bütün bunlara, Kremlə bağlı oliqarxlarla dostluğa və ortaqlığa baxmayaraq Maslov həbsdən yayına bilməyib. Bu, Rusiyada son vaxtlar hakimiyyətə yaxın oliqarxların vurulması kampaniyasının davamı kimi görünür.
Maslovun vəkilləri deyir ki, ona qarşı cinayət işi cəmi bir şahidin ifadəsi əsasında qaldırılıb. Biznesmen özü ittihamları qəbul etmir.
Virtualaz.org