Azərbaycanlı ana və oğul Təbrizdə intihar etdilər

0
349

İran İslam Respublikasının Təbriz şəhərində iki Azərbaycan vətəndaşı – ana və oğul intihara cəhd ediblər. 50 yaşlı Əsli İbrahimova dünyasını dəyişib, onun oğlu 14 yaşlı Hüseyn İbrahimov isə Təbrizin Sina xəstəxanasına yerləşdirilib.

Hüseyn İbrahimovun sözlərinə görə, anası aptekdən aldığı dərmanı əvvəl ona içirib, daha sonra isə özü içib. Hüseynin vəziyyətinin ağırlaşdığını görən ana onu təcili xəstəxanaya çatdırıb. Xəstəxanada olarkən Ə.İbrahimovanın özünün də vəziyyəti ağırlaşıb. Qadın huşunu itirib və üç gün xəstəxanada qaldıqdan sonra elə oradaca vəfat edib.

Azyaşlının dediklərindən belə məlum olur ki, hər şey anası edib. Belə ki, İrandan deportasiya edilməmələri üçün qadın belə bir addıma əl atıb.

“Anam Azərbaycanda heç bir qohum və yaxınları ilə əlaqə saxlamırdı. Onların ünvanlarını, telefon nömrələrini bilmirdi. Əslən Şamaxıdan olsa da, İrana gəlməzdən əvvəl Lənkəranda yaşayırdı”, – azyaşlı bildirib.

Məlum olub ki, Ə.İbrahimova ötən ilin oktyabr ayında İrana gedib. Depressiv xəstəliklərdən əziyyət çəkən qadın psixotrop dərmanlar qəbul edib. İranda qanunla nəzərdə tutulmuş müddətdən artıq qaldığına görə müvafiq orqanlar tərəfindən cərimələnib. Növbəti dəfə isə onu deportasiya edəcəklərmiş.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev “Report”a açıqlamasında faktı təsdiqləyib. O, Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna İran İslam Respublikasının dövlət orqanları tərəfindən bu məlumat daxil olan kimi konsulluğun əməkdaşlarının xəstəxanaya gedərək vətəndaşların vəziyyəti ilə tanış olduqlarını və onların şəxsiyyətinin müəyyən edildiyini bildirib. H.Hacıyevin sözlərinə görə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin xətti ilə vəfat etmiş vətəndaşın Azərbaycanda bir nəfər yaxın qohumu müəyyən edilib: “Anası vəfat etmiş uşağa Baş Konsulluğun əməkdaşları tərəfindən bu müddət ərzində lazımi qayğı və diqqət göstərilib. İran İslam Respublikasının dövlət orqanları, xüsusilə bu ölkənin Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin dəstəyi ilə bütün sənədləşmələr aparılıb və cənazənin və uşağın İrandan çıxarılaraq, ölkəmizə gətirilməsi və 21 avqust tarixində qohumuna təhvil verilməsi təmin edilib”.

H.Hacıyev əlavə edib ki, xaricdə Azərbaycan Respublikası vətəndaşlarına qanun çərçivəsində konsulluq dəstəyinin göstərilməsi XİN-in fəaliyyətinin prioritet istiqamətlərindən biridir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

12 − 2 =