Azərbaycanın İslamiadadakı növbəti medalı 100-cü olacaq

0
575
 

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları daha 18 medal qazanıblar. Medallardan 9-u qızıl, 5-i gümüş, 4-ü bürünc əyarlı olub.

Qızıl medallardan 4-ü taekvondoçuların aktivinə yazılıb. Bunlar Patimat Abakarova (49 kq), Ayxan Tağızadə (68 kq), Milad Beigi Hərçəqani (80 kq) və olimpiya çempionu Radik İsayev (+87 kq) olub.

Digər qızıl medalları para-atletikanın lövhə atma növündə Samir Nəbiyev, 100 metr məsafəyə qaçışda Elmir Cəbrayılov, atletikanın 3 təkanla uzununa tullanma növündə Nazim Babayev, atıcılığın qarışıq komanda halında 10 metr məsafəyə pnevmatik tapança ilə atəş açma növündə Nigar Rəsulova – Ruslan Lunyov dueti və yunan-Roma güləşçisi Orxan Nuriyev (98 kq) əldə edib.

Gümüş medallara atletikanın 3 təkanla tullanma növündə Aleksis Kopello, 110 metr məsafəyə sədlərlə qaçışda Rahib Məmmədov, taekvondoçu Fəridə Əzizova (67 kq), yunan-Roma güləşçisi Rafiq Hüseynov (80 kq) və qarışıq komanda halında dairəvi stend atıcılarından ibarət Emin Cəfərov – Nurlana Cəfərova dueti yiyələnib.

Nəhayət, bürünc medallara yunan-Roma güləşçiləri Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq), 4×100 m məsafəyə kompleks üsulu ilə üzmədə Yuliya Stisyuk, Fatimə Əlkərimova, İlahə Rəciyeva və Alsu Bayramovadan ibarət Azərbaycan komandası, para-atletikanın lövhə atma növündə Oloxan Musayev sahib çıxıb.

Beləliklə, bu nəticələrdən sonra Azərbaycanın aktivindəki medalların sayı 99-a yüksəlib. Medallardan 50-si qızıl, 29-u gümüş, 20-si bürüncdür.

BIR CAVAB BURAXIN