Azərbaycanın işğal altındakı əraziləri azad edilməlidir

0
343
Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib.

Məmmədyarov müsahibəsində Xəzər dənizinin statusu, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərdən danışıb.

Jurnalistin “Qarabağ münaqişəsinin həlli hansı mərhələdədir? Hansısa irəliləyişlər varmı? Erməni həmkarınızla əlaqənizi necə qiymətləndirirsiniz?” sualına azərbaycanlı nazir cavab verib:
“Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prossesi uzun müddətdir ki, davam edir. Dünya ictimaiyyəti Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Münaqişənin nizamlanması məhz bu əsas vəziyyətlər əsasında olmalıdır. Bir daha xatırlatmaq istərdim ki, BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamə var və onlar işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir. Məlumdur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxtı keçmir və icrası mütləqdir”.

Məmmədyarov qeyd edib ki, Minsk qrupu həmsədrlərinin təklif etdiyi mərhələli nizamlama modeli hamıya çoxdan məlumdur. Rusiya, ABŞ və Fransa rəhbərləri dəfələrlə işğal faktına əsaslanan status-kvonun qəbuledilməz olduğunu söyləyiblər. Nizamlama prosesini təşviq etmək üçün mövcud formatlar əsasında və mövcud gündəm çərçivəsində substantiv danışıqları intensivləşdirmək lazımdır.

Onun sözlərinə görə, Azərbaycan nəticəyə hədəflənib və Ermənistan tərəfi ilə bu mövzuda intensiv substantiv dialoqu davam etdirməyə hazırdır.
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mümkün üçtərəfli görüşü barədə danışan E.Məmmədyarov vurğulayıb ki, Bakı dialoqa açıqdır, lakin danışıqlar məzmunlu və məsuliyyətli, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesinin tezliklə başlamasına istiqamətlənməlidir.
Nazir əlavə edib ki, Azərbaycan dialoqa açıqdır: “Amma bu, nəticəyə hədəflənən məzmunlu və məsuliyyətli danışıqlar olmalıdır. Azərbaycanın işğal altındakı əraziləri azad edilməlidir”.(ölkə.az)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four × 3 =