Azərbaycanın Fransadakı səfirliyindən “erməni iddiası”na cavab gəldi

0
483

“Eduard Qriqoryan səfirliyin konsulluq şöbəsinə müraciət etməyib”

Azərbaycanın Fransadakı səfirliyi  Sumqayıt hadisələrinin təşkilatçısı sayılan Eduard Qriqoryan adlı erməni ilə bağlı son zamanlar mediada yayılan xəbərlərə münasibət bildirib.

Səfirlikdən musavat.com-a daxil olan məlumata görə, E.Qriqoryanın Azərbaycanın Fransadakı səfirliyinə aparılaraq şəxsiyyətinin təsdiqləndiyi, səfirlik tərəfindən ona şəxsiyyətinin təsdiqlənməsiylə bağlı sənəd verildiyi ilə bağlı yazılanlar həqiqətə uyğun deyil.

Məlumatda daha sonra yazılıb: “Təəssüflə qeyd edirik ki, ölkəmizdə keçiriləcək  prezident seçkiləri öncəsi Avropada, xüsusən də Fransada Azərbaycana qarşı kampaniya daha da geniş vüsət alıb. Sosial şəbəkə profilində heç bir fakta əsaslanmayan fikrin dəqiqləşdirmə aparılmadan tirajlanmasını təsadüf hesab etmirik. Fransada Azərbaycan Respublikasının imicinə zərbə vurmaq məqsədilə həyata keçirilən bu kampaniyada erməni diasporu ilə Fransadan siyasi sığınacaq almış Azərbaycan Respublikası vətəndaşı statusu daşıyan şəxslər sinxron hərəkət edirlər”.

Səfirlik əminliklə bildirir ki, 1988-ci ilin fevralında Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı Eduard Qriqoryan hər hansı bir məsələ ilə bağlı Səfirliyinin Konsulluq şöbəsinə müraciət etməyib və ona tərəfimizdən konsulluq xidməti göstərilməyib: “Ölkə KİV-lərini bu kimi məsələlərdə diqqətli olmağa və jurnalistikanın əsas prinsiplərinə əməl etməyə çağırırıq”.

Musavat.com xatırladır ki, iki gün öncə Fransada yaşayan mühacir bloqqer Elnur Məcidli sosial şəbəkə vasitəsilə 1988-ci ildə Sumqayıt hadisələrinin təşkilatçısı sayılan Eduard Qriqoryanın hal-hazırda Fransanın Orleans şəhərində ailəsiylə birlikdə siyasi sığınacaq üçün müraciət etdiyini xəbər verib.

E.Məcidli bildirib ki, bu informasiyanı alan kimi sözügedən şəhərə yola düşüb və məlumatı yerində dəqiqləşdirib. E.Məcidli daha sonra yazıb: “Şahid ifadələrinə görə kifayət qədər səlis azərbaycan dilində danışan Qriqoryan öz keçmişiylə bağlı danışmaqdan qaçınır, sığınacaq üçün də başqa bir adla müraciət etdiyi deyilir. Ən dəhşətlisi isə, Qriqoryanın Azərbaycanın Fransadakı səfirliyinə aparılaraq şəxsiyyətinin təsdiqləndiyi, səfirlik tərəfindən ona şəxsiyyətinin təsdiqlənməsiylə bağlı sənəd verildiyi məlumatıdır”.

Bloqqer yazıb ki, Sumqayıt hadisələrinin təşkilatçısı hazırda Fransadadır və doğrudan da səfirlik bu məlumatı ictimaiyyətdən gizlədibsə bu, artıq böyük sensasiyadır: “Hesab edirəm ki, rəsmi qurumlarımız bu şəxsin Azərbaycanda məhkəmə qarşısına yenidən çıxarılması üçün dərhal hərəkətə keçməli və lazımi addımları atmalıdırlar”. musavat.com

BIR CAVAB BURAXIN