Azərbaycanda ailələr bu səbəblərdən dağılır: xəyanət, sonsuzluq, narkomaniya…

0
573
 

Bu ilin yanvar-aprel aylarında qeydiyyat şöbələri tərəfindən 18 229 nikah və 4896 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.

Araşdırmalar göstərir ki, Azərbaycanda boşanmaların sayının artması tendensiyası 2004-cü ildən başlayıb. Həmin il cəmi 7 minə yaxın boşanma faktı qeydə alınıb, 2005-ci ildə boşanan ailələrin sayı 9 minə yaxınlaşıb. 2010-cu ildə Azərbaycanda 9061, 2011-ci ildə 10 747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114 boşanma halı baş verib.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova modern.az-a bildirib ki, əksər boşanma halında olan şəxslər evlilik zamanı tələsik qərar verənlərdir: “Bəzi gənclərimiz öhdəliklərini dərk etmədən ailə qurur və problemlərlə qarşılaşırlar. Qısa müddətdə tanış olub evlilik qərarı verən gənclərin bəzən bir-birini tanımağa fürsəti belə olmur. Əsasən də qızlarımız bilmir ki, ərə getdiyi şəxs zərərli vərdişlərə aludə olan biridir, yaxud təhlükəli xəstəlik daşıyıcısıdır. Bu məsələlər məlum olanda isə münasibətlər gərginləşir və nəticədə ailələr dağılır”.

A.Veysəlova boşanmaya əsas səbəblərdən biri kimi qızların fiziki və psixoloji cəhətdən ailə qurmağa hazır olmamasını göstərib.

O, eyni zamanda qeyd edib ki, ailədaxili zorakılıq, cütlüklərin uşağının olmaması, narkomaniya, sərxoşluq, xəyanət kimi faktorlar boşanmalarda üstünlük təşkil edən amillərdir.

BIR CAVAB BURAXIN