“Bu ilin ilk 3 ayında Azərbaycana xaricdən 445 baş damazlıq heyvan gətirilib”.
Bu haqda modern.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.
Y.Xanvəli qeyd edib ki, bu il Azərbaycana diri at və uzunqulaq idxal olunmayıb: “Kəsim üçün gətirilən heyvanlar 15 min 374 baş, kəsim üçün gətirilən xırdabuynuzlu heyvanlar 858 başdır. Eyni zamanda, 640 min 50 baş birgünlük cücələr idxal edilib.
Diri quşların sayı 30000-dir. Bu ilin ilk 3 ayı ərzində Azərbaycana diri at və eşşək idxal edilməyib”.
DBX rəsmisi deyib ki, ötən il ölkəyə gətirilən damazlıq heyvan 1722 baş olub: “Kəsim üçün 23 min 765 baş, ümumilikdə gətirilən iribuynuzlu heyvanların sayı 28 min 487 baş olub. Ümumilikdə, 67 min 525 baş xırdabuynuzlu heyvan gətirilib ki, onlardan 25-i damazlıq üçün, 67 min 500-ü kəsim üçün idi”.
Y.Xanvəlinin sözlərinə görə, ölkəyə həm də it və pişik idxal edilib: “Ötən il Azərbaycana 5 baş at gətirilib. İdxal edilən diri heyvanlar arasında eşşək yoxdur. Bundan başqa, 342 arı ailəsi, 1645 ana arı gətirilib. 154 baş it və pişik balası gətirilib. Birgünlük cücələrin sayı 2 mln. 864 min 729-dur”.