Azərbaycan Türk fəlsəfəsinin problemləri və həll yolları

0
606

2. Yazı
Bu məqsədlə də xüsusilə Əfşarlar, Qacarlar “iranlı”, “persia” adı altında düşmən hesab olunub, çar Rusiyasının Qafqazı, o cümlədən Güney Qafqazı və Quzey Azərbaycanı işğal etməsini isə “tərəqqipərvər” Çarlığa birləşdirmə adlandırıb bayram günü kimi qeyd olunmasına cəhdlər göstərilmişdir. Ən geniş yayılmış fikirlərdən biri də o idi ki, yaxşı ki, Quzey Azərbaycan Çarlıq tərəfindən işğal olunub, yəni “İran” adlandırdıqları Qacarlar dövləti bütün Azərbaycana sahib çıxa bilməmişdir. Əgər bu baş verərdisə o zaman Quzey Azərbaycan xalqı da Güney Azərbaycan xalqı kimi təhsildən, mədəniyyətdən uzaq qalacaq, bununla da yalnız “tərəqqipərvər” Rusiyanın deyil, Avropanın dəyərlərinə də sahib çıxa bilməyəcəkdi. Şübhəsiz, bütün bunların fonunda nəinki milli, hər hansı bir obyektiv tarixçilikdən, ədəbiyyatdan, dilçilikdən, fəlsəfədən, mədəniy¬yətdən söhbət gedə bilməzdi. Xüsusilə də, repressiya dövründən (1930-cu illərin ortalarından) başlayaraq, hətta, ən azacıq obyektivlik və millilik belə qəbuledilməz olmuşdur. Ona görə də, “Böyük Rusiya” tərəfdarlarının əksəri də (N.Nərimanov, Ə.Qarayev, S.M.Əfəndiyev, R.Axundov və b.) rasional, ya da qeyri-rasional bütün varlıqları ilə marksizm-leninizmə bağlı olmalarına baxmayaraq repressiya olunmalarının əsas səbəbi yarımçıq ruslaşıb, digər anlamla da yarımçıq türk kimi qalmaları idi. Sovet-Rus ideoloqları üçün türklük hissindən tamamilə uzaqlaşmayanlarla ruslaşdırma siyasətini həyata keçirmək nöqsanlı idi və bunun üçün də türksüz “Azərbaycan”nın elanından sonra yeni bir mərhələ başlamışdır.Ümumiyyətlə, Quzey Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra marksizm-leninizm ideologiyası şəriksiz bir cərəyan kimi uzun bir müddət hökmran vəziyyətdə olmuşdur. Marksizm-leninizm ideologiyasının şəriksiz hökmranlığı dövründə (1920-1991) bütöv bir nəsil bu cərəyanın prinsipləri çərçivəsində yetişdirilmiş, bir çox Azərbaycan Türk mütəfəkkirləri könüllü, ya da məcburən onun təbliğatçısına çevrilmişlər. Bununla da, həmin dövrdə “könhə” marksist-leninçilərlə yanaşı, “yeni” kommunist məfkurəli ziyalılar nəsli də yetişmişdir. Ancaq burada bir vacib məqamı mütləq qeyd etmək lazımdır ki, 71 illik dövrdə marksizm-leninizm ideologiyasına münasibət tamamilə birmənalı olmamışdır. XX əsrin birinci yarısında, xüsusilə də 2-ci Dünya müharibəsinə qədər (1939) türk sosial-demokrat məfkurəli ziyalıların materializmə, o cümlədən marksizmə, ya da marksizm-leninizmə münasibəti sonrakı dövrlə (1950-1991) müqayisədə bir qədər fərqli xüsusiyyət daşımışdır. Həmin xüsusiyyətlər aşağıdakılardan ibarətdir: 1) sosial-demokratizmlə ya da marksizmlə ilkin tanışlıq və bu cərəyanın iki xətdə (menşevizm və bolşevizm) inkişafı (1901-1920), 2) Sovet Rusiyasının (1917) bərqərar olması, çox keçmədən rus bolşeviklərin Azərbaycanın işğalı (1920, 27 aprel) sonrası bolşevizmin (marksizm-leninizm) yalnız menşe¬vizm üzərində deyil, milli mədəniyyət-milli fəlsəfə üzərində üstünlüyü, 3) sovet beynəlmiləlçiliyi ya da marksist-leninçi fəlsəfənin kosmopolitizmə yuvarlan¬ması və stalinizm (1920-ci illərin sonları-1950-ci illər). Bizcə, bu üç xüsusiyyətin bir qədər fərqli zamanlarda ortaya çıxması Azərbaycan türk sosial-demokrat, materialist məfkurəli ziyalılara ciddi təsir göstərmişdir. Hər halda 1920-ci ilə qədər daha çox könüllülük əsasında marksizm (bolşevizm, menşevizm) fəlsəfəsini müdafiə etməklə, 27 aprel faciəsindən sonra əvvəlcə bir qədər yumşaq daha sonra isə sərt formadakı şəraitdə marksizmdən çıxış etmək eyni ola bilməz. Bu baxımdan 27 aprel faciəsinə qədər və həmin faciədən sonrakı ilk illərdə marksizmi müdafiə edən türk-azərbaycanlı menşevik, bolşevik, sosialist-iniqlabçıların düşüncələrində nisbi müstəqillik (N.Nərimanov, M.Əzizbəyov, S.M.Əfəndiyev, S.Ağamalıoğlu, R.Axundov, Ə.Xanbudaqov və b.) hiss olunur. Hətta, onların bəziləri (S.Ağamalıoğlu, R.Axundov və b.) 27 aprel faciəsindən sonra menşeviklikdən, eserlikdən üz döndərib bolşevizmə keçsələr də, yenə müəyyən qədər olsa da, nisbi fikir azadlığı müstəqilliyini bir müddət davam etdirdilər. Yalnız sovet kosmpolitizminin dərinləşməsi və reprerssiyanın güclənməsi (əsasən 1920-ci illərin sonlarından başlayaraq) nəticəsində marksizmə münasibətdə birmənalılıq qətiləşdi. Xüsusilə də, “sağ oppurtinstlərin”, trotskilərin partiya daxilində təmizlənməsi prosesi ilə Sovetlər Birliyində, o cümlədən Sovet Azərbaycanında da materializmin nüvəsi hesab olunan marksizm-leninizmə münasibətdə “köhnə” sovet nəsili öz ömrünü tədricən başa vurub stalinçi “yeni” sovet nəslinə tərk etdi. Şübhəsiz, bu da mütəfəkkirlərin marksizm-leninizmə münasibətində son mərhələ deyildi, çünki “yeni” sovet nəsli Stalin prinsipləri əsasında formalaşırdı ki, bu proses onun ölümü ilə (1953) yeni bir rəng aldı. Başqa sözlə, Stalnin ölümü ilə “yeni” sovet nəsli ziyalıları marksizm-leninizmə münasibətdə Stalin prinsiplərindən qismən imtina etsələr də, ancaq köklü dəyişikliklərdən söhbət belə gedə bilməz. Belə ki, Stalinin hakimiyyəti dövründə marksizm-leninizmə münasibətdə formalaşmış staliçi sovet-kommunust təfəkkürü onun ölümündən sonra bəzi zahiri cəhətdən dəyişikliklərə uğrasa da, mahiyyət baxımından çox şey dəyişmədi. Bizcə, bununla da marksizm, ya da marksizm-leninizmə münasibətdə represiyyayəqədərki dövrdə az-şox rast gəldiyimiz fərqli fikirlər Stalinin ölümündən sonra da meydana çıxmadı. Burada söhbət ilk növbədə, marksizm-leninizm ideologiyasını təbliğ edən marksist-leninçi ziyalılardan gedir və “dissidentlər” (milli, ya da qeyri-milli dissidentlər) nəzərdə tutulmur. Eyni zamanda, 20-ci əsrin ikinci yarısında meydana çıxan “dissidentlər”lə represissyayaqədərki trotskiləri, “sağ oppurtnistləri” də tamamilə eyniləşdirmək doğru deyil.Beləliklə, bizcə, XX əsrin ilk yarısında türk ziyalılarının marksizm-leninizmə münasibətdə müstəqilliyəqədərki inqilablar və müstəqillik (1901-1920), “müstəqil” sosializm, ya da loyal sovetləşmə (1920-1928), kosmpolitizmin vüsət almasından ifrat sovetləşmə-repressiya (1928-1938) və 2-ci Dünya müharibəsi və sərt-inzibati amirlik (1939-1953) mərhələləri ciddi təsir göstərmişdir. Hesab edirik ki, bu xüsusiyyətlərdən irəli gələrək bu dövrdə Azərbaycanda marksizmin ilk nümayəndələrindən bəziləri (N.Nərimanov, S.M.Əfəndiyev, R.Axundov, H.Hüseynov və b.) müdafiə etdkiləri cərəyanla bağlı az da olsa, nisbətən fərqli, özünəməxsus fikirlər və mülahizələr irəli sürməyə çalışmışlar. Ancaq Azərbaycan türk marksist-leninçilərin xeyli qismi istər 20-ci əsrin ilk yarısı, ya da ikinci yarısı olsun, əsasən taftaologiya ilə məşğul olmuş, əsil marksist-leninçi olmaqlarını sübut etmək üçün bir tərəfdən milli-dini adət-ənənələri (əsasən də islam dinini) hədəf alaraq kommunist əxlaqını, kommunist əqidəsini təbliğ etmiş, digər tərəfdən bütün Azərbaycan türk mütəfəkkirlərində materializm axtarmağa çalışmışlar. Bizcə, 20-ci əsrin ikinci yarısında marksizm-leninizmə münasibətdə fərqli, özünəməxsus fikirlər və mülahizələr irəli sürməyə çalımış ziyalılarımız çox az olmuşdur.Quzey Azərbaycanda fəlsəfə və ictimai fikir tarixinin yazılması prosesi də məhz Türksüz “Azərbaycan” ideyasının tətbiqindən sonra (1936) başlamışdır. Belə olduğu təqdirdə, obyektiv və milli ruhlu fəlsəfə və ictimai fikir tarixinin (eləcə də, tarix, ədəbiyyat, mədəniyyət, dilçilik və başqalarının) yazılması mümkün deyildi. Bu məsələ ilə bağlı, hələ, 2014-cü ildə nəşr olunmuş “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)” kitabımızda da bəzi aydınlaşdırmalar aparmışdıq: “1940-1950-ci illərdə hər hansı bir Azərbaycan mütəfəkkirinin milliliyə azacıq meyilliliyi belə mərkəzçiliyə qarşı çıxış kimi qiymətləndirilirdi. Bu dövrdə milli mədəniyyət və dinlə bağlı irəli sürülən əsas mülahizələrdə zərdüştilik Azərbaycanda fəlsəfi fikrin rüşeymi kimi göstərildiyi halda, “Kitabi-Dədə Qorqud”a tarixi, fəlsəfi və elmi ədəbiyyat kimi lazımi qiyməti verilmir, üstəlik feodalizmin qalığı kimi tənqid olunurdu. Buna səbəb də, “Kitabi-Dədə Qorqud”un “Avesta”dan fərqli olaraq, birmənalı şəkildə türk mədəni irsinə aid olması idi. Bu baxımdan ziyalıların əksəriyyəti milli mədəniyyətə və ədəbiyyata ya müraciət etmir, ya da yalnız tənqid yazmaqla məşğul olurdular. Çox az saylı mütəfəkkirlər isə özlərində cəsarət taparaq milli mədəniyyət və milli özünəməxsusluğu önə çəkirdilər. Belə mütəfəkkirlərdən biri olan akademik Heydər Hüseynovun materialist filosof olmasına baxmayaraq, “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” (1949) əsərində Şeyx Şamil hərəkatını müsbət qiymətlən¬dirməsi, eləcə də çar Rusiyasını bir qayda olaraq, işğalçı kimi qələm verməsi son nəticədə onun təqiblərə və təzyiqlərə məruz qalmasına səbəb olmuşdur. Bundan “nəticə” çıxardan digər Azərbaycan filosofları (M.Qasımov, M.Ağamirov, F.Q.Köçərli və b.) və ədəbiyyatçıları (M.Rəfili, Ə.Nazim. və b.) əsərlərində islamçılığı və türkçülüyü tənqid etməklə yanaşı, “böyük qardaşın” – rusların çar Rusiyasının və sovet Rusiyasının timsalında Azərbaycanı işğal etməsinə haqq qazandırır, bir çox Azərbaycan türk mütəfəkkirlərinin rus ictimai fikrindən ilham aldığını yazırdılar”. Bütün bunların nəticəsi olaraq 1966-cı illərdə nəşr olunan “Azərbaycan fəlsəfəsinin tarixinə dair oçerklər” kitabında da iddia olunurdu ki, Azərbaycan xalqının əcdadları soykökcə türk olmayan midiyalılar, albanlar, kaspilər olublar. Xüsusilə, burada midiyalılar Azərbaycan xalqının əsas əcdadı kimi göstərilir və bu prizmadan çıxış edən müəlliflərə görə, Azərbaycan xalqının qədim dövrdə və erkən orta əsrlərdə dini-mənəvi dünyagörüşünü öyrənilməsində Azərbaycandan olan “midiyalı” Zərdüştün adı ilə bağlı zərdüştilik və onun müqəddəs kitabı “Avesta” mühüm yer tutmuşdur. Burada o da göstərilir ki, ümumiyyətlə qədim Midiyada dini dünyagörüş üç mərhələdən keçmişdir: 1) zərdüştəqədərki politeizm, devaizm; 2) zorastrizm, monoteizm Zaratustrı; 3) mazdayasna. Onların iddiasına görə, Raqa və Atropatenadan olan maqlar tərəfindən qələmə alınmış “Avesta” qədim Azərbaycan xalqı – midiyalılar arasında geniş yayılmışdır. Bu kitabın müəlliflərinə görə, ilk orta əsrlərdə meydana çıxmış maniliklə, məzdəkizmin baniləri də “iran” mənşəli olmuşlar. Belə ki, Maninin anası “İran” mənşəli arşakilər sülaləsindən, Məzdəkin atası isə suriyalı Bəmdad olmuşdur.


AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Arazinfo.com