İmplantasiya sağlam həyat, sağlam ömür deməkdir

0
623

Son illərdə Azərbaycanda respublikamız üçün yeni hesab edilən itirilmiş və ya müxtəlif səbəblərdən sıradan çıxmış dişlərin yerinə el arasında deyildiyi kimi yeni implant diş əkilməsi geniş vüsət almaqdadır. Əgər ilk vaxtlar insanlarımız arasında implant diş əkilməsinə münasibət birmənalı deyildisə, onlar arasında bununla bağlı müəyyən qorxu kompleksi vardısa, artıq adıçəkilən sahəyə maraq ildən-ilə artmaqdadır. İmplant diş əkilməsi sahəsində sevindirici, diqqəti cəlb edən digər bir məsələ də implantasiya sahəsində yüksək bacarıqlı mütəxəssislərimizin yetişməsidir. Əgər implant diş əkilməsi ilə bağlı ilk vaxtlar bəzi vətəndaşlarımız xarici həkimlərə müraciət edirdilərsə indi vəziyyət başdan-ayağa dəyişib və bu sahədə yüksək səviyyəli milli həkim-stomatoloqlarımızın sayı artmaqda davam edir. Onlardan biri də Estebel İstanbul klinikasının implantologiya üzrə tanınmış mütəxəssisi İlkin Qəriblidir. Azərbaycanda implantologiya sahəsində vəziyyət və adıçəkilən sahədə görülən işlər barədə oxucularımızı tanış etmək məqsədi ilə Ariftoterapiya Mərkəzinin nəzdində fəaliyyət göstərən “Estebel İstanbul” ağız və diş boşluğu üzrə Baş həkim Stomatoloq-İmplantoloq Dr.İlkin Qəribliyə müraciət etdik:

– İlkin həkim, öncə respublikamızda implant diş sahəsi üzrə tanınmış mütəxəssis kimi özünüz haqqınızda oxucularımıza qısa məlumat verərdiniz.

– Mən İlkin Qəribli orta təhsilimi başa vurandan sonra 2000-ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olunmuşam və 2005-ci ildə oranı stomatoloq ixtisası üzrə uğurla başa vurmuşam. Təhsilimi başa vurduqdan sonra internaturada təcrübə keçmişəm diş həkimi, implant diş əkilməsi sahəsi üzrə ixtisaslaşmışam. 2007-ci ildən həkim-stomatoloq kimi fəaliyyət göstərirəm.

– Azərbaycanda diş əkilməsi, daha dəqiq desək implant diş qoyulması ilə bağlı sahə nisbətən gənc, yeni bir sahə hesab edilir. Bu baxımdan diş əkilməsi kimi çətin, eyni zamanda məsuliyyətli bir peşəni hansı səbəbdən seçdiniz?

– Mən hələ Tibb Universitetində oxuduğum illərdə implant diş əkilməsi ilə bağlı bizə xaricdən, o cümlədən İsraildən gələn mütəxəssislər mühazirələr oxumuşdular. Bu peşə ilə tanışlıq məndə implant diş əkilməsi sahəsinə böyük maraq oyatdı. İmplant diş əkilməsi ilə bağlı tələbəlik illərində çoxsaylı elmi ədəbiyyat oxudum və bu sahə ilə yaxından tanış oldum. Universiteti başa vurduqdan sonra internaturada diş əkilməsi üzrə təcrübə keçdim və ixtisaslaşdım. 2007-ci ildə isə diş əkilməsi, implant diş üzrə həkim kimi fəaliyyətə başladım. Onu da deyim ki, elm və texnikanın sürətli şəkildə inkişaf etməsi və yeni texnologiyaların tətbiqi nəticəsində son illərdə tibb sahəsində böyük nailiyyətlər əldə edilmişdir. Elmi-texniki sahədə durmadan yeni nailiyyətlərin əldə edilməsi isə öz növbəsində qeyd etdiyimiz kimi implantasiyanın da daha geniş şəkildə tətbiqinə imkan verməkdədir. Bu baxımdan stomatologiya sahəsində də diş əkilməsi, implantasiya ilə bağlı problemlər tədricən aradan qaldırılmaqdadır. Bu da implantasiyanın daha asan başa gəlməsinə və onların uzunömürlü olmasına imkan verməkdədir. Yəni demək istəyirəm ki, implantasiya artıq həyatımızın vacib, önəmli sahələrindən birinə çevrilib və respublikamızda bu sahəyə müraciət edənlərin sayı ildən-ilə artmaqdadır.

– Həkim, bütün hallarda implantasiya, diş əkilməsi sahəsi respublikamız üçün nisbətən yeni hesab edilir. Sizə elə gəlmir ki, bu sahəyə vətəndaşların marağı hələ də arzuedilən səviyyədə deyil?

– Azərbaycan üçün implant diş əkilməsi, implantasiya nisbətən yeni hesab edilə bilər. Ancaq beynəlxalq aləmdə implantasiya sahəsi ilə ötən əsrin 40-50-ci illərində məşğul olmağa başlayıblar. Əlbəttə, yeni sahə olduğu üçün Qərb ölkələrində də bu sahəyə insanlar ilk vaxtlar nisbətən ehtiyatla yanaşıblar. Ancaq elm, texnika inkişaf etdikcə implantasiya sahəsi də yeni texnologiyalardan uğurla istifadə etməyə başladı. Nəticədə diş əkilməsi Qərb ölkələrində geniş yayılmağa başladı. Azərbaycana gəlincə, implantasiya sahəsində ilk addımlar ötən əsrin 90-cı illərində atılmağa başladı. İlk vaxtlar implant diş, diş əkilməsi məsələsi çoxlarına qeyri-adi, qəribə gəlir və buna şübhə ilə yanaşırdılar. Ancaq 2000-ci illərdən başlayaraq vəziyyət dəyişməyə və implantasiya respublikamızda tədricən daha geniş yayılmağa başladı. Son 10 ildə isə respublikamızda implant diş sahəsi üzrə ixtisaslaşan çoxsaylı mütəxəssislər yetişib, yeni, müasir klinikalar açılıb. Onların çoxu implantasiya sahəsində müasir avadanlıqlarla təçhiz edilib. Eyni zamanda insanların da bu sahəyə olan əvvəlki inamsızlığı aradan qalxıb və indi daha çox insan diş əkdirmək üçün müvafiq klinikalara müraciət edirlər.

– Bəs implant diş əsl dişi əvəz edə bilirmi?

– Şübhəsiz ki, implant diş əsl dişin əvəz edilməsi üçün nəzərdə tutulub. Dünya praktikasında implant diş demək olar əsl dişi əvəz edir. Belə ki, elm və texnologiyanın yüksək sürətlə inkişaf etməsi stomatologiya sahəsində də inqilabi yeniliklərə səbəb olaraq adı çəkilən problemi yəni əsl dişin implant dişlə əvəz edilməsinə demək olar imkan verib.

– İmplant diş əkilməsi çox ağrılı proses hesab edilə bilərmi?

– Xeyr, implant diş əkilməsi tibdə bir o qədər də ağrılı hesab edilmir. Yəni adi diş çəkilməsində olduğu kimi burada da diş ətinə keyidici vurulur. Bir implant dişin əkilməsi də bir o qədər vaxt aparmır və bu proses 10-15 dəqiqə ərzində başa çatdırılır. Amma təbii ki, çox diş əkilərsə, onda daha çox vaxt lazım gələcək.

– Həkim, bəs implant dişlərin özləri nədən, hansı materialdan hazırlanır və onların insan orqanizmi üçün hər hansı ziyanı, fəsadı ola bilərmi?

– İmplant dişlər adətən titandan hazırlanırlar və eləcə də digər cərrahi proseslərdə ehtiyac yarandığı hallarda titandan geniş şəkildə istifadə edirlər. Çünki titan insan orqanizmi tərəfindən qəbul edilir və 99,9 faiz hər hansı bir fəsada səbəb olmur.

– İmplant dişin ömrü nə qədər olur?

– İmplant diş uzun müddət üçün nəzərdə tutulub və bununla bağlı hər hansı problem yoxdur. Amma o da aydındır ki, implant dişin uzunömürlü olması ilk növbədə çənə sümüyünün təbii halını qoruyub saxlamasından, onun hansısa səbəbdən deformasiyaya uğramamasından asılıdır. Əgər çənə sümüyü sağlamdırsa, deformasiyaya uğramırsa, onda implant dişin uzunömürlü olması təmin edilmiş olur.

– Azərbaycanda implantasiya, diş əkilməsinə münasibətdə müəyyən qorxular da mövcuddur. Belə hesab edilir ki, diş əkilməsi müxtəlif qorxulu xəstəliklərə, o cümlədən xərçəngə səbəb olur. Əhali arasında belə bir qorxu düzgün hesab edilə bilərmi?

– Belə bir qorxu üçün heç bir əsas yoxdur. Bir az əvvəl qeyd etdiyim kimi diş əkilməsi zamanı titandan istifadə edilir və orqanizm onu yaxşı qəbul edir. Diş əkilməsindən sonra hər hansı qorxulu bir xəstəlik, o cümlədən xərçəng baş verə bilməz. Sadəcə bəzi xəstəliklər var ki, onlara diş əkilməzdən əvvəl də, sonra da rast gəlmək mümkün olur. Məsələn ağız boşluğunda, dildə, eləcə də boğazda əmələ gələ biləcək hər hansı qorxulu xəstəliyin diş əkilməsi ilə heç bir əlaqəsi yoxdur. Buna vətəndaşlarımız yüz faiz arxayın olsunlar və diş əkdirməkdən ehtiyat etməsinlər.

– Həkim, bəs diş əkilməsi çox baha başa gəlirmi?

– Təbii ki diş əkilməsi prosesi çənə sümüyünə cərrahi müdaxilə deməkdir və bu prosesi həyata keçirənlər yüksək səviyyəli peşəkar mütəxəssisdirlər. Ona görə də bu qiymətlər məsələsi klinikalarda fərqlidir. Bununla belə onu deyim ki, diş əkilməsinə münasibətdə insanlarımız maddiyyatdan daha çox öz səhhətlərinin qayğısına qalsınlar. İnsanın səhhəti, sağlamlığı hər şeydən üstündür. Ağızdakı sağlam diş isə sağlam yaşamaq, sağlam həyat deməkdir.

Əziz Mustafa

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Thumb
Gallery Thumb
Gallery Thumb