AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)
Azərbycan türk filosofu A.A.Bakıxanovun ictimai-siyasi görüşlərinə gəlincə, o, hesab edirdi ki, daha çox dini inihsarı altına almış despotik məmurların tənqidində və onların maariflənməsində özünü büruzə vermişdir. Onun fikrincə, müsəlman xalqlarının geriliyində ikiüzlü, riyakar ruhanilər qədər despotik məmurların mənfi əməlləri də mühüm rol oyanmış, onların sayəsində İslam dini, Şərq mədəniyyəti mütərəqqi ənənələrindən xeyli dərəcədə uzaqlaşmışdır. Bütün bunları bir şeirində mütəfəkkir tam çılpaqlığı ilə belə ifadə etmişdir:
İndi zəmanə içrə fəzilətilə olmur intixab,
İşlər dolaşmış, öylə ki,yox işdə haqq-hesab.
Hər kəs nə istəyir eləyir, yox sənəd, sübut,
Guya ki, ən zəif şey imiş dünyada kitab.
Axırda boş xəyal ilə bir iddia olar,
Kim göydə heç də dövr eləmir mahü afitab.
Bir fiqhə bağlıdır görürəm işlər ah, əsəf,
Hər kəs özün görür, başa düşmür günah, səvab.
Şöhrət adıyla hökm edilir, ədlə yox baxan,
Düzlüklə əyrilik qarışıb, artmış iztirab.
Cənnət içində də elə bil əyrilik düşüb,
Allah şərikidir deyəsən orada hər cənab.
Axtarma Qüdsi, sözdə dəlilü sualı sən,
Küfrə gedib çıxar sonu hər verdiyin cavab.
Bakıxanov hesab edirdi ki, İslam dini müsəlmanlara təhsil verilməsini, ədəb öyrədilməsini vacib buyurduğu halda, bu gün müsəlman dövlətlərinin, yəni Osmanlı və Qacarların təhsildən, ədəbdən uzaq olmasının başlıca günahkarı İslam dini deyil, riyakar din alimləri ilə onlara hər cür arxa duran despotik məmurlardır. Məhz onların sayəsində müsəlman dövlətlərində özbaşnalıq, avamlıq, nadanlıq baş alıb gedir. O, yazır:
Yadındamı Rum elində (Osmanlı), İranda (Qacarlar),
Bir düşkünlük görmüşdün hər insanda.
Xəbərsizdi onlar bütün aləmdən,
Yabançıydı onlara hər ülmü fən.
Fəxr edirdi hər kəs varla, nəsəblə,
İşi yoxdu təhsil ilə, ədəblə.
Bir məqsəddi dövlət yığmaq hər kəsə,
O dövləti sərf etsin boş həvəsə.
Axtarıb bir mənsəb tapsın özünə,
Zorla xalqı tabe etsin özünə.
Dəm vuraraq onlar həsəb-nəsəbdən,
Kənardılar hər bir hünər ədəbdən.
Hesab edirik ki, Bakıxanovun ictimai-siyasi görşülərini daha dəqiq şəkildə ifadə edən əsərlərindən biri Təbriz əhlinə xitabən yazdığı şeiridir. O, həmin şeirində açıq şəkildə yazır ki, İslam qayda-qanunlarından uzaqlaşıb xalqı zəlil, avam günə salıb ədalətsizlik edən axundla xandır:
Əya güruhu-sitəmgər, əhaliyi-Təbriz,
Vəfa yerinə cəfa sizdə bu nə adətdir?!
Nə elmə talib olan var, nə mənidən agah,
Görüm, ilahi, dağılsın, necə vilayətdir?!
Nə rahü rəsmi-nəsara, nə şiveyi-islam,
Nə bütpərəstsüluki, bular nə millətdir?!…
Axund ilə xana hər tənə eyləsən yaraşır,
Bu müftəxorların əndişəsi şərarətdir
Nə rahü rəsmi-nəsara, nə şiveyi-islam,
Nə bütpərəst süluki, bular nə millətdir?!
Azərbaycan mütəfəkkirinə görə, əslində isə zülmkarlıq, ədalətsizlik, haqsızlıq hər hansı şahın, xaqanın sifətləri ola bilməz. Dövlət başçısının hökmü xalqın rəyinə, ləyaqətinə uyğun olmalıdır. Bakıxanov yazır:
Ölkəsində qəddarlığa, zülmə etsə şah adət,
Heç bir zaman xalq içində həkm sürməz ədalət.
Şah bir etsə zülmü, onun xadimləri yüz edər,
Gedər elin iqtidarı, hörməti də tez itər.
Bu halları görən zaman söyləmişlər atalar:
Ölkədə şah zalim olsa, xadimləri can alar.
Viran edər öz yurdunu zülm eyləyən hökmran,
Həqiqəti yox eyləyər, puça çıxar din-iman.
Şah kafər də olub əgər ədalətlə görsə iş,
Rəhmət ilə yad olunar, versə elə asayiş.
Bakıxanov açıq şəkildə yazırdı ki, ancaq riyakar ruhanilərlə zülmkar məmurlar birləşəndə zülm ərşə çıxır, xalqın vəziyyəti daha da ağırlaşır. Çünki xalq, məmurlardan daha çox kahinlərin sözünə inandığı üçün onlar nə oyun qursalar inanır, bununla da yalniz kahinlərin deyil məmurların da zülmünə düşmüş olurlar. Başqa sözlə, kahinlər dində, dövlət işlərində ixtiyar sahibi olduqları üçün hökmdarları ədalətə, haqqa dəvət etmək də, eyni zamanda hökmdarları ədalətsizliyə, zülmkarlığa sövq etmək də onların əlindədir. Məsələn, Bakıxanovun nəql etdiyi bir hekayədə məmurlar bir neçə riyakar ruhanilərlə sövdələmə apararaq xalqa zülm verilməsinə, ədalətsizliyin baş alıb getməsinə səbəb olduqları halda, ancaq elə ruhanilər də, məmurlar da tapılmışdır ki, ədalətin, haqqın tərəfdarı olmuşlar.
Azərbaycan mütəfəkkiri “Hikmətin fəziləti” mənzuməsində göstərir ki, dünyada insanlara, o cümlədən hökmdarlara vacib olan hünər, yaxşılıq və həqiqətdir. Başqa bir mənzum hekayətində (“Haqq söz”) isə Bakıxanov yazırdı ki, şahın başı eyş-işrətə qarışıb, əgər qafil yaşasa xalqdan, dövlətdən o zaman dövlətin əsası yelə verilər. Bu anlamda “ədalətli şah” obrazı üzərindən işləyən Bakıxanova görə, əsil şah odur ki, xalqa ədalətlə yanaşıb kəndidən çox əziyyət çəkir. O, yazır:
Dünya, din işinə baxarsa yəqin,
Düzələr ölkəsi, rövnəq tapar din.
Adına deyilər ədalətli şah,
Ona kömək edər hər işdə Allah.
Gördüyümüz kimi, Bakıxanov “ədalətli şah” məsələsindən bəhs edərkən dünya və din işlərini bir-birindən ayırmışdır. Bu o deməkdir ki, Bakıxanov dövlət siyasətində dünya işləri ilə din işlərinin ayrı tutulmasının tərəfdarı olmuşdur. Şübhəsiz, burada “dünya işi” dedikdə, maddi aləmin sosial-siyasi, hərbi və s. problemlərinin həlli nəzərdə tutulur. O, yazır:
Ey Qüdsi, bax biz əcəb biçarəyik,
Dünyadan və dindən də avarəyik.
Ən önəmlisi odur ki, Bakıxanon dünya işi və din işində məşvərətin, tədbirli olmağın tərəfdarı olmuşdur. Onun sözlərinə görə, məşvərət zamanı da nə olursa olsun, düzlükdən çıxış edilməli, həqiqət nə qədər acı, ağrılı da olsa dilə gətirilməlidir. O, yazır:
Düz iş yoxlanarsa nə qorxusu var,
Düşmən də düz işi eyləməz inkar.
Eyni zamanda, Bakıxanova görə istər hökmdar olsun, istərsə də sadə bir insan dünya və dini işlərdə əqlə əsaslanmalıdır. Hər bir işə ağlla, şüurlu şəkildə yanaşmaq vacibdir. O, yazır:
Əqlə istinadın mənası çoxdur,
Bəxt üz döndərsə də zərəri yoxdur.
Nakam yaşasa da şüurlu insan,
Yaxşıdır xoşbəxt bir nadan olmaqdan.
Buradan belə bir qənaətə gəlirik ki, yeni dövrdə dini elmlərlə yanaşı dünyəvi elmləri öyrənməyin əhəmiyətini Bakıxanov çox yaxşı anlamış, bu anlamda əqlin üstünlüyündən, dünəyvi elmələrin vacibliyindən daim bəhs etmişdir. O, yazır:
Bir gecə gördüm qoca öyüt verir oğluna,
Deyir malü dövlətə bel bağlama amandır.
Get, bala, elmi öyrən qulaq ver hər hikmətə,
Elmlə bu dünyada hər iş əqlə batandır.
Fərqdədir aləmin ləzzəti, asayişi,
Hər dövlətli nadanın əhvalı çox yamandır.
Onun ictimai-siyasi görüşlərində Qərb-Avropa mədəniyyəti ilə İslam-Şərq mədəniyyətini müqayisəsi də mühüm yer tutur. Belə ki, o, çağdaşları arasında ilk dəfə Qərb-Avropa mədəniyyəti ilə İslam-Şərq mədəniyyətini müqayisə etmiş, bütün çatışmazlıqlarına baxmayaraq üstünlüyü yenə də sonuncuya vermişdir. Fikrimizcə, bu heç də Azərbaycan türk mütəfəkkirinin İslam-Şərq mədəniyyətinə kor-koranə, ya da fanatikcəsinə bağlılığı ilə əlaqəli bir məsələ olmamışdır. Bakıxanov nəzəri təfəkkürünün və apardığı əyani təcrübələrinin nəticəsi olaraq belə bir qənaətə gəlmişdir.
Öncə qeyd edək ki, həm Avropa mütəfəkkirlərinin əsərləri ilə yaxından tanışlıq, həm də müsəlman ölkələrində (Qacarlar, Osmanlı) səyahətdə olarkən burada gördüyü mövhumat və cəhalət onda Qərb mədəniyyətinə müəyyən maraq yaratmışdır. Ən azı Şərq və Qərb mədəniyyətlərindən hansının üstün olması tərəddüdləri baş qaldırmışdır. Bu tərəddüdlərə son qoymaq üçün Bakıxanov Qərb mədəniyyəti ilə daha yaxından tanış olmaq qərarına gəlmiş, bu məqsədlə də bir neçə il Rusiyada, Polşada, Litvada və başqa Avropa ölkələrində səyahətdə olmuşdur: «Bir çox qəribə işlər və saysız təəccüblü əsərlər gördüm. Hər bir ölkədə, hər bir işdən və təcrübəmi artırdım. Get-gedə cəhalətim azaldı. Yavaş-yavaş xəyalat və təsəvvüratımın puçluğu aydınlaşdı və gördüm ki, dünyanın yüksək mənsəbləri çox alçaqdır və bizim əziz saydığımız tədbirlər bir sərxoşun ağıl sınamasına bənzər».
Bakıxanovun bu sözlərindən belə nəticə çıxartmaq olar ki, Avropa ölkələrinə səyahət edərək Qərb mədəniyyəti ilə yaxından tanış olan Bakıxanov onlarla bağlı ümid etdiklərinə dolğun cavab tapa bilməmişdir. Hətta, Avropa ölkələrinə səyahət Qərb mədəniyyətinə münasibətdə onda müsbətdən çox mənfi rəy yaratmışdır. Hər halda «Xəyalın uçuşu» əsərində Bakıxanov yazırdı ki, Şərqdə gördüyü qəmi, kədəri unutmaq üçün Qərbə səyahət etsə də, burada Qərb mədəniyyəti ilə bağlı deyilənlərin hamısının doğru olmadığını görmüşdü:
Mən firəngə (Aropaya-F.Ə.) bir səyahət eyləyim,
Elmü fəndən kəsbi-ləzzət eyləyim,
Deyə, düşdüm boş xəyala mən aman,
Dəmir zərlə örtülübmüş nə yaman!
Bakıxanov Avropada olarkən görür ki, əslində Qərb mədəniyyətinin içi ilə zahiri eyni deyildir. Bu anlamda Şərq və Qərb mədəniyyətlərinə bənzəməyən başqa bir ideal cəmiyyəti axtaran Bakıxanov sonda onu xəyalında tapır:
Nə etməli ki, asudə olum mən,
İslam ilə Firəng çəkişməsindən.
Söylə varmı bu dünyada bir imkan,
Ki, orada ürək olsun kamiran?
Burada xəyal ayrıca bir surətdə
Məni haldan-hala saldı sürətlə.
Maraqlıdır ki, Bakıxanov xəyalında «İslam və Firəng»dən üstün olan ideal cəmiyyəti tapsa da, sonda məlum olur ki, həmin “ideal cəmiyyət”də mahiyət etibarilə Şərqə yaxındır, Qərbə yox.. Beləliklə, xəyal və təsəvvür etdiyi (ən azı kitablardan) Avropa ilə gerçək Avropa arasında xeyli fərqlərin olduğunu görən Bakıxanov Axundzadədən, Mirzə Kazımbəydən fərqli olaraq qurtuluş yolunu Qərb mədəniyyətində, xristanlıqda deyil, yenə də İslam dininin özündə – müsəlmanlıqda, ümumilikdə Şərq mədəniyyətində görmüşdür:
Bu ki, sənsən, bu da sənin həyatın,
Bunlar sənin öz halın, öz büsatın.
Bir bax, hər şey burda hazır, sən uzaq,
Sənin könlün öz nəfsinə uyaraq,
Səadəti verib burda (İslam Şərqində-F.Ə.) əlindən,
Axtarırsan, uzaqlarda (Qərbdə-F.Ə.) sən.
Bakıxanovun “Firəng məclisi” mənzuməsindən də görürük ki, o, Avropa əxlaqını, Avropa mədəniyyətini qətiyyən qəbul etməmişdir. Çünki yeni dövrdə Avropada meydana çıxan əxlaqi dəyərlərdə, insan azadlığında, qadın azadlığında, eşq məsələsində, insanların həyat tərzində, bir sözlə yeni mədəniyyətdə sünilik təbiilikdən çoxdur. Xüsusilə, qadınların müqəddəs eşq-sevgi hissini cılızlaşdırmasını Bakıxanov kəskin tənqid etmişdir. O, yazır:
Huri kimi bəzənmiş bu gördüyüm gözəllər,
Yolkəsəndir quldurdu, biri birindən betər…
Onlar eşqi bənzədir mənasız bir həvəsə,
Qarğa ilə bülbülü salırlar bir qəfəsə.
Beləliklə, Azərbaycan türk mütəfəkkiri hesab edirdi ki, Şərq mədəniyyəti yenidən dirçələrsə, İslam qayda qanunları doğru şəkildə yerinə yetirilərsə, müsəlmanlar yalnız dini deyil dünyəvi elmləri də əxz edərlərsə İslam dünyası əvvəlki əzəmətini yenidən bərpa edə bilər. Bu anlamda Qərb mədəniyyəti isə İslam ölkələrinə tətbiq edilə bilməz, çünki onun əsill mahiyyəti İslam-Şərq mədəniyyəti ilə üst-üstə düşmür. Bu o demək deyil ki, Bakıxanov Qərb mədəniyyətinin müsbət cəhətlərini tamamilə görməmişdir. Şübhəsiz, o, məsələyə daha geniş prizmadan və milli özünəməxsusluqdan yanaşdığı üçün Qərb mədəniyyətini müsəlman xalqları üçün bir yol hesab etməmişdir.
Ümumilikdə, Avropa səyahəti isə Bakıxanovda İslama, Vətəninə və Millətinə bağlılığı daha da artırmışdır. O, bir daha anlamışdır ki, hər bir millətin xoşbəxtliyi ilk növbədə, onun öz mədəniyyəti, adət-ənənələri, tarixi və milli-dini dəyərlərilə bağlıdır. Bu mənada, millətin xaricində hər hansı mədəniyyət nə qədər parlaq və möhtəşəm görünsə də, o yenə də təftiş olunmalıdır; yəni istənilən kənar mədəniyyətin zahirinə aldanılmamalıdır. Çünki hər hansı millətin tərəqqisi və tənəzzülü ayrı-ayrı zaman kəsiklərində onun daxili potensialının, mühitinin, mədəniyyətinin, dini dəyərlərinin, mütəfəkkirlərinin dünyagörüşü və sairənin səviyyəsi ilə ölçülür. Bizcə, Bakıxanov bu səyahətdən əldə etdiyi ən mühüm nəticə o olmuşdur ki, əslində İslam dünyası, o cümlədən müsəlman-türk xalqları tarixi keçmişinə, mədəniyyətinə, mütəfəkkirlərinin səviyyəsinə, dünyəvi elmlərə münasibətə, milli-dini dəyərlərə hörmətinə görə nəinki Avropa millətlərindən geri, hətta üstündür. Sadəcə olaraq, son əsrlərdə İslam dünyasında bu məsələlərdə durğunluq olduğu halda, Avropa ölkələrində isə əksinə tənəzzüldən tərəqqiyə doğru çox ciddi addımlar atılmışdır. Bununla da, son əsrlərə qədər tərəqqiyə nail olmaq üçün Şərqə, o cümlədən İslam dünyasına üz tutan Avropa və onun mütəfəkkirləri artıq özləri bir örnəyə çevrilməyə başlamışlar.
Bakıxanov da, Qərb ölkələrində səyahətdə olarkən Avropanın tərəqqisinə səbəb olan, ancaq Şərq-İslam-Türk mədəniyyəti ilə səsləşməyən həddən artıq liberal dəyərləri (fərdin marağının dövlətin marağı ilə bərabər, hətta üstün tutulması, qadınlara verilən ifrat sərbəstlitk və s.) qəbul etməməklə yanaşı, bəzi müsbət cəhətləri, xüsusilə uzun müddət Avropada dinin fonunda kölgədə qalan milliyyət hislərinin burada necə inkişaf etdiyi görməyə bilməzdi. Bu, xüsusilə çar Rusiyasının müstəmləkəsi olan ölkələrdə (Polşa, Litva, Ukrayna, Gürcüstan və b.) özünü daha çox büruzə verirdi. Bu mənada, Bakıxanov nə qədər tənqidi yanaşsa da, milli və dini hislərin fərqləndirilməsi məsələsində Qərb mədəniyyətindən də təsirlənmişdir. Çünki polyaklar, ukraynalılar, belaruslar, litişlər, latışlar, gürcülər və başqa xristian millətlər ruslar qədər xristian, hətta bəziləri (ukraynalılar, polyaklar, belaruslar və b.) eyni ortaq etnik kökə yaxın olmalarına baxmayaraq, milliyyət hisllərini irəli sürərək milli azadlıq uğrunda mübarizə aparırdılar. Şübhəsiz, bu mübarizə çoxaspektli xarakter daşıyırdı; buraya milli azadlıq hərəkatından tutmuş milli ədəbiyyatın və milli tarixin yazılmasına qədər hər şey aid idi.