Riyaziyyat və dəqiq elmlər üzrə professor Anar Əhmədov ABŞ-da yerləşən Simons Fondunun açıqladığı “fərqlənmiş alimlər”dən biridir. Siyahıda 52 alimin adı salınıb.
Əslən azərbaycanlı Anar Əhmədov ABŞ Minnesota Universitetində çalışır.
O, həmçinin Vyana, Kolumbiya, Zürih universitetlərində, Georgia Texnologiya İnstitutunda dərs deyib. 41 yaşlı Anar Əhmədov BBC Azərbaycancaya müsahibəsində deyir ki, orta təhsilini Bakıda, Xətai rayonundakı 58 saylı orta məktəbdə alıb.
– ABŞ-a nə vaxt köçmüsünüz?
– 1996-cı ildə təhsil almaq üçün ABŞ-ın Kaliforniya ştatına gəlmişəm. Təhsilimi Kaliforniya Dövlət Universitetində və Princeton universitetində riyaziyyat ixtisası üzrə almışam.
– ABŞ-ın Simons Fondu 2018-ci il üzrə ABŞ və Kanadanın nüfuzlu universitetlərində tədqiqatlar aparan 52 alimə təqaüd ayırıb. Bu, sizin üçün nə deməkdir?
– Simons Fondunun mükafatı öz sahəsində seçilmiş alimlərə verilir. Bu mükafatı almaq mənim üçün çox qürurvericidir. Bu mükafat mənə 2018-2019-cu illərdə Harvard Universitetində tədqiqat aparmaq və oradakı alimlərlə birgə çalışmaq imkanı verir.
– Fond sizin kiçik həcmli və simplektik topologiya üzrə tədqiqatlarınızı yüksək qiymətləndirib. Bu tədqiqatlar nə qədər zaman alıb və hansı yeniliklər əldə etmisiniz?
– Artıq on beş ildən artıqdır ki, bu tədqiqatlarla məşğulam. Üzərində çalışdığım məsələ dörd ölçülü topologiya sahəsində məşhur olan “hamar Poincare hipotezi” ilə bağlı və ona yaxın olan bir məsələdir. Mənim aldığım nəticə bu istiqamətdə hal-hazırda mütəxəssislər tərəfindən ən uğurlu nəticə hesab olunur. Bu tədqiqatla bağlı məqalələrim riyaziyyat sahəsində məşhur “Inventiones Mathematiace” jurnalında dərc olunub.
– Siz müxtəlif Qərb universitetlərində dərs demisiz, hazırda ABŞ-ın Minnesota Universitetində çalışırsız. Sizcə, Birləşmiş Ştatlar və Azərbaycanda riyaziyyat sahəsinin tədrisində əsas fərqlər nələrdir?
– ABŞ-da tələbələr fənn seçimində daha sərbəstdirlər. Burda orta məktəblərin və universitetlərin kitabxanaları çox zəngindir. Tələbələrin, aspirantların və alimlərin uğur qazanması üçün lazım olan bütün imkanlar yaradılıb.
– Bəs iki ölkənin elm sahəsində bir-birindən öyrəniləsi nələr var?
– Mən Amerikaya çoxdan gəlsəm də, Azərbaycandakı dostlar ordakı vəziyyətin ABŞ-la müqayisədə xeyli aşağı olduğunu deyir. ABŞ-da elm və təhsilə böyük qrantlar ayrılır. Bu, Azərbaycan üçün yaxşı nümunə ola bilər.
– Sizcə, Azərbaycan universitetlərinin məzunları dünya elminə çıxmağa hazırdırmı?
– Azərbaycanda istedadlı tələbələrin çox olduğunu düşünürəm. Məncə, tələb olunan sadəcə onlara vaxtında şərait yaratmaq və bacarıqları qiymətləndirməkdir.
– Azərbaycanın hazırki elmi mühitində uğur qazanmaq realdırmı?
– Azərbaycanda yaşadığım illərdə elm sahəsində uğur qazanmaq çox çətin idi. Birləşmiş Ştatlara gəlməyimin əsas səbəbi də elə bununla bağlı olub.
– Bəzi sosial şəbəkə istifadəçiləri yazır ki, əgər Azərbaycanda qalsaydınız, bu uğuru əldə edə bilməzdiniz, hansısa məktəbdə aşağı maaşla dərs demək məcburiyyətində qalacaqdınız. Bu fikirlə razısınızmı?
– Mən də düşünürəm ki, Azərbaycanda bu uğurları qazanmaq çox çətin olardı. Düzdür, bu, Amerikada da bir o qədər asan olmayıb, lakin orda daha çətin olardı.