“Aygünün qardaşına yalvardıq ki, balamıza dəymə” – Elnur Hümmətovun anası

0
542

“Ömürlük həbs cəzası istəyirəm, kimin əli oğlumun qanına bulaşıbsa, cəzasını çəksin. Ömürlük istəyirəm, ömürlük…”

Bir neçə gündür ki, əməkdar artist Aygün Bəylərin üç il əvvəl itkin düşmüş əmisi nəvəsi Elnur Hümmətovun meyitinin tapılması xəbəri mətbuatın gündəmini zəbt edib. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar əməliyyat-axtarış tədbirləri keçirilib. Araşdırma nəticəsində məlum olub ki, Hümbətov 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilb. E. Hümmətovun meyiti eksqumasiya edilib, qeyd edilmiş şəxslər tutulub.
Sözügedən hadisə mətbuatda yayımlandıqdan sonra mərhumla bağlı müxtəlif iddialar səsləndirilib. Onun ailəsi ilə dalaşdığı üçün evdən qaçdığı, narkoman olduğu, övladı olan qadınla yaşadığı iddialar arasındadır.

E. Hümbətovun qətilləri arasında müğənni Aygün Bəylərin qardaşı da var. Mərhumun anası Səadət Hümmətova isə mətbuata açıqlamasında qətllə bağlı ifaçının məlumatlı olduğunu deyib.

Musavat.com saytının əməkdaşı səsləndirilən iddialara aydınlıq gətirmək üçün mərhumun ailəsinə baş çəkib. Biz mənzil başına çatanda Elnurun anası evdə yox idi. O, cinayət işi ilə bağlı getdiyi üçün bizi Elnurun bacısı içəri dəvət edir və nənəsi Roza xanımı çağırır.
“Ömürlük həbs cəzası istəyirəm, kimin əli oğlumun qanına bulaşıbsa, cəzasını çəksin. Ömürlük istəyirəm, ömürlük…”-, deyə-deyə Elnurun nənəsi Roza xanım otağa daxil olur. Çarpayıda əyləşib, söhbətə başlayır:

“Balam 2013-cü ildə getdi, bir daha gəlmədi. Mən yaşlı adamam, nə deyə bilərəm? Uşağımı min əziyyətlə öldürüblər. Balama necə əziyyət veriblərsə, elə də cəzalarını çəksinlər. Heç ağlıma gəlməzdi ki, qucağımda böyüyən insan (red – Anar Hümmətovu nəzərdə tutur) nəvəmin qatili olacaq. O bu üç il ərzində tez-tez bizə gəlib, gedirdi. Utanmadı, bu yaxınlarda özünə toy etdi. Bacısı Aynurə də bilirdi ki, qardaşı qatildir. Aygünün bu qətldən xəbəri yox idi, o bizə dəstək olurdu. Eşidəndə zəng edib ağladı, gəlmək istədi, qoymadım. Abbasın qatil olacağına inanmırdım. Dəhşət içərisindəyəm, hər gün ağlayıram. 1 oğlum vardı, onu da öldürdülər:

Roza xanım 3 il gizli qalan qətlin üzə çıxma hekayəsindən danışır. Deyir ki, qatillərdən biri oğurluq üstə həbsdə imiş. Kamera yoldaşına qətllə bağlı danışıb. O adam da səsini yazıb, polisə bildirib. Beləliklə, hər şey məlum olub.

Abbas Hümmətov barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib. Bu barədə A. Hümmətovun vəkili Elvin Səlimov bildirib. A. Hümmətovun apelyasiya şikayət etməsindən xəbərdarsınız” sualına isə nənə ağlayaraq cavab verir:

“ İndi Abbasın işini yüngüləşdirəcəklər? Onun tutduğu əməl bağışlanmazdır, işini necə yüngülləşdirərlər? Göydə Allah var, sabah Abbas həbsdən çıxsa, başına bir iş gələcək. Bu qan yerdə qalmaz. Deyirlər ki, Abbas üçün xüsusi otaq tutublar. Pulları var, hər şey edirlər. Üç ildir ki, balamdan xəbər yox idi. Gah dənizdə balıq tutduğunu, gah köhnə Suraxanıda səfil həyatı sürdüyünü, gah da Xırdalanda qadınla yaşadığını deyirdilər. Abbas bizi inandırmışdı ki, Elnur yaşayır. Abbasın yalandan dediyi bütün yerlərə getmişik, amma balamı tapmamışıq”.

Nənə deyir ki, Abbas Hümmətovun ailəsi ilə aralarında mülk davası olub: “Aramızda mülk davası vardı. O vaxt qaynımın yoldaşı gedib Hövsandan ev aldı. Sonra oranı satıb, Yeni Suraxanıda imarət tikdirdi. Aygünün bacısı Aynurə isə deyir ki, bu evləri bizə verməlisiniz. 3 balaca evdir, birində qızım, birində gəlinim, birində də mən qalıram. Deyir ki, gəlinin çıxsın evdən. Mən gəlini necə çıxardım? Aramızda böyük münaqişə yox idi. Heç vaxt bilməzdim ki, balamı öldürərlər. Heç olmasa, insafları olardı, Elnurun əlini-qolunu sındırardılar, işgəncə ilə öldürməzdilər. Mənim Allahım var. Bilirəm ki, Allah cəzalarını verəcək”.

O, Aygün Bəylərin cinayətdə adının hallanmasına da münasibət bildirib: “Aygünün xəbəri yoxdur, hamısını Aynurə bilirdi. Abbas Aynurədən xəbərsiz nəfəs də almırdı. Uşağım içki içməzdi, narkoman deyildi. Uşağın qohumlara meylli idi. Nə bilərdi ki, düşmənçilik edirlər və bir gün onu öldürəcəklər. Yenə də, deyirəm, Aygünün adını qaralamasınlar. Onun cinayətdən xəbəri olmayıb”.

Biz söhbətimizi yekunlaşdırmışdıq ki, mərhumun anası Səadət Hümmətova gəlib çıxır və bildirir ki, Elnurun öldürüldüyü məkana gedib:

“İndi uşaq öldürülən yerə getmişdim. Bu cinayət planlaşdırılmış şəkildə baş verib. Qatillərdən biri Suraxanıda işləyən Şəfiqə müəllimənin nəvəsidir, Elnuru onların bağında basdırıblar. Qatil deyib ki, nənə, get, evini təmir edək. Sonra da Elnuru aparıb öldürüblər. Əlini-qolunu bağlayıb, ağzını “skoç”layıb, məftillə boğub, üzərinə beton töküblər. Oğlumu çağırıb, oraya aparıblar. Qatillərin hamısı kənd uşaqlarıdır, Elnur da onları tanıyırmış. Elnur bir neçə ay Abbasın yanında 28 May-da çalışdı, evə gəlmirdi, telefonu sındığı üçün onunla danışa bilmirdik. Abbas bizə həmişə Elnurdan xəbər verirdi. Bir gün Abbas oğlanlarla həyətə gəldi, Elnuru soruşdu. Dedi ki, onu tapsa, öldürəcək. Qayınanam da yalvardı ki, dəymə balama. O zaman ağlımıza gəlməzdi ki, Elnuru öldürər. Düşündük ki, yəqin, dava edəcəklər. Düşünürəm ki, oğlum öldürüləcəyindən xəbərdar olub, ona görə qaçıb gizlənib. Bu hadisə şübhəlidir”.

Biz söhbət etdikcə, Roza nənə ağlayır: “Can balam, şirin balam. Onları görüm, balamın gününə düşsünlər”.

Səadət xanım deyir ki, Elnur haqda yalan məlumatlar yayılıb: “Deyirlər ki, Elnur mənimlə dalaşıb, evi tərk edib. Elə hadisə olmayıb. Elnur heç vaxt anadan, nənədən qaçmazdı. Atası öləndən sonra meylini qohumlara saldı. Abbas da dedi ki, gedib yanında işləsin. Abbas kompüter düzəldirdi. 5-6 ay Abbasın yanında qaldı. Elnur öldürüləndən sonra Abbas oyunlar qurdu. Gah dedi, Elnur oradadır, gah dedi, buradadır. Dediyi hər yerə qaçmışam, amma balamı tapmamışam. Sonuncu dəfə dedi ki, bir qadınla yaşayır, övladı var. Dedim ki, balama de, ailəsini götürüb gəlsin. Mən onu qəbul edəcəkdim. Haradan bilərdim ki, balam öldürülüb. Onun sümüklərini gördüm, Hələ də özümə gələ bilməmişəm. Mənim balam ağıllı, əxlaqlı olub, uşaqla uşaq, böyüklə böyük kimi davranıb. Mənim uşağım pis uşaq deyildi. Onu nəyə əsasən öldürüblər? Abbas yalandan dedi ki, “skoç” almağa göndərilib. Yalandır, heç siqaret çəkmək üçün darvazadan da çıxmayıb”.

Son olaraq mərhumun anası cinayət işi ilə bağlı ona hələ ki, məlumat verilmədiyini vurğuladı: “Polisdən hələ bir xəbər yoxdur, gedib maraqlanacağam. Bütün məhkəmə proseslərinə gedəcəyəm 1 oğul balam vardı, o da öldü. Qanını yerdə qoymaram. Mətbuat nümayəndələri də tez-tez bizə baş çəkir. İstəyirəm ki, məhkəmə proseslərinə də qatılsınlar. Hər şey üzə çıxsın”.

BIR CAVAB BURAXIN