Avropanın iç üzü: İstanbul olayı niyə terror sayılmadı?- Heyrәtamiz faktlar

0
613

Gözlənildiyi kimi də oldu: İstanbulda 30-u polis, 8-i mülki şəxs olmaqla, 38 nəfərin həyatına son qoyan xain terror aktının altından PKK çıxdı. Daha doğrusu, PKK-nın qolu olan TAK – “Küdüstan Azadlıq Şahinləri” terror hücumuna görə məsuliyyəti öz üzərinə götürdü.

Təşkilat hücumda bir canlı bombanın iştirak etdiyini də etiraf edib. Yada salaq ki, olay zamanı az qala yarım ton (300-400 kq) trotildən istifadə olunub.

Trotil, kamikadze, həlak olan günahsız dinc sakinlər və polis əməkdaşları. Bu detalları boşuna xatırlatmadıq. Məsələ ondadır ki, daima təməl bəşəri haqlardan, insanlıqdan dəm vuran qoca Avropadan, onun əsas qurumlarından və siyasilərindən Türkiyənin ən böyük şəhərində 10 dekabrda törədilən müdhiş terror əməlinə reaksiya nə adekvat oldu, nə də çevik, hətta heç düz-əməlli səs də çıxmadı.

Bəzi rəsmilər, məsələn, İngiltərənin xarici işlə naziri, türk əsilli Boris Conson, Almaniya kansleri Merkel istisna olmaqla, qalanlar bu qanlı aktı ya pisləməyə özlərində cəsarət tapmadılar, ya pisləməyə tələsmədilər, ya da pisləsələr də, bunu candərdi etdilər və hətta olayı “terror” adlandırmaqdan belə çəkindilər.

Bu da Avropanın gerçək simasını göstərən, terroru “yaxşı və pis”ə bölən, bəşəriyyət adına, insanlıq adına, lap elə demokrat adına rüsvayçı nümunə-reaksiyalar: ondan başlayaq ki, Almaniyanın nüfuzlu “Deutche Welle” nəşrinin jurnalisti Vodafon Arena terror aktı ilə bağlı özünün twitter səhifəsində beləcə də yazıb: “Bu – PKK-nın böyük uğurudur”.

Düzdür, sonradan o, bu rüsvayçı statusunu silib. Ancaq nə xeyri?

Bunu yenə jurnalist söyləyib deyə, üstündən keçmək də olardı, əgər analoji mövqe avropalı məmurlar, Avropanın məsul şəxsləri səviyyəsində də sərgilənməsəydi. Tarix üçün onların da adlarını qeyd edək: Avropa Parlamentinin sədri Martin Şults “qəlbi ilə Türkiyə vətəndaşları ilə olduğunu” söyləsə də, hadisəni terror adlandırmayıb. Həmçinin, Avropa Birliyinin (AB) xarici işlər naziri Federiko Moqerini şablon yanaşma sərgiləyərək, yalnızca Türkiyə ilə həmrəylik ifadə edib, o da “terror” deməyib. AB-nin qonşuluq və genişlənmə siyasəti üzrə ali komissarı Yoxannes Xan da “terrorizm” sözünü işlətməyib. Yalnız “demokratik cəmiyyətdə zorakılığa yer yoxdur” kimi abstrakt və əhəmiyyətsiz ifadə ilə kifayətlənib.

Həmçinin, ABŞ-dan hələki sanballı reaksiya gəlməyib. İndi nə ad versən buna? Terrorun buynuzu-zadımı olur, әcaba? Avropaya, ABŞ-a daha hansı atribut, əlamət lazımdır ki, 10 dekabr aktının xalis terror hücumu olduğunu etiraf eləsinlər, boyunlarına alsınlar. Olmaya terrorun klassik anlamını Avropada, ABŞ- da unudublar.

Bu nədir görəsən, Qərbin çox öyündüyü dəyərlərin devalvasiyasımı? Yoxsa ki, alman jurnalistin statusundan da göründüyü kimi, terror aktını, üzvlərinə geniş qucaq açdığınız PKK-çılar törədib deyə, sevinirsiniz?!

Yəqin ki, sonuncudur. O zaman min dəfə yazıqlar olsun! Və bu sinizmdən sonra Türkiyədən, Azərbaycandan Avropaya qarşı, onun qurumlarına qarşı yenə rəğbət, sayğımı umacaqsınız?
Gerçəkdən də dost dar gündə bilinir. İstanbuldakı qanlı cinayət isə həm də Türkiyənin, türk düşmənlərinin gerçək çevrəsini bir daha cızmış oldu. Doğrudan da hər şər işdə bir xeyir başlanğıcı var.

Şərə lənət, şəhidlərə rəhmət!!! Allah Türkiyəmizi qorusun.(musavat.com)

BIR CAVAB BURAXIN