Böyük əksəriyyətin sevimlisi, həm mükəmməl ifası, həm də hazırcavablığı və baməzəliliyi ilə yaddaşlarda qalan sənətkar, kaman ustasıHabil Əliyevin qızı Kamalə Əliyevaatası ilə bağlı təəssürat və xatirələrini Modern.az saytının danışır
“Heyf o “uşaqlardan””
-Vəfatından iki il keçir. İndi də atamın ölümünə inana bilmirəm. Bu qədər vaxtın ötməsinə baxmayaraq, bu gün də çalışdığım xəstəxanada yanıma gələnlər məni qucaqlayıb, təsəlli, başsağlığı verirlər. Hərdən də elə olur ki, müalicə üçün gələn xəstə öz problemini unudub, atamdan danışır. Deyir, siz atanızı, yaxınınızı itirmisiz, amma biz Azərbaycan xalqının böyük oğlunu… İndi də onu sevənlər, ifasını, söhbətlərini, zarafat və kəlamlarını xatırlayanlar var. Biz də elə bundan təsəlli alırıq. Axır vaxtlar çox kövrəkləşmişdi. Ölüm ona sanki doğma görünürdü. Televizorda bir məşhurun ölüm xəbərini eşidəndə gözlərindən yaş gəlirdi. Məsələn, Yaşar Nurinin, Müslüm Maqomayevin ölüm xəbərini eşidəndə çox ağladı. Atamı heç cür sakitləşdirə bilmirdik.
Deyirdi, “ay bala, axı onlar məndən uşaqdılar. Növbə mənim olmalı idi”.
Anam da, mən etiraz edərdik ki, bu, Allah yazan taledir. Sənin, ya başqasının deməyi ilə deyil ki… Yenə də razılaşmırdı. Ömrünün son günlərində isə bu kövrəklik daha da artdı…
““QAZ-24” hədiyyəsi”
-Atamın arzusu həkim olmaq idi. Amma uşaqlığı ağır müharibə illərinə düşdüyündən işləməyə, ailəsinə kömək etməyə məcbur qalmışdı. Həmişə deyərdi ki, mən bu həkimlikdən uşaqlarımın hamısını həkim etməklə qisas alacağam. İstəyinə çatdı da. Ailədə 3 bacı, bir qardaşıq. Qardaşım Rəvan hüquq sahəsində təhsil aldı. Amma biz 3 bacı hamımız tibb sahəsinə getdik. Mən müalicə-proflaktikaya, o birilər isə uşaq həkimliyinə… Atam çox uzaqgörən insan idi. Fikirləşirdi ki, bunlar gələcəkdə ailə həyatı quracaqlar, elə sahənin həkimi olmalıdırlar ki, gələcəkdə ailələrində bir problem yaşanmasın. Ona görə də o biri iki qız pediatriya sahəsində oxudular.
Mən atamın böyük övladıyam. Xasiyyətcə də, simaca da ona ən çox mən oxşayıram. Atamla bağlı xatirələr məndə dolub-daşır. İndi də hamısı gözümün qarşısındadır. Ən çox isə Tibb İnstitutuna qəbul olunduğum günü və o zaman atamın necə kövrəldiyini heç zaman unutmaram… Dediyim kimi, həkimlik atamın ən böyük arzusu idi. İnstitutun həyətində sonuncu imtahanı verib pilləkənlərlə qaça-qaça həyətə düşüb “ata, “4” aldım” dedim. Bu, artıq ali məktəbə daxil olmaq demək idi. Atam hönkür-hönkür ağladı. Məni möhkəm qucaqladı. Heç cür hisslərinə hakim ola bilmirdi. Mən dördüncü “4”ü alıb qəbul olunmuşdum. Atam müharibənin əlindən aldığı həkimlik xəyalına mənim timsalımda çatmışdı. Dedi, “ay bala, çox sağ ol. Mən sadə kamançaçıyam, sənin instituta girməyin üçün nə edə bilərdim ki? – Heç nə. Bircə müəllimlər tutub yaxşı hazırlaşmana yardım edə bilərdim. Amma sən bu çətin işi gördün, həkimliyə qəbul olundun. Elə bil, mənə təptəzə “Qaz-24” maşını hədiyyə etdin…”.
“Bayram sovqatı”
-Məncə, bunu hamı bilir: Güney azərbaycanlılar hər zaman atamı çox seviblər, indi də sevirlər. “Habil ağa” kəlməsi dillərindən düşməzdi. Hər bayramda, atamın ad günlərində zəng edənlər, hətta evinə baş çəkənlər də az olmazdı. Atam hər dəfə ora gedəndə sözə sığmayacaq dərəcədə hörmətlə qarşılanar, qonaqlanardı. Bəzən, deyərdi ki, “vallah, özüm də utanıram. Adamı da bu qədər sevərlər?!”. Anamla birgə, yaxud tək gedəndə atam üçün ayrıca villa ayırır, qulluğunda dururdular. Elə ölümündən sonra da bunu davam etdirməyi özlərinə sanki bir borc saydılar. Mən çox zaman atamın uyuduğu Fəxri Xiyabana tək gedirəm. Ora gedir, atamın ruhuna “Yasin” oxuyur, bununla təskinlik tapıram. Bir dəfə də Novruz bayramı idi. Mən də anamın resepti ilə bişirilən bayram şirniyyatlarından götürüb atamın məzarına getdim. Atam anamın öz üsulu ilə bişirdiklərini çox sevərdi. Məni qınasalar da apardım. Məzarı üstündə “Yasin” oxuyanda hiss etdim ki, cənub ləhcəsi ilə danışan 100-ə yaxın adam atamın heykəlini görən kimi dayandılar. Bir-birilərini “Habil usta, Habil usta” deyə-deyə yerlərindəcə durdular. Mənim “Yasin”i bitirməmi gözlədilər. Amma “Yasin” uzananda aralarından bir xanım mənə yaxınlaşıb üzr istədi. Dedi, “bağışlayın, biz tələsirik, siz Habil ustanın nəyisiz?”. Qızı olduğumu deyəndə hamı sevindi, məni qucaqladılar. Bir-bir, iki-iki şəkillər çəkdirib, məzarı ziyarət edib, getdilər. Ondan sonra “Yasin”i davam etdirdim.
“Gərək, belə olmamaydı”
-Lap əvvəldən atamın müalicəsi səhv aparılmışdı. Bu da öz mənfi təsirini göstərməkdə idi. Deyirdim ki, ata, bizi həkim eləmisən, indi icazə ver, sənin müalicənlə məşğul olaq. Cavab verdi ki, “qızım, başqaları üçün mən əlçatmaz bir sənətkaram, amma evdə, sizin üçün atayam, yəni adiləşmişəm. O cümlədən, sən də başqaları üşün güclü həkim ola bilərsən, amma mənim üçün ancaq mənim qızımsan”.
Bir az incinmiş kimi də oldum. Sonradan özü dedi ki, “Kəmalə, müalicəmi verirəm sənin öhdənə”. Mən də işə başladım. Bir neçə il atamın səhv gedən müalicəsinin əziyyətini çəkdim. Amma qanı təmizləyə bildim. Atam ondan sonra çox gümrahlaşdı, xeyli cavanlaşdı. Hətta “Ovqat” verilişinə çıxanda bizə zəng vurub dedilər ki, o proqram utanmır, Habil müəllimin 20 il əvvəlki lent yazılarını verir?! Anam dedi ki, nə danışırsız, Habil müəllim elə bir neçə gün əvvəl özü o verilişdə danışıb. İnanmırdılar, atam o dərəcədə cavanlaşmışdı. Özü də dönə-dönə deyirdi ki, “bütün dünyanı dolandım, amma sən demə, mənim şəfam elə öz qızımın əlində imiş…”. Sonra mən bir müddət buralarda olmadım. Yenidən başqa həkimlər səhv preparatlarla yanlış müalicə etmişdilər. Amma ona demişdim ki, “sən 100 il yaşayacaqsan. Nə qədər sağam, sən də ömür sürəcəksən”. Amma əvvəlki lazımsız müalicələr məni tam dilxor elədi. Son günlərdə yanında idim. Gözümün içində baxırdı.
Deyirdi ki, “bala, səni həkim etmişəm, bəs niyə sağalıb qalxmıram?! Həmişə sən müalicə edəndə sağalardım axı…”. Deyirdim ki, darıxma, yenə sağalacaqsan. Amma həqiqətdə bilirdim ki, artıq gecdi, əlində, ayağında şiş varsa, bundan sonra durması mümkün deyil. (kövrəlir).
Əvvəl də, sonra da xəstə olanda gecə növbədə mən dayanırdım. Məni evə buraxmırdı. Deyirdi, “getmə, sən burada olanda mən sağalıram, elə bil ömrüm uzanır”. Gözünü açanda başının üstündə məni görürdü. Elə soruşurdu ki, “mən düzəlirəm, heç yaxşılaşıram?”. Bəzən, səhərə qədər növbə çəkərdim. Heç bir dərman atamı yuxuya apara bilmirdi. Təngnəfəsliyə görə səhərə qədər yata bilmirdi. Deyirdi ki, “indi darıxmam başlayacaq”.
İndi də özümü pis hiss edirəm ki, niyə atama o vaxt yalan danışdım. Amma nə edək, başqa çıxış yolu da yox idi. Təkcə atama qarşı yox, bütün xəstələrimə motivasiya etmək üçün bəzən belə edirəm. İndi də həmin anlar gözümün qarşısına canlanır. Bu haqda danışmaq belə çox çətindir…
Zarafatcıl və sərt
-Atamı hamı çox zarafatcıl, baməzə insan kimi tanıyır. Amma evdə ailəsinə, övladlarına qarşı çox ciddi və sərt olub. Yadımıza gəlmir ki, atam bizi nə zamansa möhkəm qucaqlayıb bağrına basa. Elə atalar var ki, onlar övladları ilə çox açıqdılar. Amma Habil müəllim elə şeyləri sevməzdi. Bununla belə, bizi həddindən artıq çox sevərdi. Hər işimizlə maraqlanar, kömək edərdi. Axıra qədər də bizə elə uşaq gözü ilə baxdı. Dövlət xəstəxanasında çalışıram. Atamın yaşadığı evlə ora arasında məsafə çox idi. Görərdin ki, süfrə salınıb və məni gözləyirlər. Mən haradasa, yarım saat-filan gecikəndə atam uşaq kimi danlayırdı. Deyirdi, “mən axı sizi belə böyütməmişəm”. Anam müdafiə edərdi, yolun uzaqlığını, işin çoxluğunu deyərdi. Amma atam yenə də razılaşmazdı. Son illərdə həftədə ən azı 3-4 dəfə atamgilə gedərdim. Amma yenə də narazılıq edərdi. Deyərdi, “sən də valideynsən, uşaqların gec gələndə gör necə narahat olursan. Bəs, biz də valideynik də, niyə gec-gec gəlirsən?!”. Bəzən, sözü sərt deyər, sonra özü də peşmanlanardı. Heç vaxt da xoşlamazdı ki, o danışan yerdə ya sözü kəsilə, ya da kimsə başqası ilə söhbətləşə. Elə bircə dəfə adını çəkməsi kifayət idi.
Bir təəssüfün tarixçəsi
-Heç yadımdan çıxmaz – buna görə özümü bağışlamıram da-atamın son xəstəliyə tutulmazdan bir gün öncəki gün idi. Qonaq getmişdim onlara. Məni qoymurdu ki, qayıdım. Xəstəxananın və evin işlərininin çoxluğundan evə getmək istəyəndə dedi ki, heç nə olmaz, elə buradan işə gedərsən. Anam da tərəfimi saxladı, amma razı olmadı. Dedi, “mən qonağam e… Mənim yanımda olmalısınız. Elə bilirsiniz ki, mən bundan sonra 20-30 il də yaşayacağam?! Hər gün gözümü açanda Allaha çox sağ ol deyirəm ki, bu gün də yaşayıram. Amma sən gedirsən…”.
Getməyim o dərəcədə vacib idi ki, qala bilmədim. Anamla da məsləhətləşdim. Dedi, nə qədər ki, yuyunur, sən get. Atam yeməkdən sonra əllərini yumağa getmişdi. Elə qapıdan çıxırdım ki, məni gördü. “Kəmalə, bəs, sən deyirdin ki, mən qalıram, indi hara gedirsən?”. Dedim, taksi çağırmışam, mütləq getməliyəm. Son dərəcə narazı baxışlarla mənə baxdı (kövrəlir).
İndi də özümü bağışlamıram, kaş həmin gün mən onlarda qalaydım. Səhəri gün xəstə yatağına düşdü. Düzdü, xəstə olanda onun başı üzərində çox qaldım, növbə çəkdim. Amma gərək, o günü mən evə getməzdim…
Evdəki düşmən
-Atam hər zaman ailəsinə, övladlarına qarşı çox ciddi olub və bunu tərbiyəsində də yansıdıb. Atamdan bizə keçib: bu ifrat müasirlik nədir, onu bilməzdi atam. Elə biz də ondan çox xoşlanmarıq. Repdi-nədi, atam bunları sevməzdi. Hər dəfə də televizorda yerli kanallarımıza baxanda çox pis olardı, əsəbiləşərdi. Deyərdi ki, “gör nə günə qaldıq ki, ana laylası da gəlib şouya qədər çıxdı. Kaş torpaq altda olaydım, amma bu şeyləri görməyəydim”.
Ona görə də sürətlə televiziya kanallarını dəyişərdi. Əsasən, başqa ölkələrin televiziya proqramlarına baxardı. Deyirdi, “mənim vaxtilə qulaq asdıqlarımın hamısı dünyalarını dəyişib, indi kimi dinləyim ki?!”. Düzdü, elə cavanar var idi ki, atam onları dinləyər, əlindən gələn dəstəyi əsirgəməzdi. Babək Niftəliyev, Ehtiram Hüseynov və başqalarına qulaq asardı. Babəklə birlikdə işləri də var. Bu, atamın son yaradıcılıq işi oldu. Babək sağ olsun, yaxşı tərpəndi, indi həmin ifa deyəsən, “Qızıl fond”da saxlanılır.
“Məcbur deyil ki”
-Atamın zarafatları ağıryana, bəzən də sərt olardı. Məsələn, bir dəfə bir tanış gəlib atama deyir ki, yaman başı ağrayır. O da qayıdıb cavab verir ki, boy, hardan bilirsən? Cavab o saniyə verildiyi üçün həmin adam heç ilk andan başa düşmür ki, söhbət nədən gedir, sonradan anlayır. Atam ona demək istəyib ki, sənin başın var ki, ağrayıb-ağramadığını biləsən də…
Ad çəkməyəcəm, bir yaşlı xanəndə vardı, atamın yubileyində dedi ki, “Habil, sən mənə deyirsən ki, oxuya bilmirsən, indi oxuyum, sən də bax”.
Habil müəllim, nəyisə gizləməzdi. Görürdü ki, xanəndə yaşlaşıb, zəngulə həmin zəngulə, avaz həmin avaz deyil. Ona görə deyirdi, məcbur deyil ki, yaşadığın qədər də oxuyasan. Səs tellərin əvvəlki kimi deyil axı. Ondansa get dərs de, gənclərə öyrət bu işi. Atamın bu xasiyyətini hamı bilirdi.
“Qonaq otağı” – Filarmoniya bağı
-Bir söz deyim, atam demək olar ki, heç zaman evə qonaq dəvət etmirdi. Bu, nadir hallarda olardı, o da ömrünün son illərində, yaşlaşandan sonra… Deyirdi ki, evimdə üç qız uşağı böyüyür, ona görə incəsənət adamlarından heç kəsi evinə dəvət etməzdi. Elə lazım olanda Filarmoniya bağında oturub görüşərdilər. Ona görə də nə biz, nə də anamız evimizdə çox incəsənət adamlarını, ya kimlərisə görmədik. Bircə, qardaşım Rəvanın yeddi yaşına qədər ard-arda ad günü restoranda keçiriləndə kimlərisə gördük. Çünki incəsənət aləminin içində idi. Çox şeyləri bilirdi. Ona görə də qapısını möhkəm saxlayardı. Bu mənada, çox xəsis idi.
Ancaq xəstə olanda atama baş çəkənlər oldu. Onda da hamısı yox, yalnız yaxın bildiyi adamlar. Xatırlayıram, Babək Niftəliyev gəldi, onunla son çalışdığı “Segah”ı zümzümə etdi. Ondan atamın gözlərindən yaş gəldi. Heç çox adamı tanımadığı bir zaman idi, ömrünün sonuydu. Amma “Segah” onun gözlərini onda da yaşarmışdı.
Amma…
Amma, ürəyi çox yumşaq idi. Bir dəfə səhər saat 4-də gördük ki, qapımız möhkəm döyünür. Bərk narahat olduq. Anam cəld qapını açdı. Gördü ki, köhnə geyimli, yorğun bir kişi qapıda dayanıb. Çox üzr istədi. Dedi, “Habil müəllimi görməliyəm, onu deyib gəlmişəm”. Atam da artıq durub qapıya gəlmişdi. Kişini içəri dəvət etdilər. Atam stol arxasına keçib dedi ki, buyur, eşidirəm səni. Kişi əhvalatı danışdı. Oğlu incəsəhət universitetində oxuyurmuş. Bir ildən sonra ali məktəbi qurtarcaqdı. Lakin müəllimlə arasında nəsə ciddi problem olub və bu kişinin oğlu universitetdən qovulmaq üzrə imiş. Naəlac qalan kişiyə kimsə deyib ki, “oğlunun işi keçən adam Habil Əliyevin böyük fanatıdı. Sən çalış ondan xahiş elə. Həmin adam Habil müəllimin sözünü yerə salmaz”. Nə isə, kişi hadisəni atama danışdı və səhəri məsələ müsbət həllini tapdı.
Baş tutmayan qonaqlıq
– Siz jurnalistlərdən çox razı idi. Xüsusən də, atam xəstə olan zaman jurnalistlər evə tez-tez zəng vurur, əhvalını soruşur, informasiyalar yazırdılar. Onda atam anama deyərdi ki, “ay Şərqiyyə, görürsən, bu jurnalistlər məni nə qədər çox istəyirlər. Qoy tam sağalım, sən də yaxşı döşəməli aş bişirərsən. Qapını ancaq bu jurnalistlər üçün açıq saxlarıq. Qoy, kim istəyir, gəlsin. Mən onları çox istəyirəm. Gəlib, sənin o əl qabiliyyətini də görsünlər”.
Allah can sağlığı versin, anamın çox dadlı yeməkləri var. Yeməkləri, şirniyyatları öz resepti, üsulu ilə hazırlayır. Anam ali təhsil alsa da, atam onu işləməyə qoymamışdı. Ona görə də, anam zarafatla deyərdi ki, sən məni qoymadın, yoxsa indiyə akademik idim. Atam deyərdi ki, akademikliyi nə edirsən, sən elə “quxna”nın akademikisən də..
Amma çox təəssüf ki, jurnalistlər anamın hazırladığı döşəməli aşın dadına baxa bilmədilər…
Elmin Nuri