Artur Rəsizadə yeni ilin ilk aylarında yola salınır

0
775

Yeni baş nazir olacaq namizəd hazırda nazirdir; iqtidar 2018- üçün tam fərqli taktika planlaşdırır

Yeni ildə Azərbaycanda bir çox önəmli proseslərin baş verəcəyi gözlənilir. Bura həm siyasi, həm mədəni, həm də idman sahəsində baş verəcək hadisələr aiddir. İctimaiyyətin daha çox diqqət yetirdiyi müstəvi isə siyasət səhnəsi, hakimiyyətlə bağlı və hakimiyyətdaxili proseslərdir. Xüsusilə müxtəlif yüksək postlarda baş verəcək dəyişikliklər insanları daha çox maraqlandırır.

“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, 2018-ci ilin ilk ayları Azərbaycan hakimiyyətində ciddi kadr əvəzləmələri ilə yadda qalacaq. Bu əvəzləmələrdən ən mühümü ölkənin baş naziri postu ilə bağlı olacaq. Redaksiyamıza mötəbər mənbələrdən verilən bilgiyə görə, yaşlı baş nazirimiz Artur Rasizadə daha gənc birisi ilə əvəz ediləcək. Maraqlıdır ki, onun yerinə hazırda nazir postu tutan birinin gətiriləcəyi haqda iddialar var.

Qeyd edək ki, Nazirlər Kabineti uzun illər boyu Azərbaycanda tənzimləyici qaydaları, müxtəlif qanun layihələrini işləyib hazırlayan əsas mərkəz rolunu oynayıb. Verilən məlumata görə, Nazirlər Kabinetinə 1996-cı ildən rəhbərlik edən A.Rəsizadə yaşlı olmasına rəğmən, hakimiyyətin iqtisadi blokunda aparılan bir çox islahatların, dəyişikliklərin əsas ideya müəlliflərindən biridir. Cənab Rəsizadənin həmçinin dövlət-hakimiyyət orqanlarındakı uzunmüddətli iş təcrübəsi, həmçinin yüksək savadı və bacarığı ilə yanaşı, iddiasızlığı və subordinasiya qaydalarına ən ciddi şəkildə əməl etdiyi üçün daim hörmətinin saxlandığı, ölkə rəhbərliyinin onun əksər hallarda uğurlu nəticə verən təkliflərinə sıcaq yanaşaraq çoxunu qəbul etdiyi bildirilir.

Son illərdə Azərbaycan Nazirlər Kabinetinin çoxsaylı səlahiyyətləri alınaraq digər strukturlara verilib. Lakin buna baxmayaraq, Nazirlər Kabineti ölkənin sosial-iqtisadi həyatında tənzimləyici funksiyasını saxlamaqda, müvafiq qaydaları hazırlayaraq qəbul edən əsas orqan olaraq qalmaqdadır.

Yeni ildən isə A.Rəsizadənin daha gənc və daha çevik işləyəcək başqa bir şəxslə əvəzlənməsi nəzərdə tutulması ondan xəbər verir ki, iqtidar qarşıdakı seçki ili üçün tam fərqli taktika seçib.

Dəyişikliyin mart ayının sonlarınadək reallaşacağı gözlənilir.

“Yeni Müsavat”

 

BIR CAVAB BURAXIN