Avqustun ilk ongünlüyündən başlayaraq Qırğızıstanda baş verən və eks prezident Almazbek Atambayevin həbsi ilə nəticələnən hadisələr beynəlxalq aləmin diqqət mərkəzində qalmaqda davam edir. Məhkəmənin qərarı ilə avqustun 26-na kimi haqqında həbs qəti-imkan tədbiri seçilən Almazbek Atambayevə qarşı isə yeni ittihamlar irəli sürülməkdədir. Belə ki, sabiq prezidentə qarşı irəli sürülən son iki ittiham İstilik Elektrik Stansiyasının tikintisi və ofis alınması ilə bağlıdır. Buna paralel olaraq Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevin 120 adda əmlakına həbs qoyulub. Məsələ ilə bağlı verdiyi açıqlamasında ölkənin baş prokuroru Otkurbek Camşidov deyib ki, Bişkekdəki “Forum” binası, sabiq prezidentin nəzarət etdiyi “Aprel” televiziya kanalı və digər obyektlər onların arasındadır.
2011-ci ildən 2017-ci ilədək Qırğızıstana rəhbərlik edən Almazbek Atambayev həmçinin dövlət çevrilişi cəhdində günahlandırılır. Bunu Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) başçısı Orazbek Opumbayevin dedikləri də təsdiq edir. O bildirib ki, Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev dövlət çevrilişi planlaşdırıb və ona qan tökülməsi lazım idi. Orazbek Opumbayevin iddiasına görə, keçmiş prezident dövlət çevrilişi əməliyyatına öncədən hazırlaşıbmış: “O, qadın, uşaq və qocaları öz evinə yığıb və hərəsinə min som (938 rubl. – “NG”) ödəyib”. Opumbayev izah edib: “Onun niyyəti milisin gəlişi ilə (Atambayevin evinə-“NG”) toqquşmaların başlanması idi”.
Opumbayevin sözlərinə görə, “onun təslim olmaq niyyətində olmadığı aydınlaşanda bir sıra zorakı hərəkətləredilib, silah işlədilib, qərar qəbul olunub: “Amma Atambayev qaçıb və iğtişaşlartörədib, – Opumbayev davam edib. – O qalsaydı… O niyə qaçdı? Nədən qorxurdu? Əməliyyat işçisi qərarı ona verərdi. Oxuyardı, deyərdi ki, getmirəm. Bundan sonra istintaq idarəsi onu müşayiət edərdi və şahid kimi sorğu-sual edərdilər”.
Lakin Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) başçısı Orazbek Opumbayevin Atambayevin dövlət çevrilişi etməyə hazırlaşdığı barədə dedikləri bir o qədər də inandırıcı görünmür. Çünki istənilən halda Atambayev 6 idən artıq bir dövrdə Qırğızıstanı idarə etmişdi və o dövlət çevrilişi cəhdinin ona qarşı çevrilə biləcəyini yaxşı bilirdi. Üstəlik o da aydın idi ki, az bir qüvvə ilə dövlətə qarşı çıxmaq və bu yolla dövlət çevrilişi etmək mümkün deyil. Digər tərəfdən də Atambayev hakimiyyətdə qalmaq istəsəydi əlində olan imkanlardan istifadə edərək seçkiləri saxtalaşdırmaq və digər vasitələrlə hakimiyyətdə qala bilərdi. Lakin o bunu etmədi və demokratik seçkilər yolu ilə prezident kürsüsündə oturmasına imkan yaratdı. Məsələnin bu tərəfinə diqqəti cəlb edən politoloq, Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov hesab edir ki, Atambayevi dövlət çevrilişi cəhdində günahlandırmaq məntiqsizlikdir. O qeyd edib ki, DMTK başçısı Orazbek Opumbayevin sözlərində məna bağlantısını tutmaq çətindir. Dubnov “NG”-yə deyib: “Ya DMTK başçısı Opumbayev rus dilinə çox da yaxşı yiyələnməyib, ya da Atambayevin dövlət çevrilişi hazırladığı və ona qan gərək olduğunun sübutu görünən hansısa əlaqələndirici anları buraxıb. Bəli, Atambayevi bir çox cinayətlərdə, “Alfa” zabitinin həlak olması, ikinci XTPD-çinin yaralanması, istintaqa gəlməkdən imtinada ittiham etmək olar, amma keçmiş prezidentin dövlət çevrilişi hazırladığını bəyan etmək – bu, özünü gicliyə qoymaqdır”.
Politoloqun fikrincə, Qırğızıstan güc strukturlarının Atambayev barədə hər hansı bir arqumentə söykənməyən bəzi iddiaları külünc təsir bağışlayır və daha çox eks prezident və onun tərəfdarlarından intiqam alınmasına xidmət edir: “Güc strukturlarının Atambayev barədəki bəzi bəyanatı adamları bir-birinə salışdırmaqda, ədalətsiz ittihamlarda, indiki hökumətə xoş gəlməyən adamlara divan tutmaq və haqq-hesab çəkmək, əcinnə ovuna başlamaq cəhdlərində ölkə rəhbərliyinin ünvanına yeni ittihamlar üçün katalizator ola bilər. Təəssüf ki, Qırğızıstanda siyasi oyunların tipik milli özəlliyi olmuş çevrilişlər ölkəni dərin uçuruma aparacaq sarsaqlıq düzümünü yenidən yaradır”.
Həqiqətən də Atambayevin həbsindən sonra onun tərəfdarlarına qarşı müxtəlif qurama iddialarla təzyiqlər başlanılıb. Məsələn,tanınmış hüquq müdfiəçisi Rita Karasartovanın feysbuk səhifəsində yazdığına görə,Köy-Taş kəndində Atambayevin evinə hücum şəraitini aydınlaşdırmaq üçün axtarşlar və yerli sakinlərin istintaqı gedir: “ Paqonlular adamları yaxalayır, hərəsindən zorla 2 min dollar qopardır, əks halda onları şahiddən müttəhimə çevirməyi vəd edirlər. Kənd indiyədək cərəyansızdır, İnternetə çıxış yoxdur, bir çox TV kanalların yayımı kəsilib”
Hakimiyyət orqanlarının Atambayevin tərəfdarlarına qarşı həyata keçirdikləri repressiyalar isə Qırğızıstanın şimal və cənuba bölünməsi və bununda nəticəsində ölkədə vətəndaş müharibəsi təhlükəsini əmələ gətirib. Ekspertlər tərəfindən belə bir fikir vurğulanır ki, Köy-Taş kəndindəki hadisələr qırğız xalqını faktiki olaraq şimallı və cənublulara bölüb. Hakimiyyət onların arasına düşmənlik və siyasi traybalizm toxumu səpib. Qırğızıstan dövlətinin siyasi aşınmasının sürətlənmiş prosesi başlanıb.
Məsələ ilə bağlı yerli politoloqlar da artıq həyəcan təbili şalmağa baılayıblar. Məsələn, iqtidara müxalifətdə olan yerli politoloq Ravşan Ceyenbekovun sözlərinə görə, Şimal-Cənub bölgüsü artıq başlanıb və bunu yarım ilə, bir ilə siyasi gündəmdən çıxartmaq mümkün deyil – xüsusən də yoxsul bir ölkədə.
Politoloq belə hesab edir ki, Atambayevin həbsindən sonra cəmiyyətdə parçalanma meylləri artıb: “Sözsüz, hakimiyyəti və güc əməliyyatını dəstəkləyənlər var. Amma silah işlətməyi pisləyənlər getdikcə çoxalır. Çünki paqonlular hətta Atambayevdə silah olduğunu bilsələr də, rezin güllələrlə olsa da, silahsız adamların üstünə gediblər”.
Ravşan Ceyenbekov hakimiyyət orqanlarına xəbərdarlıq edib ki, Atambayevin həbsxanada olmasına baxmayaraq onların qisasçılıq hərəkətləri nəticəsində ölkədə siyasi durum kəskinləşəcək və bütün bunlar da Qırğızıstanı vətəndaş müharibəsinə sürükləyəcək.
Lakin Atambayevin həbsini yalnız Qırğızıstanın daxili işi hesab etmək çətindir. Çünki eks prezidentin həbsi öncədən hansısa xarici ölkədə hazırlanmış ssenarini xatırladır. Bu məsələdə onların daxili faktorlardan istifadə etdikləri ehtimal edilir. Təbii ki, Qırğızıstanı xaricdən qarışdıran ölkələr dedikdə ağla ilk növbədə Rusiya və ABŞ, həmçinin Çin gəlir. Çünki həmin ölkələrin Qırğızıstanda xüsusi maraqları mövcuddur. Məsələyə münasibət bildirən rusiyalı politoloq “Yeni Rusiya” ictimai-siyasi hərəkatının lideri, Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev oxu.az-a açıqlamasında deyib ki, . Qırğızıstanın müxtəlif milli və klan tərkibi elədir ki, bu dövlətdə siyasi münaqişə qaçılmaz faktordu: “Qırğızısıtan xarici təsirdən, o cümlədən, Rusiyadan çox asılıdır. Rusiya Qırğızıstanın yüz milyonlarla kredit borcunu silir və milyardlarla dollar həcmində yeni investisiyalar yatırır. Lakin hazırda baş verənlər Çin və ABŞ arasındakı oyundur”
Xatırladaq ki, eks prezident Bakiyevin devrilməsindən sonra hakimiyyətə gətirilən Almazbek Atambayev ABŞ hərbi qüvvələrinin ölkədən çıxarılmasına nail oldu və bunun əvəzində Rusiyadan 2 milyard dollara yaxın maliyyə yardımı aldı. Atambayevin dövründə Rusiya Qırğızıstanda 3 hərbi baza yaratdı. Lakin son dövrlərdə Atambayev daha çox türk birliyindən danışırdı və bu, Moskvada aşkar narazılıqla qarşılanırdı. Bu baxımdan Atambayevın həbsində Rusiya izinin olması istisna edilmir. Çünki Rusiya Atambayevi hakimiyyətdən salaraq onun yerinə… gətirsə də narahat idi. Belə ki, digər dövlətlər hakimiyyətdən salındığına görə, Moskvadan inciyən Atambayevdən Rusiyaya qarşı istifadə edə bilərdilər. Əgər Atambayev də digər devrilimiş iki prezident Əsgər Akayev və Kurmanbek Bakiyev kimi ölkədən xaricə Rusiyaya getsəydi, onda Moskva üçün təhlükə mənbəyi olmayacaqdı. Ona görə də belə ehtimal edilir ki, Atambayevin həbsində və ümumiyyətlə adı çəkilən ölkədə baş verən son hadisələrdə Rusiyanın əli var. Atambayevin həbsində Rusiya və Çin ehtimalına gəlincə bu məntiqi baxımdan ağlabatan hesab edilmir. Belə ki, Qırğızıstan Rusiya xüsusi xidmət orqanların tam nəzarəti altındadır və belə bir vəziyyətdə ABŞ və Çinin bölgədə rəncli inqilab etməsi qeyri-mümkün görünür.
Xatırladaq ki, bundan əvvəlki prezidentlər Əsgər Akayev və Kurmanbek Bakiyevin də devrilməsində Moskvanın rolu olub. Bakiyevin günahı isə ABŞ-ın Qırğızıstandakı fəaliyyətinə göz yummasi idi.
Bu baxımdan Qırğızıstanda pərdəarxası siyasi oyunlar davam edir və ölkənin indiki prezidentini də özündən əvvəlki üç prezidentin taleyinin gözləyəcəyi istisna edilmir
Əziz Mustafa