Almaniyanın Stendal əyalətində çoxbloklu yaşayış binası iki ildir binası boş qalıb və yerli hakimiyyət binanın gələcək aqibətini müəyyənləşdirmək üzərində baş sındırır. Lakin binanın Azərbaycandan olan sahibi vəfat edib və bu səbəbdən mülkiyyət hüququnun kimdə olması məsələsi mübahisəlidir.
Virtualaz.org xəbər verir ki, bu binanın əhvalatı haqda Almaniya mətbuatı yazır.
Yerli sahibkar Otto Fassbender bu ilin fevral ayında bildirib ki, o, 250 mənzilli binanı satın almaq və onu təmir edib qaçqınların, tələbələrin, tənha qocaların ixtiyarına vermək istərdi. Lakin sənədləşdirmə ilə bağlı problemlər var. Çünki bunun üçün uzaq Azərbaycandan icazə almaq lazımdır.
Binanın sahibi vəfat edib və Türkiyədən iki qadın özünü onun varisi adlandırıb. Onlar mülkiyyətin varisi olduqlarına dair sənədləri göndəriblər. Sənədlərdə binanın sahibi kimi Türkiyə şirkəti “Raks-AG” göstərilir. Şirkət Azərbaycandan olan investora məxsusdur. Hazırda o, sağ deyil. İndi binaya dair sərəncam vermək üçün Azərbaycandan sənədlər alınmalıdır. Bu isə xeyli vaxt aparır. Sahibkar deyir ki, o, Türkiyədən olan varislərlə telefon və internetlə əlaqə saxlayırdı. Lakin bu ölkədə vəziyyət gərginləşdiyindən 14 gündür ki, onlardan xəbər yoxdur.
Bina xeyli müddətdir istifadəsizdir, kommunal xidmətlərə görə yüz minlərlə avro borcu yaranıb və 2014-cü ildən içməli su təchizatı kəsilib. Daha sonra binanın işığını da kəsiblər.