Allah aşkarda etdiklərimizi də, gizlədiklərimizi də bilir

0
764

 

“Məgər onlar bilmirlərmi ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir?!” (əl-Bəqərə, 2/77)

Rəbbimiz Allah hər şeyə gücü çatan və bütün nöqsanlardan uzaq, uca bir yaradandır. O, bütün mükəmməl vəsflərə sahibdir. Hər şeyə gücü çatan və hər canlıya ruzisini verən Odur. Rəbbimiz biz bəndələrinə hər an nəzarət edərək, etdiklərimizin ən incə təfərrüatına qədər hər şeydən xəbərdardır. Yuxarıda məalını verdiyimiz ayədə də Rəbbimiz xarici ilə daxili fərqli olan və dilləriylə “inandıq” deyib, qəlbən inanmayan münafiqlərə səslənir. Yəni içimizdəki həqiqəti gizləsək də, açıqlasaq da, Allah hamısından xəbərdardır.

Rəbbimiz Qurani-Kərimin bir çox yerində bu məsələni fərqli şəkillərdə vurğulamışdır. Uca Yaradanımızın bu mövzuya bu qədər geniş yer verməsinin səbəblərindən biri biz bəndələrinin qəlblərinə “Allahın bizi hər an gördüyü” əqidəsini yerləşdirməkdir. Beləcə bütün düşüncə, inanc və davranışlarımızda Ona layiq bir bəndə olmağımız mümkün olacaqdır.

Rəbbimiz elə bir yaradandır ki, O, bizim könlümüzün mahiyyətini bilir. Yaradan yaratdığı qulların daxilini bilməzmi? Loğman surəsində bu məsələ haqda bir nümunə ilə belə bəhs edilmişdir:

“(Loğman öyüd-nəsihətinə davam edərək) dedi:

“Oğlum, bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu ortaya gətirər. Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir), (hərşeydən) xəbərdardır!” (Loğman, 31/16).

Belə bir uca Yaradanın hüzurunda biz necə günah işləyə və başqalarınm haqlarını poza bilərik? Madam ki, O, harada olsaq da bizimlə bərabərdir, madam ki, “Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamm altıncısı Odur” (əl-Mücadələ, 58/7), elə isə gizli-açıq danışdığımız hər sözə diqqət etməli və hesabını verə bilməyəcəyimiz söz və davranışlardan uzaq durmalıyıq. Bir ayədə belə buyrulur:

“And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!” (Qaf, 50/16).

O, bizə bizdən daha yaxındır. Elə isə biz unutsaq da, Allah hər an bizimlə birlikdədir.

Bizim vəzifəmiz Onun bizi hər yerdə gördüyünə səmimi şəkildə inanaraq məsuliyyətlərimizi yerinə yetirməkdir. Bizi görən biri varkən haramlardan uzaq durur, amma tənha olduğumuz zaman bu haramları işləyə biliriksə, bu ayələri qəlbimizə bir daha oxuyub, özümüzə belə səslənməliyik: Ey nəfsim! Sən Allahın hər an səni gördüyünü və harda olursan-ol etdiklərindən hesaba çəkəcəyini bilmirsənmi?

O halda biz Allahın bizi hər an gördüyünə və gizli-açıq söylədiklərimizi bildiyinə inanmış insanlar olaraq əvvəlcə söz və davranışlarımızda dürüst olmağa çalışmalı, harda olursaq-olaq haqqaniyyətdən və ədalətdən əsla ayrılmamalıyıq.

Bu mövzuda sevimli Peyğəmbərimizin (Allahın salamı Onun üzərinə olsun!) bir hədisi-şərifi ilə söhbətimizi tamamlamaq istəyirik. Həzrəti-Muhamməd (Allahın salamı Onun üzərinə olsun!) buyurur ki, ehsan – Allah-Taalanı görürmüş kimi Ona ibadət və itaət etməkdir; sən Onu görməsən də Onun hər an səni gördüyünə əmin olmaqdır.

Göründüyü kimi, sevimli Peyğəmbərimizin çox gözəl bir üslubla açıqladığı ehsan anlayışı yuxarıda haqqında bəhs edilən ayəni necə də təsdiqləyir.

Allah-Taala bizlərə bütün varlığımızla, hüceyrələrimizə qədər Onun varlığına, birliyini əmin olmağı, hər an qarşımızda görürmüş kimi Ona ibadət və itaət eləmək şərəfi, ucalığı nəsib buyursun!


Nə Məmməd, nə Məhəmməd, ən doğrusu Muhamməd

Məmməd, Məhəmməd ölkəmizdə oğlan uşaqlarına verilən ən populyar adlar arasındadır. Əslində Məmməd adı Məhəmməd adının qısaldılmış variantıdır. Türkiyədə isə bu adı Mehmet şəklinə salıblar. Digər müsəlman xalqlarında və ya toplumlarında da bu adın fərqli variantlarına rəst gəlmək mümkündür.

İndi də bu adın ehtiva elədiyi mənaya qısa da olsa nəzər salaq. Bu adı daşıyan ilk insan sevimli Peyğəmbərimiz Həzrəti-Muhamməddir (Allahın salamı Onun üzərinə olsun!). Bəli, bəli, Məhəmməd yox, Muhamməd. Bu gözəl ad öyülmüş, yiksək dəyər verilmiş, həmd olunmuş mənalarını daşıyır.

Bir məsələ də var ki, hər kəs övladına ad seçəndə hansısa niyyəti əsas tutur. Əgər sən ad seçəndə dini düşüncəni ön planda tutursansa, yəni verdiyin adın o övladın Allaha layiqli qul, Peyğəmbərə gözəl ümmət olması üçün bir dua, bir səbəb olmasını istəyirsənsə, əlbəttə, bu niyyət qarşılıqsız qalmaz. Yox əgər atanın, babanın adını övladında davam etdirmək istəyisənsə, bu da bir seçimdir. Amma yeri gəlmişkən onu da xatırladaq ki, hər valideyn övladına hansı adı və hansı niyyətlə verdiyinə görə cavab verməli olacaq.

Qayıdaq söhbətin mabədinə. Siz övladınıza ad seçirsiniz. O övladın Peyğəmbərimizin yolunda olmasını istədiyiniz üçün adını ya Məmməd, ya da Məhəmməd qoyursunuz. Allah-Taala sizin bu niyyətinizi inşallah qarşılıqsız qoymaz. Amma tam həqiqəti istəyirsinizsə, o ad nə Məmməddir, nə Məhəmməddir, Muhamməddır. Əgər diqqət eləmisinizsə, son illərdə ölkəmizdə çap olunan Quran məallarında da o ad Muhamməd kimi yazılmaqdadır.

BIR CAVAB BURAXIN