Ağızdan gələn spirt qoxusuna görə protokol yazıla bilməz – DYP

0
598

”Ola bilər ki, yol patrul xidməti əməkdaşı sürücü ilə ünsiyyətdə olarkən alkoqol qoxusunu hiss etsin…”

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (DYPİ) sərxoş sürücülərin necə aşkarlanması ilə bağlı mətbuatda yayılan “Ağız iyləməklə protokol yazıla bilməz!” başlıqlı məqaləyə və yazıdakı fikirlərə münasibət bildirib.

“Report”un xəbərinə görə, DYPİ-nin şöbə rəisi Kamran Əliyev bildirib ki, sürücülərə yalnız ağızdan gələn spirt qoxusuna görə inzibati protokol yazılmır və yazıla da bilməz: “Ola bilər ki, yol patrul xidməti əməkdaşı sürücü ilə ünsiyyətdə olarkən alkoqol qoxusunu hiss etsin və onun sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsindən şübhələnsin. Lakin bu şübhə heç bir əməkdaşa əsas vermir ki, o, ağız qoxusuna görə inzibati protokol tərtib etsin. Sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə olunmasına görə inzibati xəta haqqında protokol yalnız Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun şəkildə müayinədən keçirildikdən sonra tərtib edilə bilər. Həmin Qaydaların tələblərinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi onun nəfəsindən alkoqollu içki qoxusu gəldiyi, ayaq üstə sərbəst dayana bilmədiyi və ya özünü idarə edə bilmədiyi kimi əlamətlərdən biri müşahidə olunduqda YPX inspektorlarının istifadəsində olan texniki vasitələrin, yəni alkotester və ya narkotesterin köməyi ilə həyata keçirilir”.

K.Əliyev “həkim tərəfindən qan analizinin nəticələri bəlli olduqdan sonra protokol yazıla bilər” fikikrlərinə də münasibət bildirib. Onun sözlərinə görə, qaydalarda konkret göstərilib ki, şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir: “Həmin Qaydalarda o da qeyd olunub ki, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir.

Odur ki, xüsusi texniki vasitə ilə müayinədən keçməkdən imtina etməyən və müayinənin nəticəsi ilə razılaşan şəxsin barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi qanunvericiliyin tələblərinə uyğundur”.
Xatırladaq ki, sentyabrın 27-də həkim Vasif İsmayıl mətbuata açıqlamasında bildirib ki, spirtli içkinin qoxusunun gəlməsi sürücünün sərxoş olması demək deyil: “Əsas olan qanda çıxan spirtin normasıdır. Yol polisi yoxladığı cihazla protokol tərtib edə bilməz. Həkim tərəfindən qan analizinin nəticələri bəlli olduqdan sonra protokol yazıla bilər”.

BIR CAVAB BURAXIN